SON DƏQİQƏ

Ətraf mühitin mühafizəsi ilə əlaqədar sahibkarlarla görüş - Nərimanovda

Tarix:15-08-2018, 11:04

Nərimanov rayonunda ətraf mühitin mühafizəsi ilə əlaqədar sahibkarlarla görüş keçirilib

 

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyivə Bakı Şəhər İcra Hakimiyyətinin birgə təşəbbüsü ilə Nərimanov Rayon İcra Hakimiyyətində "ictimai-iaşə obyektlərində ətraf mühitin mühafizəsi vəziyyəti” mövzusunda rayonda fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib.

Görüşdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Rasim Quliyev, Bakı Şəhər Ticarət və Xidmət Departamentinin sədri Ramiz Hacıyev, Nərimanov Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov və rayonda fəaliyyət göstərən ictimai iaşə obyektlərinin rəhbərləri, sahibkarlar iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahmar İbadov rayonda fəaliyyət göstərən sahibkarlardan atmosfer havasının çirkləndirilməməsini, müvafiq qanunvericiliyin tələblərinə uyğun fəaliyyətin təmin edilməsini, əhalinin sağlamlığına zərər verən halların qarşısının alınması üçün müvafiq tədbirlərin görülməsinin zəruriliyini qeyd edib, qaldırılan məsələlərin vacibliyini vurğulayıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Aparat rəhbəri Vüqar Kərimov çıxışında ekoloji problemlərin həlli məqsədilə nazirlik tərəfindən intensiv tədbirlərin həyata keçirildiyini sahibkarların diqqətinə çatdırıb. Eyni zamanda V.Kərimov qeyd edib ki, müasir standartlara uyğun təmizləyici qurğuları olmayan şadlıq evləri, restoranlar və ictimai-iaşə obyektlərinin fəaliyyəti nəticəsində atmosferə külli miqdarda tüstü və müxtəlif zərərli qaz qarışıqları atılır ki, bu da havanın lokal xarakterli çirklənməsinə, ətrafda yaşayan sakinlərin sağlamlığına zərər vurulmağına səbəb olur.   

Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Rasim Quliyev çıxışında sahibkarlara öz fəaliyyətlərini yenidən nəzərdən keçirərək qanunvericiliyin tələblərinə uyğunlaşdırmalı olduqlarını bildirib və bu tələbləri pozanlara qarşı sərt tədbirlərin görüləcəyini deyib.

Görüşdə  restoran və şadlıq evlərinin sahiblərinə bildirilib ki, atmosfer havasına atılan zərərli qazların, tüstünün və  qoxunun qarşısını almaq üçün restoranların tüstü bacalarında müasir standartlara cavab verən xüsusi filtrlər quraşdırsınlar.  Əks halda restoran və şadlıq evlərinin sahibləri barəsində cərimə tədbirləri görüləcəkdir. Bundan sonra isə daha sərt addımlar atılmaqla həmin ictimai-iaşə müəssisələrinin fəaliyyətlərinin dayandırılması ilə bağlı müvafiq qurumlara müraciətlər ediləcəkdir. Qarşıdakı günlərdə görüşlərdə iştirak etməyən, tövsiyə və tapşırıqlara əməl etməyən, qanunvericiliyin tələblərini pozan obyekt sahibləri barədə sərt tədbirlərin görülməsinə başlanılacaqdır.

Görüşdə o da xüsusi olaraq vurğulanıb ki, məqsəd restoran və şadlıq evlərinin sahiblərini cərimələmək deyil, problemi aradan qaldırmaqdır. Əgər belə olsaydı, heç bir xəbərdarlıq olmadan obyekt sahibləri indiyədək qanunamüvafiq qaydada cərimə olunardılar. Görüşün nəticəsi olaraq isə ictimai-iaşə obyektlərinin sahiblərinə təmizləyici qurğuların quraşdırılması üçün daha 15 gün əlavə vaxt verilib. Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən rayonda fəaliyyət göstərən ictimai-iaşə obyektlərinə yenidən müvafiq bildirişlər paylanılıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ