SON DƏQİQƏ

Prezidentin baş çəkdiyi regionlar [video]

Tarix:8-12-2017, 23:12

Prezident İlham Əliyev Quba səfərində "ASAN həyat” Kompleksinin, yeni yolların, Bayraq Muzeyinin, xalça fabrikinin açılışını edib.

Prezident Quba şəhərində çoxmənzilli binaların əsaslı təmiri üçün də 3 milyon manat vəsait ayrılması haqda sərəncam verib.

Qubanın Küsnət Qazmalar kənd sakini Gəray Almasov, əsasən qaz problemindən, məmurların etinasızlığından şikayət edir.


"Qalmışıq qazsız. İcraya gedirik, hərəsi bir nazir kimi oturur. Prezidentdən narazılığımız yoxdur, ancaq bu vəzifədə oturanlar vətəndaşların probleminə məhəl qoymur".

Qubadan seçilən millət vəkili Vahid Əhmədovbildirir ki, bəzi problemlər qalsa da, prezidentin köməyi ilə rayon inkişaf edir:

"İndi elə Qubadan qayıdıram maşındayam. Cənab prezidentin Qubaya həmişə diqqət və qayğısı olub. Son səfərində də bir sıra açılışlar etdi. Quba daim inkişaf edir. Amma müəyyən problemlər hələ də var. Bəzi, kəndlərdə qaz və yol problemi qalır. Amma dövlət bu işə başlayıb, mərhələ ilə bu problem də həllini tapır. Bir də iş problemi var. Düşünürəm ki, elə prezidentin son səfərində açılışını etdiyi xalça fabrikində 400-500 nəfər işə başlayacaq. Yəni, problemlər yavaş-yavaş öz həllini tapır. Mən bu gün Qubanın icra başçısı ilə də görüşdüm".

Vahid Əhmədov 2012-ci ilin martında Qubada etirazlardan da danışır. Deyir ki, o vaxtdan bəri Qubada xeyli işlər görülüb.

2012-ci il martın 1-i, axşam saatlarında Quba rayon İcra Hakimiyyəti qarşısında etiraz aksiyası başlamışdı. 1000-ə qədər aksiyaçı o vaxtkı icra başçısı Rauf Həbibovun qubalıları təhqir etdiyini deyir, buna etiraz edirdilər.

İcra hakimiyyəti qarşısına yığışanlar başçının istefasını tələb edirlər. Sonradan onlar Rauf Həbibovun yaşadığı evin qarşısına gedib, evi yandırmışdılar. Bu etirazlardan bir gün sonra Rauf Həbibov vəzifəsindən azad edilmişdi.

Hökumətin tənqidçiləri olan müstəqil təhlilçilər hesab edirdilər ki, Quba etirazları icra başçısının ifadələrinə görə başlasa da, sonradan sosial tələblərlə davam etmişdi. Etirazçılar işsizlik, dolanışığın ağırlığından qəzəblə danışırdılar.

Həmin aksiyaları izləyən Müsavat Partiyasının Quba Təşkilatının rəhbəri Yaşar İsrafilov deyir ki, ötən 5 ildə Qubada ciddi bir irəliləyiş olmayıb. Qubaya səfər edən prezidentə isə xalq öz sözünü deyə bilməyib:

"Camaata prezidentlə görüşə imkan verilmədi. Yollar bağlandı. Sonradan televizorda gördük ki, prezident bəzi yerlərdə açılışlar edib. Yəni, sadə camaat prezidenti görmədi. Qubada camaatın durumu olduqca ağırdır. Soyuq otaqlarda dərs keçməkdən xəstə günə düşmüşük. Təhsildən də çox faciəli durum bizim səhiyyədədir. Görüntülər yaradırlar, sadə xalqın durumu çox acınacaqlıdır”.

Bakı sakinləri isə düşünür ki, tək Quba yox, elə bir çox bölgələrdə vəziyyət oxşardır.AzadlıqRadiosu-na da təkcə Qubadan deyil, Azərbaycanın əksər bölgələrindən əhalinin güzəranının ağır olması ilə bağlı şikayətlər gəlir. Sadəcə prezidentin bugünlərdə Qubaya səfərinə görə yenidən bu rayon medianın diqqətinə düşüb.

Hökumət adətən ucqarlarda əhalinin güzəranının acınacaqlı olması barədə tənqidləri rədd edir, 13 ildir - 2004-cü ildən "regionların sosial-iqtisadi inkişafı” adlı dövlət proqramlarının icra edildiyini, bu layihələrə yüz milyonlarla dollar pul xərcləndiyini bildirir. Amma hakimiyyətin tənqidçisi olan iqtisadçı ekspertlər bu proqramın regionlarda ciddi irəliləyişə səbəb olmadığını bildirirlər.


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ