SON DƏQİQƏ

Nərimanovda Yeniyetmə və gənclərə narkomaniya qarşı esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsinin silsilə təlimləri davam edir

Tarix:1-06-2018, 20:41

Nərimanov rayonunda "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsinin silsilə təlimləri davam edir.

31 may 2018-ci il tarixdə Azərbaycan Dövlət Dəmir Yol Liseyində Azərbaycan Respublikası Prezidenti yanında Qeyri Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi, Nərimanov Rayon Gənclər və İdman İdarəsi və "Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsinin növbəti təlimi keçirilib. 
Təlimdə "Yeni Gələcək” Gənclərin Maarifləndirməsi İctimai Birliyinin baş katibi Röya Rzayeva, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov, Azərbaycan Dövlət Dəmir Yol Liseyinin direktoru Həsən Bayramov, 7 saylı xəstəxananın həkim-infeksionisti Arzu Pənahova, Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşi üzrə Bölmənin rəisi polis-mayoru Rüstəm Rüstəmov və 50 nəfər fəal gənc iştirak etmişlər. 
İlk öncə qonaqları salamlayan Azərbaycan Dövlət Dəmir Yol Liseyinin direktoru Həsən Bayramov tədbirin mahiyyəti və gənclər üçün faydası barədə danışaraq qeyd etdi ki, narkomaniya ilə mübarizə sağlam cəmiyyətin formalaşması baxımından əsas məqsəd və vəzifələrdəndir. Azərbaycanın dövlət siyasətində başlıca vəzifə olan, sağlam nəslin formalaşması istiqamətində həyata keçirilən tədbirlər sırasında mühüm istiqamət kimi diqqət yetirilən narkomaniya ilə mübarizə kampaniya xarakterli deyil, davamlı siyasətdir.
Sonra Nərimanov Rayon Gənclər və İdman İdarəsinin aparıcı məsləhətçisi Vüsal Ömərov layihənin əhəmiyyəti və məqsədi haqqında geniş məlumat verərək bildirdi ki, layihənin əsas məqsədi yeniyetmə və gəncləri narkomaniya barədə məlumatlandırmaq və bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar haqqında maarifləndirmək, yeniyetmə və gəncləri sağlamlığı ön plana çəkməyə və narkotik qəbul etməməyə çağırmaq, narkomaniya xəstəliyi, onunla mübarizə, bu xəstəliyin cəmiyyətdə yaratdığı fəsadlar və insan sağlamlığına vurduğu zərərlər haqqında maarifləndirilməsi və bu istiqamətdə aparılan işlərə yeniyetmə və gənclərin cəlb edilməsidir. Eyni zamanda V.Ömərov vurğuladı ki, cəmiyyətdə "ağ ölüm” kimi tanınan narkomaniya bəlası insan həyatında sağalmaz fəsadlar yaradır desək, yanılmarıq. Bəşəriyyət üçün bəla olan, irqindən, yaşından, dinindən asılı olmayaraq bütün xalqları , millətləri düşündürən ən ağrılı problemlərdən biri də narkomaniyadır. Silah, insan alveri, orqanların transferi kimi təhlükəli bəlalarla eyni səviyyədə qorxulu olan cəmiyyətin ciddi bəlasına, xalqın, millətin təhlükə mənbəyinə çevrilən narkomaniya (geniş mənada narkotizm) vurğulandığı kimi, sərhəd tanımayan, qlobal xarakter daşıyan beynəlxalq problemə çevrilib.
Mövzu ətrafında çıxış edən 7 saylı xəstəxananın həkim-infeksionisti Arzu Pənahova qeyd etdi ki, bu problemin həllinə xidmət edən mühüm addımlardan biri kimi xüsusi ilə yeniyetmə və gənclər arasında maarifləndirmə işlərinin genişləndirilməsi prioritet məsələdir. Narkotik maddələrin gənclər və yeniyetmələr arasında daha çox yayılma təhlükəsini nəzərə alaraq, bir çox ölkələrdə "Narkotiksiz gələcək naminə” milli proqramların qəbulu da təbii ki, sağlam gələcəyimiz üçün məsuliyyət hissindən yaranan vətəndaş borcudur. A.Pənahova eyni zamanda qeyd etdi ki, bu proqramlara təhsil, səhiyyə ocaqlarında, hüquq mühafizə orqanlarında və digər təşkilatlarda narkomaniyanın ziyanı barədə maarifləndirilmə kampaniyaları daxildir. Keçirilən tədbirlərin kütləvi informasiya vasitələrində işıqlandırılması, internet şəbəkəsində yerləşdirilməsi mütləqdir. O da məlumdur ki, bəşəriyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədilə BMT iyun ayının 26-nı Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr də bəlli olur, daha səylə çalışmaq üçün sitmul yaranır.
Son çıxış edən Nərimanov Rayon Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanların İşi üzrə Bölmənin rəisi polis-mayoru Rüstəm Rüstəmov vurğulayıb ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra digər məsələlər kimi, bu problemin də həlli öndə saxlanıldı. Bir Azərbaycan vətəndaşı olaraq müstəqilliyimizin ilk illərində, dövlətçiliyimizin və müstəqilliyimizin təhlükə altında, Azərbaycanın ağır durumla üz-üzə qaldığı illərdə üzləşdiyimiz çətinliyi qeyd etməmək mümkün deyil. Azərbaycan müstəqil bir dövlət kimi varlığını itirmək təhlükəsi ilə üz-üzə qalmışdır. Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışı ölkəmizin qarşısında böyük imkanların yaranmasına stimul oldu. R.Rüstəmov qeyd etdi ki, Azərbaycanda ictimai-siyasi durumun sabitliyi, normal iqtisadi mühitin yaradılması ölkəmizin iqtisadi qüdrətini daha da artırdı. Təbii ki, bu xatırlatmamız səbəbsiz deyil. Müstəqilliyimizin təhlükə altında qaldığı 1990-cı illərin axırlarında ölkəmizdəki özbaşınalıq, hakimiyyətsizlik, gənclərə diqqətin unudulması, narkomanlığa aludəçilik üçün münbit şərait yaratdı. Ulu öndər Heydər Əliyevin gənclərə diqqəti artırması bu bəlanın da qarşısını aldı. 
Sonra qonaqlar gəncləri maraqlandıran sualları cavablandırmışlar.
Sonda "Yeniyetmə və gənclərə narkomaniya və onun törətdiyi fəsadların çatdırılması üçün maarifləndirilmə işinin aparılması, esse və rəsm müsabiqəsinin keçirilməsi" layihəsi çərçivəsində keçirilən esse və rəsm müsabiqələrində fərqlənən məktəblilər fəxri fərmanla mükafatlandırılmışlar.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ