www.DOGRU.tv - Onlayn Televiziya » Manşet » manset2 » Bəzi məmurlar öz balaları üçün «gün ağlayıblar»

Bəzi məmurlar öz balaları üçün «gün ağlayıblar»

Bölmə: Manşet » manset2
Bəzi məmurlar öz balaları üçün «gün ağlayıblar»

DOGRU.TV - Yüksək vəzifəli şəxslərin övladları da elə yüksək postlarda çalışır.Ölkəmizin bir sıra mühüm postlarında çalışan ayrı-ayrı məmurlar elə vəzifədə ikən öz balaları üçün əməlli-başlı gün ağlayıblar. Belə ki, bir sıra yüksək vəzifəli şəxslər övladlarını mühüm dövlət orqanlarında yerləşdiriblər, bəziləri isə onların biznes fəaliyyətləri üçün hərtərəfli şərait yaradıblar. Bir sözlə, mərkəzi icra hakimiyyətlərinə - nazirlik və komitələrə rəhbərlik edən məmurların övladları bir sıra işlərdə çalışır. Məsələn, Milli Məclisin yaxın keçmişə qədər icra başçısı işləmiş deputatlarından birinin oğlu Xətai rayonu polis bölmələrindən birinin rəisi vəzifəsində çalışır.

Deputat oğlunu bu vəzifəyə hüquq-mühafizə orqanlarında çalışan yaxın dostu vasitəsilə təyin etdirib. Nazirlərdən birinin iki oğlu var və onların heç biri məmur postu tutmur. Onlar kapitalları hesabına ictimaiyyət arasında biznesmen, iş adamı kimi tanınırlar. Həmin nazirin oğlanlarının hər ikisi Avropanın nüfuzlu məktəblərində təhsil alıblar. Onun böyük oğlu diaspor fəaliyyəti göstərən təşkilatlardan birinin sədridir. Həmin məmur övladı hətta bir neçə dəfə gurultulu proyektlərilə medianın diqqətini cəlb edib. Ümumiyyətlə, Azərbaycan mətbuatı onun personasına daim maraq göstərir. Həmin nazir balası hazırda Avropada - Böyük Britaniyada yaşayır. Həmin nazir balası həm də beynəlxalq şirkətlər qruplarından birinin İdarə Heyətinin rəhbəridir. O, uğurlu diaspor fəaliyyətinə görə mükafatlarla da təltif olunub. Məmur övladı öz qardaşını - nazirin kiçik oğlu da yanına gətirib. Nazirin ikinci övladı da beynəlxalq şirkətlər qrupunun sədr müavinidir. Bu baxımdan hər iki nazir övladı bu holdinqin sahibliyini bölüşən əsas şəxslər sayılırlar. Təşkilatın ölkəmizlə yanaşı, İngiltərədə və Almaniyada ofisləri var. Nazir balalarının rəhbərlik etdiyi holdinqin tərkibində Azərbaycanla birbaşa bağlılığı olan müxtəlif şirkətlər də var.

Müdafiə sənayesi naziri Yavər Camalov da övladının yaxşı vəzifəyə təyinat almasına müvəffəq ola bilib. Onun oğlu Elşən Camalov Nizami rayonunda mühafizə polisinin rəisi vəzifəsində çalışır. Daha bir nüfuzlu nazirliyi idarə edən məmurun - nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədov da iş adamı və diaspor təşkilatının rəhbəri kimi tanınır. Anar Məmmədov Azərbaycanda fəaliyyət göstərən ən böyük şirkətlər qrupundan sayılan "ZQAN Holding”in Müşahidə Şurasının sədridir. Bu holdinqə tikinti, inşaat, nəqliyyat və digər sahələr üzrə fəaliyyət göstərən şirkətlər daxildir. Nazir oğlu həm də "Azərbaycan - Amerika Alyansı”nın təsisçisi və sədridir. Bu təşkilat Amerikada diaspor fəaliyyətilə məşğuldur. Bundan başqa, Anar Məmmədov 2011-ci ilin dekabrında təsis olunan Azərbaycan Qolf Federasiyasının prezidentidir. Nazirlərdən birinin üç övladı var: - iki oğlu və bir qızı. Nazirin oğlu hüquq-mühafizə orqanlarında idarə rəisidir. Gənclər və idman naziri Azad Rəhimovun bir övladı var. Baş nazirin birinci müavini Yaqub Eyyubovun oğlu da kifayət qədər yüksək vəzifədə çalışır. Belə ki, Emin Eyyubov Azərbaycanın Avropa Birliyi yanında diplomatik missiyasına rəhbərlik edir. Səhiyyə naziri Oqtay Şirəliyevin övladlarından biri bizimlə həmkardır. Nazirin üç övladından biri - Nərgiz Şirəliyeva Rusiya telekanallarının birində jurnalist kimi fəaliyyət göstərir.

Nazirin bir oğlu Tibb Universitetində tələbədir. Oqtay Şirəliyevin böyük oğlu Murad Şirəliyev isə bank sektorunda çalışır.

Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun iki oğlu var. Onlardan biri Rauf Əhmədov Xətai Rayon Məhkəməsində hakim, digəri isə Xarici İşlər Nazirliyində çalışır. Keçmiş təhsil naziri Misir Mərdanovun üç övladından biri Rizvan Mərdanov polis zabitidir. Onun DİN-in Narkotiklə Mübarizə İdarəsində işlədiyi deyilir. Nazirin iki qızından biri Samirə Mərdanova filologiya elmləri namizədidir, Bakı Dövlət Universitetində Azərbaycan dili və metodika kafedrasında dosent vəzifəsində çalışır. Nazirin digər qızı Gül Mərdanova da mühüm vəzifələrdən birində çalışır. Qəribədir ki, vaxtilə vəzifələrdə çalışanlardan bəziləri də öz övladlarını mühüm postlara yerləşdiriblər. Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəisi Aydın Bəşirovun oğlu zəngin adamlar sırasına daxil edilir. Əldə etdiyimiz məlumata görə, üzdə görünməyi çox sevməyən İlqar Bəşirov da gəmiçilik sahəsində çalışır. İlqar Bəşirova məxsus xeyli yükdaşıma gəmilərinin olduğu və onlardan əsasən neftdaşımada istifadə olunduğu bildirilir.

Keçmiş nazirlərdən birinin 2 övladı var. Onlardan biri paytaxt rayonlarından birinin prokurorunun köməkçisi vəzifəsində çalışır. Həmin sabiq məmur balası bundan əvvəl prokurorluqda müfəttiş kimi çalışıb.