SON DƏQİQƏ

“Neçə saatdı burdayam, hələ növbəm çatmayıb"”, - bir vaksinləmə məntəqəsindən reportaj

Tarix:8-06-2021, 02:05

Bakının Nərimanov rayonunda yerləşən 8 saylı poliklinikanın arxa tərəfində bir neçə adam kölgəlikdə özünə yer eləyib, əksəriyyəti günün altında olsa da, dəmir qapının ağzına toplaşıb. Koronavirusa görə vaksin olunmaq üçün, girişi binanın arxasındakı qapıdan olan xüsusi peyvənd məntəqəsi yaradılıb.


Poliklinikanın yanına yığışanlardan aralanan hündürboylu bir kişi əllərini yelləyir: "Biabırçılıqdı, vallah, biabırçılıqdı, neçə saatdı buradayam. Hələ növbə çatmayıb".

"Niyə bu camaatın başına oyun açırlar?", - pensiyası kəsilən insanların harayı
Koronavirus vaksini vurdurmasam nə olar?
Peyvənd vurdurmaq istəyən vətəndaşların çoxu səhər tezdən gəldiyini, amma gələrkən burda artıq onlarla adamın olduğunu görüblər.

"İşdən tələb edirlər, vaksin vurdurmalıyam, onlayn növbə götürmüşəm, amma gəlirəm ki, burada nə qədər adam var, saatlardır gözləyirəm,"- adını söyləmək istəməyən bir kişi BBC News Azərbaycanca müxbirlərinə yaxınlaşıb şikayətlənir.

Nazirlər Kabinetinin qərarına görə, pandemiya şəraitində bəzi xidmətlərdən istifadə etmək üçün həm vətəndaşlar, həm də işçilərdən vaksin olunduğunu sübut edən, o cümlədən, koronavirusa yoluxma nəticəsində immunitet yaranmasını göstərən Covid19 pasportu tələb olunacaq.

"Növbəsiz çox adam içəri keçir"
Bura yığışanların əksəriyyəti İcbari Tibbi Sığortanın tövsiyə etdiyi randevu.its.gov.az -dan onlayn növbə götürsə də, gəlib poliklinikada canlı növbə ilə rastlaşıblar.

"Öz aramızda növbə düzəltdik, çünki növbəsiz çox adam içəri keçir," deyə bura yığışanlardan biri siyahıda 175-ci olduğunu əlavə edir.

randevu.its.gov.az-dan saat 11:00-12:00- üçün növbə götürənlərdən biri səhər saatlarından poliklinikaya gəlib ki, növbə olsa, çox da gecikməsin. Amma deyir, saat 12 də olub, amma o, hələ də növbə gözləyir.

Peyvənd gözləyənlərdən biri deyir ki, onlara günlük 220 vaksin dozasının olduğu deyilib, növbədə isə 260 adam var.

İnsanları içəri on-on buraxırlar. Birdən dəmir qapının qarşısında hay-küy qalxır. Əlində kağızlar olan bir kişi siyahını dəqiqləşdirir. Bir qadın səhər 7-nin yarısından gəlib, saat 1 olsa da hələ keçə bilmədiyini, "113-cü adam olduğunu" deyir, digəri kimisə "onun haqqına girməkdə" günahlandırır.

Vaksin vurulan poliklinika
Onlayn növbə
BBC News Azərbaycanca 8 saylı poliklinikanın rəhbərliyi ilə əlaqə saxlaya bilməyib.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) bildirir ki, qurum insanlara yalnız onlayn növbə ilə peyvənd vurdurmağa getməyi tövsiyə edir.

Lakin qurum sözçüsü Aynurə Əhmədova onu da deyir ki, insanlar birbaşa növbəsiz poliklinikalara yaxınlaşanda, tibb işçiləri onlara vaksin vurmaqdan imtina etmir.

Qurumdan bildirirlər ki, "COVID-19 vaksin randevu" elektron xidmətində göstərilən vaxt aralığının müddəti 1 saatdır. Məsələn, 09:00-10:00. Vətəndaşlara həftənin bazar günü istisna olmaqla hər gün saat 09:00-dan 19:00-a qədər xidmət göstərilir.

"Peyvənd məntəqələrində vaksin otaqlarının sayından asılı olaraq hər saat aralığı (məsələn, 09:00-10:00) üzrə limitlər təyin olunub. Məsələn, bir peyvənd məntəqəsində həmin saat aralığında 10 nəfər qəbul olunursa, digər peyvənd məntəqəsində həmin saat aralığında 20 nəfər qəbul olunur. Limitlər peyvənd məntəqələrinə görə fərqlidir və mütəmadi olaraq dəyişə bilər," - qurum bildirir.

Səhiyyə Nazirliyindən bəzi poliklinikalarda növbə ilə bağlı yaranmış problemdən xəbərdar olduqlarını, buna görə də yalnız onlayn növbə götürənlərin peyvənd üçün qəbul edildiklərini deyir.

Nazirlik BBC News Azərbaycancaya verdiyi yazılı açıqlamasında vaksin yetərsizliyi olmadığını, peyvəndin poliklinikalar arasında əhali sayına və tələbata uyğun paylandığını da əlavə ediblər.

Azərbaycanda koronavirus testini harada verə bilərəm? - 8 suala cavabda
Koronavirus ötən ilin avqustundamı başlayıb?
Aradan qaldırılan məhdudiyyətlər və vaksin tələbi
Nazirlər Kabinetinin qərarına görə, iyunun 10-dan dini ibadət yerləri, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri fəaliyyətə başlayacaq.

Lakin bəzi məkanlara getmək üçün Covid19 pasportu tələb olunacaq.

Covid pasportu koronavurusa yoluxub sağalmış şəxslərə immunitet sertifikatını ehtiva edir. Vaksinləşmə prosesi zamanı iki peyvənd dozasını alanlara vaksinasiya şəhadətnaməsi veriləcək.

Vətəndaşlar bu sənədləri E-gov.az-dan və ya e-təbib-dən əldə edə bilirlər.

İyulun 1-dən bəzi iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin Covid19 pasportuna malik olması istəniləcək, əks halda bu obyektlər bağlana bilər.

Bu sənəd ilkin mərhələdə idman və sağlamlıq bərpa mərkəzlərində tələb olunacaq, sonralar isə kinoteatrlarda, konsertlərdə, toylarda da bu üsuldan istifadə ediləcək, Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

Yaşı 18-dən aşağı olan şəxslərdən Covid19 pasportu istənilmir.

Vaksin vurulan poliklinika
"Əhalinin 20 faizi vaksin olunub"
Azərbaycanda koronavirus infeksiyasına qarşı vaksinasiya kampaniyası bu ilin yanvar ayından başlanıb.

Prezident İlham Əliyev deyib ki, artıq Azərbaycanda 2 milyon doza peyvənd istifadə edilib.

Bu peyvəndin təxminən 99 faizi "Sinovak", qalanı isə "AstraZeneca" və "Sputnik"-dir, cənab Əliyev Ümumdünya Səhiyyə Assambleyasının 74-cü sessiyasında videoformatda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu rəqəm əhalinin 20 faizi deməkdir.

Artıq ölkədə 18 yaşdan yuxarı bütün vətəndaşlar könüllü olaraq peyvənd oluna bilərlər.

Azərbaycanda koronavirus infenksiyasına ilk dəfə 2020-ci ilin fevralında rast gəlinib.

Ölkədə bu günədək 334 minə qədər koronavirus infeksiyasına yoluxma faktı müəyyən edilib, 5 minə yaxın adam bu virusdan ölüb.

Ölkədə vurulan vaksin dozalarının sayı 2 milyon 253 min 216-dır.

Birinci mərhələ üzrə vaksinasiyadan keçənlərin sayı 1 milyon 400 minə yaxın, ikinci mərhələ üzrə peyvənd olunanların sayı 900 mindən çoxdur.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ