SON DƏQİQƏ

3 manat pul, 1 kəllə qənd, 1 molla: “Dini kəbin qadının alçaldılması, kişilərin at oynamasına xidmət edir”- TƏRƏFLƏR ÜZ-ÜZƏ

Tarix:19-02-2019, 12:46

Qafqaz Müsəlmanları İdarəsi tərəfindən din xadimlərinə  rəsmi nikah şəhadətnaməsi olmadan kəbin oxunmamaq barədə göstəriş verilib. 

Bunu yerli mətbuata açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, "Məşhədi Dadaş” məscidinin axundu Hacı Şahin Həsənli deyib. Onun sözlərinə görə, Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşları buna əməl edirlər: 

"Bəzən bu kəbini rəsmi din xadimləri yox, digərləri oxuyurlar. Buna da tam nəzarət etmək mümkün olmur”. 

Maraqlıdır, rəsmi nikah olmadan kəbin kəsmək olarmı? Rəsmi nikaha girmək istəməyən və vətəndaş nikahında yaşayanlar kəbin kəsdirə bilməzlərmi? 

İlahiyyatçı Elşad Miri mövzu ilə bağlı bunları deyib: 

"İlk növbədə o məsələyə aydınlıq gətirmək lazımdır ki, ümumiyyətlə "Quran”da dini kəbin deyilən bir anlayış varmı? Yəni, həmin dövrdə kəsilən kəbinin indi dövlətin qeydiyyat şöbələrində kəsilən kəbindən fərqi nədir? Rəsmi nikah kəsiləndən sonra mollanın kəsdiyi kəbin nə mənaya gəlir? Bunun əhəmiyyəti varmı? Boşanma olanda məhkəmə qərarından sonra cütlüyü mollalar boşayacaq, yoxsa kəbin boşanmaya deyil, yalnız evlənməyə aiddir? İslamda dini kəbin deyilən kəbin olmayıb. İslamda bir kəbin var. Həmin kəbin bu gün Vətəndaş Vəziyyətinin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən kəsirilirsə, bu, həmin dini adlandırdıqları kəbinin də yerinə keçir. Sabah kişi qadını istədiyi formada boşayıb, Nataşanın, Maşanın və ya kiminsə yanına gedəndə, qadın pis vəziyyətdə qalmır. Aliment alır, yaxud daşınmaz əmlak yarıya bölünür. Dini kəbində bunların hansı biri həyata keçirilir? Din adı altında olan bu kəbin qadının alçaldılmasına xidmət edən, kişilərin istədikləri kimi at oynamalarına səbəb olan məsələdir. Buna İslam dini kimi bir din razı olarmı, icazə verərmi? Demək ki, buna haqq qazandıranların özləri dindən istifadə edərək bu məsələlərdən vəsait qazanan və insanları Allahın adı ilə aldadanlardır”. 

İlahiyyatçı Tural İrfanın sözlərinə görə isə istənilən şəxs evlilik sırasında nikah oxutdura bilər. Bu, dinimizə görə fərzdir: 

"Kim evlənsə, kəbini olmasa, o, zina etmiş sayılır. Kəbin oxumaq isə bu gün məscidlərdə pulludur. Bu məbləğ 20-50 manat arasındadır. Qafqaz Müsəlmanlar İdarəsi bunu inhisara alıb. Ona görə də belə qərara gəlinib ki, ona hesab verməyən axundlar kəbin oxumasın. Rəsmi nikah şəhadətnaməsi verilənə kimi evlənənlər zina etməlidir? Çünki dinimizə görə əsas ər-arvadlıq dini kəbin oxunandan sonra reallaşmalıdır. Tutaq ki, iki gənc evlənir, müəyyən bürokratik problemlərə, sənəd məsələlərinə görə rəsmi nikaha düşmələri ləngiyir, yaxud da rəsmi nikaha düşməyiblər. İndi onlar nə etməlidir? Təəssüf ki, məlum idarə bunlara cavab vermir. Kəbinkəsmə ayini, kəbin kəsmək üçün xüsusi və mürəkkəb bir metod dində yoxdur. Bu, ruhanilərin özlərinə qazanc əldə etmək üçün sonralar qondardığı, xristianlıqdan keçmə bir ənənədir. El adəti ilə, hər iki tərəfin razılığı ilə evlənən tərəflərdən iki ağsaqqal, iki şahidin iştirakı ilə iki cinsin nümayəndəsini bacardığı xeyir-dua ilə ər-arvad etməsinə dini nikah deyilir. Normal şəkildə evlənənləri, istər rəsmi nikahı olsun, istər olmasın, ağsaqqalların iştirakı ilə ər-arvad elan etmək olar. Kəbinin heç bir xüsusi duası- filanı yoxdur”. 

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib ki, dini kəbin vətəndaşa heç bir məsuliyyət vermir:

"Əgər dini kəbin hansısa məsuliyyət verirsə, o zaman bu kəbini kəsdirəndə sənədə həmin məsuliyyətlər də yazılsın. Yox, əgər məsuliyyət vermirlərsə, niyə bunun altına girib, insanları bədbəxt edirlər? O zaman boşananda da həmin mollalar irəli çıxsınlar. Haradadılar bəs? Niyə dini kəbin kəsdirənləri tapıb cəzalandırmırlar ki, Allah qarşısında bu insanları birləşdirdin, boşananda da talaq oxumursan. Bu, günah sayılır. Məsələ ondan ibarətdir ki, boşanan adam sonra gedib başqası ilə yaşayır. Demək ki, bu məsələnin də günahını dini kəbini kəsənlər çəkir. Bunu düşünürlər? Yəni, halallıq deyib nikaha saldıqları adamın  günahını onlar daşıyır”. 

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ