SON DƏQİQƏ

Uşaqlar məktəblərdə niyə donur - Qubanın soyuq sinif otaqları

Tarix:25-11-2017, 23:16

Qubada məktəblər istiliklə təmin edilmədiyindən, şagirdlər sinifdə papaq və palto ilə oturmağa məcburdular. İstiliyin olmaması davamiyyətə də təsir edib, hava kəskin soyuyandan sonra əksəriyyət övladını məktəbə buraxmaq istəmir. Amma yalnız Quba məktəbləri deyil, paytaxt Bakı da daxil olmaqla, bölgələrdə təhsil müəssisələrinin istiliklə təminatında problemlər var. Baxmayaraq ki, mövsümün əvvəlində həm "Azəriqaz” İstehsalat Birliyi, həm də "Azəristiliktəchizat” ASC ümumtəhsil müəssisələrinin istiliklə təminatında problemlər olmayacağını vəd etmişdi.


 

Qubanın soyuq sinif otaqları

"Rayonun mərkəzindəki 8 məktəbdə istilik yoxdur. Hava kəskin soyuyan kimi uşaqları məktəbə göndərə bilmirik”, - Quda rayon sakini Məmməd Rüstəmov virtualaz.org-a şikayətində bildirir. Onun sözlərinə görə, məktəbin direktoruna elektrik sobası almağı təklif ediblər. Amma direktor işıq puluna görə valideynlərin təklifi ilə razılaşmayıb: "Rayon mərkəzindəki bütün məktəblərlə maraqlandıq, bəlli oldu ki, 8 məktəbin heç birində istilik yoxdur. Quba rayon təhsil şöbəsindən isə problemin "Azəriqaz”la bağlı olduğunu dedilər”.



Quba sakini Nəcibə Əliyeva isə ucqar dağ kəndlərindən fərqli olaraq, rayon mərkəzindəki məktəblərdə istilik sistemi quraşdırıldığını deyir: "Məktəblərdə istilik sistemi var, amma elə bil bəzək üçün quraşdırıblar. Qış ayında istilik olmur, ya da verilən istiliklə sinifi isitmir. Ona görə də qızımı məktəbə göndərmək istəmirəm, uşaq tez-tez xəstələnir”.

 

Bakı məktəbləri donur...

Paytaxtın əksər məktəbində istilik problemi var. Xüsusilə də, Bakıətrafı kənd və qəsəbələrdə məktəblərə istilik verilmir. Məsələn, Hövsan qəsəbəsindəki 76 saylı məktəbin müəllimlərinin sözlərinə görə, təzyiq o qədər aşağıdır ki, verilən istilik şam istisindən fərqlənmir. Yarım saat əlini qızdırıcıya yapışdırmalısan ki, istiliyi hiss edəsən. Yeni Suraxanı qəsəbəsindəki 89, Əmircan qəsəbəsində 114 saylı orta məktəbdə də şagirdlərə altdan geyinib, üstən qıfıllanmağı tapşırıblar. 116, 308, 169, 138 saylı məktəblərin valideynləri də sinif otaqlarının soyuq olmasından şikayətçidirlər.

 

"Şikayət yoxdur”?!

Bunu isə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov iddia edir. Onun sözlərinə görə, hələlik idarəyə hər hansı bir məktəbdən istiliklə bağlı şikayət daxil olmayıb. "Bəzi məktəblərin fərdi qazanxana sistemi var, bəziləri "Azəristiliktəchizat” tərəfindən qızdırılır. Buna görə də, əvvəlcə şikayətçi məktəbin hansı mənbədən istilik aldığını araşdırmaq lazımdır. İdarəyə müraciət daxil olarsa, problemin nədən qaynaqlandığını bilmək olar”, - Məmmədov söyləyib.



Sektor müdiri bu qış istiliklə bağlı problem yarandığı halda dərhal müdaxilə ediləcəyini də söyləyib.

Təhsil Nazirliyindən isə bildiriblər ki, Qubadakı məktəblərin istilik problemi həll olunur. Artıq məktəblərin fərdi qazanxanalarına qaz verilib. Bundan sonra isə qubalı şagirdlərin canı qızınacaq.

 

"Dərdlərini sizə deyil, bizə söyləsinlər”

"Azəristiliktəchizat” ASC-nin abonent və müştəri xidmətlərinin rəisi Rafiq Əliyev məsləhət görür ki, şikayətçi mətbuata üz tutmaqdansa, müştəri xidmətlərinə məlumat versin: "Bakı şəhərində 140 məktəbi istiliklə təmin edirik. Noyabrın 15-dən indiyədək nə valideynlər, nə məktəb direktorları, nə də Təhsil Nazirliyi tərəfindən müraciət daxil olmayıb. Yəqin ki, fərdi qazanxana sisteminə qoşulan məktəblərdə problem yaranıb”.



R.Əliyevə müraciət edən məktəblərin əksəriyyətinin "Azəristiliktəchizat” tərəfindən istiliklə təmin olunduğunu, lakin təzyiqin aşağı olması səbəbindən siniflərin qızmamasını xatırladırıq. "Havalar kəskin soyuyan kimi istiliyə təlabat artır, nəticədə, qazın təzyiqi azalır. Ancaq qazanxanaların fəaliyyəti ilə bağlı idarəyə mütəmadi məlumatlar verilir, daxil olan müraciətlər araşdırılır. Qazın təzyiqi aşağı düşən kimi "Azəriqaz”a müraciət edirik. Qazanxanalarda təzyiq tədricən artırılır, sadəcə olaraq, bu proses vaxt aparır”.

 

"Azəriqaz”la pul söhbəti...

Hələ ilin əvvəlindən "Azəriqaz” "Azəristiliktəchizat”a borcun ödənilməsi üçün xəbərdarlıq etmişdi, əks halda borclu-borclunun saxlığını istəməyəcəkdi. Uşaq bağçası, məktəb də daxil olmaqla osial yönümlü obyektlərə istilik verilməyəcəkdi. R.Əliyev isə deyir ki, iki dövlət qurumunun pul söhbətinin nə abonentlərə, nə də ümumi qazanxanadan istilik alan məktəblərə aidiyyəti yoxdur. "Azəriqaz” qazanxanaları qazla təmin edəcək, "Azəristiliktəchizat” isə tabeliyindəki binaları, sosial obyektləri isidəcək.

"Azəriqaz” da mövqeyini yumşaldıb. Qurumun mətbuat katibi İbrahim Kərbəlayev deyir ki, müraciət olunan qazanxanalara qaz verilir. "Azəriqaz” istehsalat Birliyi tərəfindən problem yoxdur, qazın təzyiqinin azaldılması ittihamı da quruma qarşı şər-böhtandır. Əks halda, Təhsil Nazirliyi tərəfindən müraciət daxil olmalı idi. ASC-nin "Azəriqaz”a olan borcuna gəldikdə, məbləğ yalnız "Azəristiliktəchizat” tərəfindən açıqlana bilər.

Quba rayonundakı 8 məktəb "Azəristiliktəchizat”ın xidmət əhatəsinə daxil deyil. Valideynlər "Azəriqaz” tərəfindən qazın verilmədiyini bildirmişdilər. Mətbuat katibi isə qazın verilməsində problem olmadığını bir daha xatırladıb.

Beləliklə, məktəblər istiliyin olmadığını və ya normal verilmədiyini, valideynlər uşaqların donduğunu, "Azəriqaz” və "Azəristiliktəchizat” isə problem olmadığını deyir. Artıq hava soyuyub, qar, şaxta hələ qarşıdadır. Bu qış normal istilik olacaqmı, bunu tezliklə öyrənəcəyik.
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ