SON DƏQİQƏ

Özəl klinikalara dövlət nəzarəti, yoxsa inhisar təzyiqi?

Tarix:28-04-2018, 00:03

Özəl klinika: "Qiymətlər baha deyil”

Ombudsman Elmira Süleymanova parlamentə hesabat verərkən özəl klinikalara nəzarət edilməsini təklif edib. Bunu da həmin klinikalarda müayinə və müalicə ilə bağlı ciddi pozuntuların mövcudluğu və qiymətlərin çox baha olması ilə əsaslandırıb.

"Atlas” klinikasında çalışan həkim Zaur Vəlicanov AzadlıqRadiosuna deyib: "Özəl xəstəxanalarda və ya klinikalarda qiymətlər bir o qədər də baha deyil. Sadəcə, bu qiymətlər camaatın aldığı məvacibə uyğun deyil. Həmin məvaciblə müqayisədə özəl səhiyyə müəssisələrindəki qiymətlər baha görünə bilər”.

Ombudsmanın müalicə və ya müayinə zamanı pozuntular haqda dediklərinə isə Vəlicanov belə cavab verir: "Bu, tibb sahəsidir. İstər özəl sektor olsun, istərsə də dövlət sektoru, burda yüzdə yüz nəticə əldə etmək mümkün deyil. Bunun təminatı yoxdur”.

"Rəqabət olanda qiymət də optimallaşacaq”

İşadamı, Bakıdakı özəl klinikalardan birinin rəhbəri Nazim Bəydəmirli ombudsmanın vətəndaşlardan gələn şikayət əsasında bu cür təkliflə çıxış etməsinə inanmır. O, Elmira Süleymanovanın çıxışını "özəl sektora monopoliyanın basqısının artırılması, məmur sahibkarlığına dəstək” kimi dəyərləndirir.

Nazim Bəydəmirli özəl tibb müəssisələrində qiymətin baha olması haqda söylənilənləri də rədd edir, deyir ki, dövlət xəstəxanalarında qiymət qat-qat yüksəkdir:

"Dövlət xəstəxanaları dövlət büdcəsi hesabına rekonstruksiya olunur, onlara avadanlıq verilir, maaş alırlar, eyni zamanda, bəziləri özəl sektor kimi fəaliyyət göstərərək "təsərrüfat hesablı” adı altında biznes şəbəkələri qurublar. Təəssüf ki, dövlət nəzdində olan klinikalarla bağlı neqativ halları gündəmə gətirmək əvəzinə özəl sektora, sahibkarlıq fəaliyyətinə müdaxilə edilir və özəl sektora qarşı qara PR aparılır. Bu, dövlətin iqtisadiyyata birbaşa müdaxiləsini sürətləndirir”.

Nazim Bəydəmirlinin fikrincə, vətəndaşların tibb sahəsində qarşılaşdıqları problemlər özəl sektordan qaynaqlanmır. Onun fikrincə "əksinə, dövlət sektorunun hələ də hegemonluğuna səbəb müxtəlif klinikalara lisenziya verilməsinin məhdudlaşdırılması, rəqabətin olmamasıdır”:

"İnzibati yollarla fəaliyyət növləri məhdudlaşdırılır. Niyə özəl klinikalarda bir sıra cərrahiyyə əməliyyatlarının aparılması süni şəkildə məhdudlaşdırılır? Niyə bu sektora lisenziya verilməsində problem yaradılır? Bunlar məmur sahibkarlığının özəl sektora təzyiq vasitəsidir. Özüm 2003-cü ildən klinika sahibiyəm, bu sahədəki problemləri gözəl bilirəm. Əslində, bütün problemlər özəl sektorun yetərincə müstəqil olmamasından qaynaqlanır. Rəqabət olanda qiymətlər də optimillaşacaq”.

Adil Qeybulla: "Bu, genefondun müdafiəsində olan quruma qara yaxmaqdır”

Tibb elmləri doktoru, professor Adil Qeybulla deyir ki, özəl tibb müəssisələrində qiymət məsələsinə Səhiyyə Nazirliyi nəzarət edə bilməz. O, qiymətlərin azad bazar iqtisadiyyatının tələbinə uyğun müəyyənləşdiyini bildirir:

"Səhiyyə Nazirliyi isə müalicə işlərinə nəzarət edə bilər. Tutalım, hansısa özəl klinikada qanunsuz müalicə üsulları tətbiq edilib və ya başqa fəaliyyət var? Müalicə ilə bağlı şikayət varsa, lazımı instansiyalar xüsusi ekspertiza təyin edir, komissiya yaradılır və araşdırma aparılır. Ombudsmanın dedikləri təqsirsizlik prezumpsiyasının pozulmasıdır. Bu, genefondun müdafiəsində olan quruma qara yaxmaqdır”.

Deputat: "Nəzarət deyən kimi ağıllarına "narodnı kontrol”, "oboxeis” gəlir”

Milli Məclisin Səhiyyə Komitəsinin üzvü, Yeni Azərbaycan Partiyasından olan deputat Məlahət İbrahimqızı isə hesab edir ki, Azərbaycanda son illər rəqabətədavamlı özəl klinikalar yaranıb və orda yaxşı həkimlər çalışır. Amma bununla belə, o, ombudsmanın fikirlərinə dəstək verir. Deputat daha keyfiyyətli tibbi xidmət üçün Səhiyyə Nazirliyinin özəl müəssisələrə nəzarətini vacib sayır:

"Bizim insanlar nəzarət sözündən qorxurlar. Nəzarət deyən kimi ağıllarına "narodnı kontrol”, "oboxeis” gəlir. Ona görə də insanlar təşvişə düşür. Amma əlbəttə, ölkədə istər özəl, istərsə də dövlət müəssisələri, nəzarətdə olmalıdır, fəaliyyətləri tənzimlənməlidir. Türkiyəni götürək. Orda Səhiyyə Nazirliyi hansısa özəl klinika haqda desə ki, burda məsələn, filan dərman məhlulunda problem var, vəssalam, o batdı. Türkiyədə Səhiyyə Nazirliyi bu baxımdan güclüdür. Azərbaycanda niyə olmasın? Bu yaxınlarda özəl klinikalardan birinə getdim. Kifayət qədər xəstə vardı, amma qayda-qanun, səliqə-sahman yox idi. Mən özüm sovet vaxtı baş həkim işləmişəm. Orda gördüklərimin yüzdə birini sovet vaxtında görmək olmazdı. Bazar iqtisadiyyatı anarxiya demək deyil, axı. Demək istədiyim odur ki, özəl klinikalara da nəzarət edilməlidir. Bu, sağlamlıq müəssisəsidir, insanın səhhətinə görə məsuliyyət daşıyır, necə ola bilər nəzarət olmasın?”

"Qiymətlər uyğunlaşdırılmalıdır”

Məlahət İbrahimqızı xarici ölkələrlə müqayisədə Azərbaycanda qiymətlərin ucuz olduğu qənaətindədir. Amma dərhal da əlavə edir ki, bu qiymətlər vətəndaşların maaşı ilə uyğunlaşdırılmalıdır. Onun sözlərinə görə, özəl klinikalar özləri də təşəbbüskar olmalı, bəzi pasientlərə güzəştlər etməli, kampaniyalar keçirməlidirlər.

Klinika sahibi Nazim Bəydəmirli düşünür ki, əksinə vətəndaşların maaşının aşağı olması özəl klinikaların günahı deyil:

"Bu, ölkədəki problemlərlə bağlıdır, ikili mühasibatlıqdan, vergilərin düzgün toplanmamasından asılıdır. Səbəbləri aradan qaldırmaq lazımdır. Vətəndaşlar tibbi sığorta ilə təmin olunmalıdırlar və bu zaman özəl klinikalar arasında ayrı-seçkilik qoyulmamalıdır, sığorta sistemi inhisarlaşdırılmamalıdır”,

Adil Qeybulla: "Vətəndaş getsin dövlət klinikasına"

Professor Adil Qeybulla isə sual edir: "Vətəndaş nə bilir ki, qiymət həqiqətən bahadır?”. Bu suala özü də cavab verir: "Vətəndaş bunu cibinə görə müəyyən edir. Vətəndaş getsin dövlət klinikasına. Özəl klinikanı seçirsə, onun şərtlərinə də əməl etməlidir”.


Bu günlərdə 3 yaşlı oğlunu həkimə aparan Vaqif Səfərli isə başına gələnləri bölüşür. O danışır ki, həmin gün dövlət poliklinikasında burun-qulaq həkimi ikinci növbəymiş, birinci növbədəsə həkim yoxmuş:

"Uşaq poliklinikasındakı ikinci həkim çıxıb Almaniyaya gedib. Yerinə kimisə götürməyiblər. O boyda poliklinikada bircə qulaq həkimi var, təsəvvür edin. Uşaq səhərə kimi yatmayıb. Gözünü üzümüzə dikib çarə istəyir. Necə deyim ki, oğul, gözlə həkim saat 2-də gələcək? Məcbur qalıb bizim poliklinikada işləyən həkimin işlədiyi özəl klinikaya getdik. 30 manat ödəmə etdik. Həmin gün dövlət poliklinikasında ikinci həkim olsaydı, özələ ayağımı da basmazdım. Həkim həmin həkimdir, aparat həmin aparat. Uzaqbaşı burda hörmət edib cibinə 5 manat basacaqdım”.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ