SON DƏQİQƏ

Şabranda feodalizm dövrü məktəbi

Tarix:9-01-2018, 23:29

İcra başçısı və Təhsil şöbəsi nədən Başəmirxanlı kənd sakinlərinin problemlərinə biganədir?

Son illər Azərbaycanda təhsil sahəsində mühüm işlər görülsə də, bir sıra problemlər təəssüf ki, hələ də qalmaqdadır. Onu da qeyd edək ki, dövlət məmurları, xüsusən də təhsil sahəsinə cavabdeh olan səlahiyytəli şəxslər tez-tez bir məsələni vurğulayırlar: son illər Azərbaycan xeyli məktəblər tikilib, təmirə ehtiyacı olan məktəblər təmir edilib, orta məktəblərin madi-texniki bazası gücləndirilib və s. Ədalət naminə qeyd edək ki, həm paytaxtda, həm də regionlarımızda yeni məktəblərin tikintisi, bəzilərinin isə təmiri ilə bağlı xeyli işlər görülüb. Lakin elə məktəblər də vardır ki, tikintisi on illər öncə başlasa da, hələ də başa çatdırılmayıb. Təhsil sahəsində qabarıq nəzərə çarpan digər bir məsələ isə təhsilin keyfiyyətidir. İşıqlı, yaraşıqlı məktəblər tikilsə də, çox təəssüflər olsun ki, orta məktəblərdə təhsilin keyfiyyəti hələ də bərbad vəziyyətdə qalmaqda davam edir. Bu gün heç kimə sirr deyil ki, repetitor insititutu orta məktəblərin fəaliyyətini kölgədə qoyub. Elə məhz buna görə də valideynlər övladlarını orta məktblərdən daha çox repetotorlara etibar edirlər. Bu isə əlbəttə, pulsuz başa gəlmir. Başqa sözlə, Azərbaycanda orta dövlət təhsili pulsuz olsa da, əslində reallıqda vəziyyət tamamilə başqa cürdür. Pulun hökm sürdüyü təhsil sahəsində validenynlərin şikayətləndiyi digər problem isə şagirdlər arasında diskriminasiya problemidir. Bu, az qala istisnasız olaraq, bütün məktəblərə aiddir. By günün gerçəkliyi ondan ibarətdir ki, şagirdlər bacarığına görə deyil, daha çox valideynlərinin imkanlarına görə qiymətləndirilirlər. Kəsəsi, orta məktəblərdə varlı və kasıb uşaqlarına qarşı ayrıseçkilik edilir, birincilərə daha çox üstünlük verilir. 

Redaksiyamıza daxil olan növbəti şikayət məktubu da elə sadaladığımız problemlərlə bağlıdır. Şikayət məktubu isə Şabran rayonundan daxil olub.
Rayonun Başəmirxanlı kənd sakinləri yazırlar ki, kənddə orta məktəbinin tikintisinə 1988-1990-cı illər arası qərar verilib: "Bundan sonra həmin məktəbin təməli qoyuldu və tikintisi yarımçıq saxlanıldı. 1997 və 1998-ci illərdə həmin məktəbin 1-ci mərtəbəsi başdansovdu hazırlandı. İkinci mərtəbəsi tam tikintisiz qalır. Birinci mərtəbəni təmir etməklərinə baxmayaraq, orada keçilən təhsil sıfır vəziyyətindədir”.

Kənd sakinləri yazırlar ki, məktəb direktoru Atakişi İbrahimov müəllimlərə nəzarəti başlı-başına buraxıb: "Bu səbəbdən müəllimlər şagirdlər arasında ayrı-seçkilik salır. Belə ki, kənd məktəbində müəllimlər siniflərdə varlı ailələrinin övladlarını ön partalarda əyləşdirir və onlara xüsusi dərs keçirlər. Ancaq kasıb ailələrin övladları arxa sırada diqqətdən kənar vəziyyətdə saxlanılır. Bu da hansısa maraqlar əsasında həyata keçirilir”.
Sakinlər bildirirlər ki, Başəmirxanlı kənd orta məktəbinin istilik sistemi bərbad vəziyyətdədir: "Belə ki, kənd məktəbi bu günə qədər qazlaşdırılmadığına görə hal-hazırda odun peçlərindən istifadə olunur. Odun sobalarından düzgün istifadə olunmur. Yəni, ocaqçı gündə bir dəfə gələrək peçləri necə gəldi yandırır və məktəbi tüstüyə bürüyüb gedir. O, bununla da işini bitmiş hesab edir”.
Başəmirxanlı kənd sakinlərinin narazılığı həm də ondan ibarətdir ki, qonşuluqda yerləşən Vələsli kəndində 30-40 təsərrüfat olmasına baxmayaraq, həmin kəndin məktəbi 2 mərtəbədən ibarətdir və məktbədə bütün şərait var: "Ancaq bizim kənd 350 təsərrüfat olmağına baxmayaraq, məktəbimiz normal standartlara cavab vermir. Yəni, bərbad vəziyyətdədir. Sanki rayon rəhbərliyinin Başəmirxanlı kəndi ilə hansısa bir ədavəti var.
Bizi adam yerinə qoymurlar. Övladlarımızın gələcəyinin necə olacağını bilmirik. Buna görə də kimin ayağı yer tutursa, kəndi tərk edib başqa şəhərlərdə ev kirayəliyir və iş qurur ki, övladını oxuda bilsin”.
Kənd sakinləri redaksiyamıza ünvanladıqları şikayət məktubunda bildirirlər ki, Şabran rayon Təhsil Şöbəsinin rəhbərliyi Başəmirxanlı kəndini gözdən-könüldən uzaq sayıb, baş verənləri Təhsil Nazirliyindən gizlədə bilir. Sakinlər redaksiyamızdan xahiş edir ki, problemlərini qəzetimiz vasitəsi ilə nazirliyin diqqətinə çatdıraq.
Sakinlər bildirir ki, məktəb direktorunun oğlu Nişad İbrahimov ibtidai sinif müəllimi işləməyinə baxmayaraq, şagirdlərə lazımi təhsil verə bilmir. Belə ki, bu cür müəllimlərdən bir neçəsi də işlə təmin olunublar.
Sakinlər onu da bildirir ki, yaşadıqları kəndin qazı yoxdur. Baxmayaraq ki, kənd Bakının 150 kilometrliyində yerləşir. Kənddə təsərrüfat işləri ilə məşqul olmaq mümkün deyil. Buna səbəb suyun və örüş yerinin olmamasıdır.
Kənd sakinlərinin sözlərinə görə, onlar sözün həqiqi mənasında olmazın zülmünü çəkirlər: "Meşədən kəndimizə çəkilən suyu "Qalaaltı” sanatoriyası ətrafında yerləşən restoranlara çəkiblər. Buna görə də kənd susuz qalıb. Hətta kəndin yuxarı başında işləməyən artezian olsa da, onu bərpa edən yoxdur. İcra başçısı N.Novruzovun başı öz işlərinə o qədər qarışıb ki, rəhbəri olduğu rayonun kəndlərinə belə nəzarəti itirib. Yollar da bərbad vəziyyətdədir”.
Şikayətçilər bildirirlər ki, "Azəryol” ASC və "Azərkörpü” ASC kəndin yollarını istifadə zamanı dağıdıb. Ancaq dağılan yolları bərpa etməkdən boyun qaçırırlar. Sakinlər bildirir ki, "Azərkörpü” ASC öz üzərinə düşən yolun bir hissəsini bərpa etsə də, "Azəryol” ASC hələ də dağıtdığı yolu bərpa etməyib.
Beləliklə, Başəmirxanlı kəndində, eləcə də buradakı orta məktəbdə dözülməz vəziyyət yaranıb. Validenylər məktəbdəki dözülməz vəziyyətdən və təhsilin keyfiyyətindən olduqca narazıdırlar. Ümid edirik ki, Təhsil Nazirliyi, eləcə də Şabran Rayon Təhsil Şöbəsi bu yazıdakı faktlara diqqət yetirəcək və adı çəkilən məktəbdə həm normal şəraitin yardaılması, həm də təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində tədbir görəcəklər. Kənddə su, qaz, yol və digər problemlərə gəlincə isə bu, ilk növbədə rayonun icra başçısını və müvafiq dövlət strukturlarının məsuliyyət daşıdığı bir məsələdir. Ümid edirik ki, bu yazıdan sonra, icra başçısı, eləcə də yol, su və qaz məsələsinə məsul olan dövlət qurumları kənd sakinlərinin narahatlığına həssaslıqla yanaşacaq və onların problemlərinin həllinə yardımçı olacaqlar.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ