SON DƏQİQƏ

Sabiq məmurlara hansı halda cinayət işi açıla bilər?

Tarix:14-05-2018, 12:11

Hökumətin yeni tərkibi formalaşdırılan zaman nazir postunu itirmiş şəxslər barədə hər gün müxtəlif ittihamlar səsləndirilir. Hazırda sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov, eks-kənd təsərrüfatı naziri Heydər Əsədov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin keçmiş sədri Əli Həsənovun adı ciddi korrupsiya faktlarında hallanmaqdadır. 

 

Ayrı-ayrı mətbuat orqanlarında dərc olunan və müxtəlif mənbələrə istinadən verilən məlumatlarla yanaşı, artıq rəsmi xəbərlər də gəlməkdədir. 
Məsələn, "Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqında” adlı rəsmi hesabatda Azərbaycanda vəfat etmiş 181 nəfərə qanunsuz olaraq pensiya yazıldığı açıqlanıb.

Sənəddə göstərilib ki, aparılmış audit tədbirləri 2016-cı il üzrə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) məcburi dövlət sosial sığortası üzrə gəlirlərinin və xərclərinin proqnozlaşdırılmasında mövcud potensialın qiymətləndirilməsi, gəlirlərin və xərclərin icra vəziyyətini əhatə edib. Hesabatda bildirilib ki, qeyd olunan dövrdə qeyri-büdcə sektoru üzrə debitor borcların aradan qaldırılması istiqamətində Fondun fəaliyyəti həmin tədbirləri tam əhatə etməyib.

Auditin başlanıldığı tarixə 181 halda pensiya alan şəxslərin vəfat etdiyi tarixdən sonra hesabların bağlanılmadığı, həmin hesablara ödənişlərin davam etdirilərək 624,5 min manat, 35 şəxsin, eyni zamanda Fondun iki müxtəlif yerli orqanından əmək pensiyası aldığı və nəticədə onlara ikiqat pensiya ödənilərək, ümumilikdə 319,1 min manat məbləğində vəsait ödənildiyi məlum olub.

Dövlət Sosial Müdafiə Fondu uzun illər eks-əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun birbaşa nəzarətində olub.

Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev  deyib ki, vəzifədən çıxarılmaq həmin şəxslərə qarşı yürüdülmüş kampaniya deyil:

"Bu, təbii idarəetmədə dəyişikliklərdir. Hər zaman bir şəxs vəzifəyə təyin oluna bilər. Bir müddət sonra şəxsin və ya şəxslərin vəzifədən azad olunmasını da normal qarşılamaq lazımdır. Bu o demək deyil ki, məmur vəzifədən göndəriləndən sonra ona qarşı mütləq cinayət işi qaldırılacaq. Hansısa vəzifəli şəxsin əməllərində, işlərinin icrasında nöqsanlara yol verdiyi, qanunsuz hərəkətlərin olduğu müəyyənləşərsə, bu da araşdırma tələb edir. Amma bu gün hansısa mətbuat orqanının mənbəyi göstərilməyən məlumatlarına istinad etməklə vəzifəsini itirmiş şəxsləri qaralamaq, onları hansısa korrupsiyada ittiham etmək, hansısa cinayətdə iştirakı barədə iddia irəli sürmək doğru deyil”.

 

Ə.Nuriyevin sözlərinə görə, konkret şəxs barəsində yalnız və yalnız cinayət prossessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada cinayət işi qaldırıla bilər:

"Bu məlumatlar rəsmi orqanlar tərəfindən veriləndən sonra bu barədə fikir söyləmək, mülahizə irəli sürmək olar. O ki qaldı hansısa rəsmi məlumatların səsləndirilmədən şəxsi və ya şəxsləri nələrdəsə ittiham etmək, ona cəza kəsmək doğru deyil. Bizdə şayiələr geniş yayılıb. Şayiələrə istinad etmək düzgün olmazdı. Hesablama Palatasının hesabatına gəldikdə, rəsmi məlumatdan sonra mütləq araşdırma aparılacaq. Sözügedən qurumda hansısa nöqsanlar, mənimsəmə, vəzifədən sui-istifadə halları olubsa, hüquq-mühafizə orqanları tərəfindən mütləq hüquqi qiymətini alacaq”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ