www.DOGRU.tv - Onlayn Televiziya » Manşet » manset2 » Azərbaycan hər il bu sahəyə milyardlarla pul xərcləyir, əvəzində qəpik-quruş qazanır


Azərbaycan hər il bu sahəyə milyardlarla pul xərcləyir, əvəzində qəpik-quruş qazanır

Bölmə: Manşet » manset2
 Azərbaycan hər il bu sahəyə milyardlarla pul xərcləyir, əvəzində qəpik-quruş qazanır

Son 5 il ərzində Azərbaycanın xarici turizm sahəsində xərcləri 8 dəfə artıb

Rəsmi statistikaya görə, ötən il Azərbaycan rezidentinə ölkənin hüdudlarından kənarda 2,9 mlrd. ABŞ dolları məbləğində turizm xidmətləri göstərilib ki, bu da 2012-ci ilin göstəricisindən 16,6% çoxdur. Bu məbləğin 62,3%-i, yəni 1,81 mlrd. dollar xarici səfərlər zamanı vətəndaşların xərclərini təşkil edir. Digər tərəfdən, ötən il xarici turistlər Azərbaycanda 2,4 mlrd. dollar vəsait xərcləyiblər ki, onlardan yalnız 36,6% -i işgüzar səfərləri zamanı olan xərclərdir. Başqa sözlə, Azərbaycanın turizm sənayesində mənfi saldo 500 mln. dollara çatır.

Rəsmi məlumatlara inansaq, Azərbaycan turisti xaricdə orta hesabla təxminən 750 dollar xərcləyir ki, bunu da real hesab etmək olmaz, çünki imkanlı azərbaycanlı turistlərin xərcləri 4-5 rəqəmli məbləğlə ölçülür.

Düzdür, onların payı ümumi turist kütləsində azdır, lakin onlar maliyyə göstəricilərini nəzərəçarpacaq dərəcədə artırırlar. Yeni azərbaycanlıların sevimli istirahət yerlərindən biri Dubaydır. Dəbdəbli mehmanxanaların gündəlik qiyməti 5 min dollardır, özü də əyləncə və s. xərclər nəzərə alınmadan. Beləliklə, Dubayda həftəlik yaşayış ən azı 50 min dollara başa gəlir. 750 dollara gəldikdə isə, bu Gürcüstana gedən orta statistik azərbaycanlının xərcləri ola bilər.

Bu gün Azərbaycanda 2008-2016-ci illər üçün turizmin inkişafına dair dövlət proqramı həyata keçirilir. Dövlət xaricdə reklam kampaniyası və turizm infrastrukturunun təkmilləşdirilməsi üçün milyardlarla dollar xərcləyir. Qusar rayonunda Şahdağ qış turizm mərkəzinin yalnız inşasına respublika büdcəsindən 1,2 mlrd. dollardan çox vəsait ayrılıb. Bununla belə, azərbaycanlılar xaricə, əsasən, Türkiyəyə getməyə üstünlük verirlər. Sonrakı yerləri Rusiya, Gürcüstan, Ukrayna, BƏƏ (Dubay) tutur. Səbəb keyfiyyətin pis olduğu halda Azərbaycanda xidmətin çox baha olmasıdır. Burada bir həftəlik istirahət 1000 manata başa gəlir, özü də bu məbləğə yalnız mehmanxanalarda gecələmək və səhər yeməyi daxildir. Lakin, məsələn, Antalyada bu məbləğə aviabilet, Avropa standartlarına uyğun xidmət ilə oteldə qalmaq və qidalanmaq daxildir. Azərbaycanda turist xidmtlərinin aşağı səviyyədə olması daha çox Bakıdan kənar bölgələrdə gözə çarpır.

Ekspertlərin fikrincə, ölkədə turizmin real inkişafı üçün stimullaşdırıcı tədbirlər görülməlidir, ilk növbədə turizm mərkəzləri və istirahət yerlərinin beş illik müddətə ƏDV-dən, həmçinin turizmdə istifadə edilən avadanlıqların gömrük rüsumlarından azad edilməlidir. Turizm müəssisələrinin normal fəaliyyəti üçün əsas maneə kimi çoxsaylı dövlət təşkilatlarının əsassız yoxlama və müdaxilələri göstərilir. Təbii, yoxlamalara pul ödənilir ki, nəticədə bu müştərinin cibindən çıxır.

Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, 2006-cı ildə ölkəyə 1194 turistin gəldiyi halda, 2013-cü ildə onların sayı 2,3 mln.-dan çox olub, yəni ikiqat artım müşahidə olunur. Ölkədə turizmin inkişafı üçün ayrılan külli miqdarda vəsaitin fonunda bu çox kiçik göstəricidir. Həmin dövrdə, xaricə turist kimi gedən azərbaycanlıların sayı 1835 mindən 3950 min nəfərə qədər artıb. Eyni dövrdə, məsələn, Gürcüstanda xarici turistlərin sayı 20 dəfədən çox artıb, bunların da təxminən 20% -i azərbaycanlı turistlərin payına düşür.

Bu gün turizm sənayesi bir çox ölkələrdə dövlət gəlirlərinin əsas sahəsi kimi dinamik inkişaf edir. İnkişaf etmiş ölkələrdə 70% turist səfərləri daxili turizmin payına düşür. Halbuki Azərbaycanda turizmdən gələn dövlət gəlirləri cüzi məbləğ təşkil edir, məsələn, qonşu Türkiyədə gəlir 20 mlrd. abş dollarıdır. Beləliklə, turizmin inkişafı üçün ayrılan milyardlarla vəsait qeyri-effektiv olub.


cumhuriyyet.info