www.DOGRU.tv - Onlayn Televiziya » Ölkə İçi » Xaçmazın Rusiya ilə sərhəd kəndləri kürdləşdirilir

Xaçmazın Rusiya ilə sərhəd kəndləri kürdləşdirilir

Bölmə: Ölkə İçi
  Xaçmazın Rusiya ilə sərhəd kəndləri kürdləşdirilir
Generallardan biri Vasif Talıbovun xahişi ilə rayonun keçmiş Xraxoba kəndinə yezidi kürdlər yerləşdirir; Palıdlıda “lələ köçüb, yurdu qalıb“...
...Xaçmazın keçmiş Xraxoba kəndindəyik. Bu kəndi Rusiya sərhədindən 70-80 kilometr ayırır. İndiki adı Palıdlı olan bu kənddə “lələ köçüb, yurdu” qalıb. Vaxtilə Rusiya pasportu daşıyanların məskəni olan kənd işğaldan sonrakı əraziyə oxşayır: qıfıllı qapılar, pəncərəsi açıq evlər, səssiz-səmirsiz küçələr, hətta bir adam belə tapmaq olmur. Bura Azərbaycan ərazisi olsa da, kənd daha çox Rusiyanın anklavı hesab olunurdu. Çünki 1954-cü ildə Azərbaycan bu kəndləri otlaq üçün Dağıstana icarəyə vermişdi.


1984-cü ildə isə Azərbaycan SSR Nazirlər Kabineti icarə müddətini 2004-cü ilə qədər uzadıb. 6 il ərzində həllini tapmayan bu məsələ 2010-cu ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Dmitri Medvedyev arasında keçirilən görüşdə çözülüb və Azərbaycanın ərazisi kimi qəbul edilib.

Bundan sonra Milli Məclisin qərarı ilə Xraxobanın adı dəyişdirilərək Palıdlı olub. Bütün bu dəyişikliklərdən sonra kənddə yaşayan Rusiya vətəndaşları buradan köçürülüb. Biz isə kənddə qalan və cibində Rusiya pasportu daşıyan bu yerin adamlarının nə düşündüyünü öyrənmək üçün yolumuzu Palıdlıya saldıq.

Ancaq tamamilə boşaldılmış bir kənd qarşımıza çıxdı. Rusiya vətəndaşı olanlar köçürülüb, hökumət əmlaklarına görə onlara kompensasiya ödəyib, bir nəfər belə kənddə qalmayıb. Bu köç prosesini həyata keçirmək isə generallardan birinə tapşırılıb.

İndi Palıdlı bomboşdur. Onun yaxınlığında yeni yaşayış massivi salınıb, 26 həyət evi, bir müasir məktəb tikilib. Burada iki generalın - Həzi Aslanov və Cəmşid Naxçıvanskinin adını daşıyan küçələr var. Massivdə yeni tikilən evlərin qapısını döyürük.

Onlardan yalnız birində 30-35 yaşlı adam qarşımıza çıxır. Onun ləhcəsindən Naxçıvandan olması hiss olunur. Deyir ki, suallarımızı kəndə nəzarət edən Mahir müəllim icazə verdikdən sonra cavablaya bilər. Mahir müəllimin telefonunu istəyirik, qəti şəkildə imtina edir: “Mən onun nömrəsini verə bilmərəm”.

Buradakı təzə evlərin darvazaları açıqdır, əksəriyyətində yaşayış olduğu hiss olunur, amma kimin qapısını döyürüksə heç kim səs vermir. Yaxınlıqdakı məlumat lövhəsində Heydər Əliyev Fondunun inşa etdiyi qeyd olunan məktəbə üz tuturuq. Məktəbin qarşısında özünü mühafizəçi kimi təqdim edən gənc qabağımızı kəsir.

O da məktəbə daxil olmağımız üçün Mahir müəllimdən icazə almalı olduğumuzu söyləyir və əlavə edir ki, çəkiliş apardığımızı görüb ona məruzə edib. Az keçmir ki, Mahir müəllim “Niva” markalı maşında bizə tərəf gəlir, amma saxlamayıb keçib gedir. Mühafizəçi bunun səbəbini bilmədiyini, bizi isə içəri buraxmayacağını söyləyir. Onu dilə tutub məktəb direktorunun əlaqə nömrəsini alırıq.

Palıdlı orta məktəbin direktoru Əbdürrəhim Yaqubov bizimlə söhbətində deyir ki, təhsil ocağı yanvardan fəaliyyətə başlayıb: “Məktəb bütün tələblərə cavab verir. İstilik sistemi ilə təchiz olunub, işıqlandırılıb, səliqə-sahman öz yerində. Məktəbin 60 şagirdi var. Ümumilikdə 200 şagirdin təhsili üçün nəzərdə tutulub. Hazırda 9-cu sinfə qədər dərslər var. Gələn ildən 10-cu sinif tədris olunacaq. Məktəbdə Dədəli kəndindən müəllimlər dərs deyir. Burada Nağıoba, Yaquboba, Palıdlı, Dədəli və digər qonşu kəndlərin şagirdləri təhsil alır”.

Direktorun sözlərinə görə, bu kənddə ruslar olmayıb. Rusiya vətəndaşı olan ləzgilər yaşayıb ki, onlar da artıq kəndi tərk ediblər. Ondan ayrılıb, kəndin içərisini gəzirik. Bütün qapılar qıfıllanıb, evlərin şüşələri qırılıb, həyətdə ağaclar tumurcuqlanıb, alaq otları kənara yığılaraq yandırılıb, küçələri ot dizə qədər basıb.

Amma elektrik xətləri, artezian quyuları işlək vəziyyətdədir. Sanki buranın camaatı qorxunc bir təlatümdən diksinərək evlərini tərk ediblər. Kənddə 60-70 ev var ki, əl gəzdirib yaşamaq mümkündür. Kəndin köhnə məktəb binası, kitabxanası da qıfıllanıb.
Kimisə görmək ümidi ilə bir saatdan çox kənd küçələrində gəzintimiz boşa çıxır. Kənddə olarkən buradakı vəziyyətin niyə belə gizlin saxlanması, insanların qapalı olması, danışmaqdan qaçmasını aydınlaşdırmağa çalışırıq. Kəndin boş küçələrini gəzdikcə özlüyümüzdə sual edirik ki, əgər Azərbaycan dövləti kənddəki evləri əvvəlki sahiblərindən satın alıbsa, niyə belə boşdur? Niyə görə bu evlərə məcburi köçkünlər, yaxud ehtiyacı olan evsizlər məskunlaşdırılmayıb? Və yaxınlıqdakı kəndlərdə evlərə ehtiyacı olan sakinlərə ən azı güzəştli kreditlə satıla bilərdi. Amma niyə satılmayıb?

Elə bu sualları özümüzə verərək kəndi tərk edirik. Kəndin ortasında isə velosipedlə yolu keçən birini görüb sevinirik. Davranışından hiss olunur ki, bizdən çəkinir, suallarımıza “bilmirəm” deyə cavab verir. Bircə onu deyir ki, Yaquboba kəndinə yasa gəlibmiş, indi evinə - Nağıobaya gedir. Kənddə iki evin həyətində maşın olduğunu görürük. Amma həmin evlərin qapısına çöldən böyük qıfıl vurulub.

Məhz həmin iki həyətdən birində velosiped, zivədən asılmış paltarlar, zəncirlənmiş itin şahidi olmağımız belə deməyə əsas yaradır ki, burada yaşayış var. Ancaq evin darvazasını israrla döyəcləsək də, qabağımıza kimsə çıxmır. Ümidsiz şəkildə kənddən çıxhaçıxda bir başqa kəndin sakini ilə qarşılaşırıq. O, Mahir adlı şəxsdən qorxduğu üçün adının çəkilməsini istəmir:

“Ona görə istəmirəm ki, adım çəkilsin, bilsələr Mahir Quliyev məni bu kənddən köçürlər. Bax o təzə massivin tikintisinə generalın (kənd sakini generalın adını da çəkir, ancaq biz bunu dəqiqləşdirə bilmədiyimiz üçün ad çəkmirik-red.) əmisi rəhbərlik edib. Bu evlərə kürdləri də Naxçıvandan generalın əmisi - Mahir müəllim gətirib yerləşdirib. Həmin evdə yaşayan da Emin adlı kürddür. Onu Mahir müəllim kəndə qarovulçu təyin edib.
Kəndin yaxınlığında da gördüyünüz kimi, təzə evlər tikiblər. 26 evdir, 15-də artıq yaşayış var. Yenə də 26 ev tikəcəklər. Həmin təzə evlərə yerləşənlər yezidi kürdlərdir. Deyilənə görə, bunu generaldan Vasif Talıbov xahiş edib. Belə getsə, Xaçmazda milli zəmində ədavət olacaq".

Kənd sakini deyir ki, xaçmazlı bir nəfər Xraxobadakı evlərdən birini almaq istəyib: “Necə gəlmişdisə, elə də getdi. Ona başa saldılar ki, bu yer generalındır. Burdan nə xaçmazlı, nə xudatlı ev ala bilər. Vaxtilə burada yaşamış ləzgilər pensiyanı, maaşı Rusiyadan alırdılar.

Onları burdan köçürdülər. İndi iki nəfər qalıb ki, biri Xaçmazın özündə, biri Bakıda yaşayır. Heç kim Xraxobadan ev ala bilmir. İstəyirlər ki, kürdləri kəndə yerləşdirsinlər. Əgər Rusiya vətəndaşını çıxarıb, kürdləri yerləşdirəcəkdilərsə, ləzgilər qalmışdı da. Üz-gözümüz onlara öyrəşmişdi".

Kənddə bar-bəhrə vermiş fındıq, gilas, xurma ağaclarının meyvəsindən danışan kənd sakini deyir ki, M.Quliyev heç kimi bu məhsullara yaxın buraxmır: “Qusarçaydan işçi qüvvəsi gətirdir. Hamısı mer-meyvəni yığır, maşınlara doldurub satmağa göndərir. Bizi heç buraxar bu ağaclara yaxın duraq? Onlar özlərini kəndin ağası sayırlar”. Sonra öyrənirik ki, təzə tikilən evlərdən birini jurnalistə veriblər.

“Təzə yaşayış massivi salıblar, düz ediblər. Çünki buna qədər yollar pis gündə idi, qaz üzünə həsrət qalmışdıq. General o evləri tikdirdi, kürdləri gətirdi, onların hesabına bizim də yollar asfaltlandı, evlərimizə qaz çəkildi” - bunu isə qonşu Dədəli kəndindəki sakinlər bizimlə söhbətdə deyirlər. Onların dediyinə görə, Rusiya vətəndaşlarının köç etməsindən sonra kəndə kürdlər sahiblənib.