SON DƏQİQƏ

Fədayə Laçın: "Bizə şəraiti polislər yaratmışdı, çay da verdilər. Bir neçə dəqiqə Etibarla söhbət etmişəm".

Tarix:13-08-2018, 13:52

Müğənni Fədayə Laçın və həbs edilən digər şəxslərin məhkəməsi davam etdirilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Fədayə Laçın, Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev, Penitensiar xidmətin üç əməkdaşı - qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov, Əli Ağami, Günay Atakişiyeva, taksi sürücüsü Məhəmməd Hacıyevlə yanaşı, Aqil Nəcəfov, Anar Əsgərov, İsrəfil Soltanov, Şahmar Bəyəlizadə və Tərlan Zeynalovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Azad Məcidovun sədrliyi ilə keçirilən məhkəmə iclasında həbs edilən müğənni Fədayə Laçın ifadə verib.

F.Laçın təqsirləndirilən şəxslərdən yalnız Aqil Nəcəfovu tanıdığını bildirib.

İfadəsində "Qoca" ləqəbli Etibar Məmmədovla tanışlığından danışan F.Laçın bunları qeyd edib:

"Etibarın qardaşının toyuna dəvət almışdım. Sonra onun ad günündə iştirak etdim və orada tanış oldum. Etibar şair idi. Mənə yazdığı şerləri, qəzəlləri göndərirdi. Sonradan onunla münasibətimiz belə yarandı".

F.Laçın Etibar Məmmədov həbs edildikdən sonra onunla görüşə getdiyini də deyib:

"Həbsxanaya yanına gedib-gəlirdim. Onunla şerləri, mahnıları müzakirə edirdik. Axırıncı dəfə Etibarın yanına gedəndə məndən açar istədi. Açarın nəyə lazım olduğunu soruşanda dedi ki, qəfəs var, onu açacaq. Söhbət zamanı ona bacımın Azərbaycan Dəmir Yollarında işlədiyini demişdim. Buna görə də məndən açar istədi. Heç bilməzdim ki, Etibar qatardan qaçar. Əvvəl açara görə bir neçə gün telefonumu söndürdüm. Sonra Aqil açara görə mənə zəng elədi. Mən də bacıma zəng etdim. Açarı başqa adamdan Aqil götürdü. Sonra da məlum hadisə baş verdi".

O, hadisədən sonra Baş prokurorluğa çağırıldığını deyib.

"Qoca" Lənkərana etap edilən zaman onunla görüşdüyünü söyləyən F.Laçın qatarda mahnıya qulaq addıqlarını qeyd edib:

"Etibar mənə zəng elədi. Mən də həmin gün Lənkəranda toyda idim. Sonra onunla görüşdüm. Sonuncu dəfə Etibarla Bakıda vağzalda görüşdüm. Bizim görüşümüzə qaravul rəisi Ceyhun Səmədov icazə verdi. Çantamı aldı üstümə baxış keçirdi. Qatarda telefonumda olan mahnılara qulaq asdı. Etibat Ceyhundan icazə istəmişdi. Etibarın qaçmağına inanmırdım".

Suallara cavab verən F.Laçın "Qoca"nın cinayətkar olduğunu onu tanıyandan sonra bildiyini deyib.

F.Laçın "Qoca"ya verilən açarı görmədyini, onun qaçdığını mətbuatdan öyrəndiyini deyib:

"Etibar qaçandan sonra mənimlə əlaqə saxlamadı. Mən Etibarla qatarda görüşəndə nə Ceyhun Səmədova, nə də digərlərinə pul verməmişəm. Çünkü mənə hörmət edirdilər. Hətta yol polisləri məni yolda saxlayanda belə, hörmət edib, buraxıblar. Çünkü məni onlar bir müğənni kimi yaxşı tanıyırdılar. Etibarla Bakıda qatarda görüşümüzdə Ceyhun Səmədovdan xəbərsiz onunla şəkil çəkdirdim. Hətta orada Əli Ağaminin də Etibarla şəklini çəkdim. Bakı İstintaq Təcridxanasında E.Məmmədovla 3 dəfə görüşmüşəm. Lənkəranda isə icazə ilə onunla görüşdüm. Bizə şəraiti polislər yaratmışdı, çay da verdilər. Bir neçə dəqiqə Etibarla söhbət etmişəm".

Hakim qeyd edib ki, zənglərin çoxu gecə saatlarında baş verib: "Ən uzun danışıq isə 4030 saniyə (67 dəqiqə) olub. Həmin vaxt Fədayə Laçın Etibara zəng edib".

Bunu F.Laçın özü də təsdiqləyib. O deyib ki, Etibar ona, o da Etibara zəng edirdi. F.Laçın zəng etməsinin səbəbini belə izah edib: "Çünkü gecələr yata bilmirdim, onunla danışırdım".

Məlum olub ki, F.Laçın "Qoca" həbsdə olan zaman onunla 32 dəfə telefonla danışıb.

"Qoca"a qaçmaq üçün mindiyi taksinin sürücüsü də məhkəmədə dindirilib.

Həbs edilən Məhəmməd Hacıyev həmin ərəfədə Sumqayıtda taksi fəaliyyəti ilə məşğul olduğunu söyləyib. "Qoca"nı digər həbs edilən Günay Atakişiyeva vasitəsi ilə tanıdığını deyən Məhəmməd Hacıyev hədələndiyi üçün ona kömək etdiyini deyib:

"Günay xanım zəng edib Etibarı aparmaq lazım olduğunu bildirdi. Yeni çatmışdım ki, qapı döyüldü, Etibar içəri daxil oldu. Əvvəl qapıda Etibarla söhbət etdik, dedi ki, artıq-əskik olmasın, hara lazımdır, ora da sür. Mən onunla pul söhbəti aparmamışam. Əvvəl Sumqayıtdan Qaradağa apardım. Postda geri qayıtdıq, Günay nömrə aldı. Sonra getdik və Ağstafada həbs edildik. Etibar məni təhdid etdi. Mən də qorxduğum üçün onları apardım".

Bildirək ki, iş üzrə 7 nəfər - Müzəffər Məmmədov, Emil Səfərov, Ramil Səlimov, Hətəm Əliyev, Vüsal Abbasov, Rövşən Camalov və Rəşad Məmmədov zərərçəkmiş var.

Həbs edilənlərdən Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı B.Abdullayev Cinayət Məcəlləsinin 308.2-ci (əzifə səlahiyyətlərindən sui-istifadə etmək) maddəsi ilə yanaşı 179.3.1 (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə də ittiham olunur.

B.Abdullayev Cinayət Məcəlləsinin 179-cu (mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmək) maddəsi də ittiham irəli sürülüb.

Səs-küylü hadisə ötən il oktyabrın 23-də baş verib. Bakı-Astara-Bakı planlı dəmir yolu qarovulu ilə xüsusi təyinatlı vaqonda Bakı şəhərinə etap olunan xüsusilə ağır cinayətlərlə təqsirləndirilməklə həbs edilmiş "Qoca" ləqəbli Etibar Ələkbər oğlu Məmmədov və Əli Rasim oğlu Ağami Biləcəri qəsəbəsi ərazisində müşayiət altından qaçıblar.

Vəzifə borclarını lazımınca yerinə yetirmədiklərinə görə ədliyyə nazirinin əmri ilə Penitensiar xidmətin Konvoy taborunun komandiri, ədliyyə polkovnik-leytenantı Bəhruz Abdullayev və taborun Qərargah rəisi vəzifəsini icra edən, ədliyyə mayoru Hikmət Sadıqov ədliyyə orqanlarından xaric edilib, taborun 2-ci konvoy bölüyünün komandiri, ədliyyə kapitanı Ruslan Zeynalov, 3-cü bölüyün komandiri, ədliyyə kapitanı Rza Xankişiyev və Qərargah rəisinin konvoy xidməti üzrə baş köməkçisi, ədliyyə kapitanı Rakif Məmmədov tutduqları vəzifədən azad olunublar.

Məhbuslara nəzarət edən qarovul rəisi Ceyhun Səmədov, qarovul rəisinin müavini Fuad Hacıyev və qarovul rəisinin digər müavini Tural Poladxanov saxlanılıb və məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 304.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən azadlıqdan məhrum etmə və ya həbs yerindən, yaxud mühafizə altından qaçma) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işi başlanmaqla istintaq qrupu yaradılıb, dərhal təxirəsalınmaz istintaq hərəkətləri aparılıb.

Bildirək ki, mühafizə altından qaçan Əli Ağami həbs olunub, kriminal aləmdə "Qoca" ləqəbi ilə tanınan Etibar Məmmədov isə hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat zamanı öldürülüb. "Qoca" ilə sevgi münasibəti olan müğənni Fədayə Laçın da ona kömək etdiyi üçün həbs edilib. Əli Ağami və "Qoca" adam öldürməyə görə həns edilmişdilər. Əli Ağami törətdiyi əmələ görə 19 il müddətinə azadlıqdan məhrum edilib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ