SON DƏQİQƏ

Toy sahibini də, qonaqları da narazı salan dəbdəbəli məclislər - Çıxış yolu nədir?

Tarix:7-11-2019, 14:03

Bəzi icra başçıları öz rayonlarında dəbdəbəli toyların sıradan çıxarılmasına çalışır

Noyabr ayı başlayandan ölkədə toy mövsümünə start verilib. Bəzən bir şəxs həftədə 2, yaxud ayda azı 4-5 dəfə doy dəvətnaməsi alır. Heç də gizlin deyil ki, əksəriyyət toy dəvətnaməsi aldıqda sevinmək əvəzinə, üzünə qəm-kədər qonur, məyusluq hissi yaşayır. Əlbəttə ki, səbəb toya salınacaq puldur.

Ayda nəinki 4-5, hətta 2 toy dəvətnaməsi alan şəxs bəzən bir aylıq məvacibini xərcləməyə məcbur olur. Dəbdəbəli toylar əksər hallarda yeni ailə quranlar üçün də xoşbəxtlik deyil, neqativlik gətirir. Bir çox hallarda yeni qurulan ailələrin toya görə külli miqdarda borca düşdüyünün şahidi oluruq.

Xatırladaq ki, illər öncə "Facebook”da bununla bağlı bir sıra yazıçılar #toylarayoxde adlı haştaqlar paylaşaraq, israfçı toy şənliklərindən imtina etməyə çağırışlar etmişdilər. Məsələ ilə bağlı illərlə maarifləndirmə tədbirləri görülsə də, müzakirələr aparılsa da, vəziyyət olduğu kimi qalmaqdadır.

Bir çox mütəxəssislər qeyd edir ki, bu sosial problemi maarifləndirmə və yaxud hansısa müzakirə etməklə deyil, inzibati metodlarla aradan qaldırmaq olar. Hansı ki, bu təcrübə artıq bir sıra keçmiş sovet ölkələrində artıq həyata keçirilib. Məsələn, artıq bir neçə ildir Tacikistanda dəbdəbəli toylarla bağlı inzibati qadağa var. Belə ki, toya gələn iştirakçıların sayı ilə bağlı konkret limitlər müəyyənləşdirilib. Toy sahibi artıq adam dəvət edirsə, hər dəvət etdiyi artıq adama görə 50 dollar ödəməlidir.

Eləcə də bu ilin sentyabrında Özbəkistanda da bu cür qadağa tətbiq edilib. Qanuna əsasən, toylara çağırılacaq qonaqların sayı 150-ni keçə bilməz, habelə toy kortejindəki avtomobillərin və toya çağırılacaq müğənnilərin də sayı məhdudlaşdırılır. Bu qaydanı pozanlar 240 dollar cərimə ödəməlidir. Qaydalar hüquqi şəxslər tərəfindən pozulanda isə cərimənin məbləği 1200 dollar olur.

Natiq Cəfərli: "Toylar ”pulyığma maşınına" dönüb, ona münasibətimizin dəyişməsi zamanıdır"

Natiq Cəfərli: ile ilgili görsel sonucu

Bəs hələ də Azərbaycanda davam edən bahalı toy labirintindən necə çıxaq? Belə toylardan daha çox qazanan hansı tərəf olur?

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli danışdı: "Hər bir halda məşhur deyim var, ”Kazinoda udan həmişə kazino sahibi olur". Eynilə bu məsələdə də toy sifarişi nə qədər çox olarsa, restoran sahibləri bir o qədər çox qazanır. Bizdə, ümumiyyətlə, toylara münasibətin dəyişməsinə böyük ehtiyac var. Sanki bu məsələ bəlli standartlar üzərindədir. Toyda iştirak edib pul salan şəxslər sanki bunu kredit verirmiş kimi düşünür, sonradan onu geri toplamağa çalışırlar. Yəni bu cür maraqlı və heç də sağlam olmayan tendensiya yaranıb. Ona görə də bu sahədə tanınmış şəxslərin məlum gedişatı düzəltmək üçün rol-model olmasına ehtiyac var. Tanınmış dedikdə media nümayəndələri, ziyalılar, cəmiyyətdə nüfuz qazanan insanlar nümunə göstərərək, bu məsələni kökündən həll edə bilər. Qeyd etdiyim kimi, hazırda sanki toylar "pul yığma maşınına” dönüb. İqtisadi baxımdan çətinlik yaşandığı bir dövrdə bir ayda 3-4 toy dəvətnaməsi almaq insanlarda toylara qarşı bir aqressiya yaradır. Bu da anlaşılandır. Çünki insanlar ailə büdcəsindən xərcləməyə məcbur olurlar".

Əhməd Qəşəmoğlu: "Təcili surətdə bu məsələ inzibati qaydada qadağan olunmalıdır”

Əhməd Qəşəmoğlu: ile ilgili görsel sonucu

Sosioloq Əhməd Qəşəmoğlu isə bildirdi ki, məsələni yalnız inzibati qaydada həll etmək mümkündür: "Bu məsələ ilə bağlı artıq çox ciddi danışmaq lazımdır. Çünki 20 ildir ki, bu barədə danışırıq, amma heç bir nəticə yoxdur. Beləliklə, çox kəskin, SOS siqnalı ilə danışmaq lazımdır. Toy Azərbaycanda bir sosial bəladır. Bu da Azərbaycanın indiki həyatında, tarixində çox mənfi neqativ rol oynayır. Əvvəla ona görə ki, bir ailəni orta hesabla ayda 4-5 dəfə toya dəvət ediblərsə, hesablayın, orta statistik ailələrin demək olar ki, maddi durumu çox aşağıdır, 300-400 manat maaş alır. Bir toya getmək üçün isə heç olmasa utana-utana 100 manat salıb gəlir. Əgər ailədə ər-arvad birlikdə toya gedərsə, ən azı 200 manat yazdırmaq lazım gəlir. Üstəlik, xanımın toydan əvvəl gözəllik salonuna getməsi, geyim alması və sairə, bunları da hesablayanda orta hesabla bir kişiyə bu 250 manata başa gəlir. Beləliklə, insanların orta əmək haqqı imkan vermir ki, bu qədər pulu toya yazdırsın. Amma buna məcburdurlar. Əks halda, qohumlar inciyir və yaxud əvvəl onların toyunda iştirak ediblər, hökmən gedib onu geri qaytarmaq lazımdır. Əgər maaşı toya getməyə imkan vermirsə, məcburdur ki, şəxs ya rüşvət alsın, ya neqativ yollara üz tutsun, ya da ki, öz işinə səhlənkar yanaşıb, başqa işlərlə məşğul olsun. Bəla da buradan başlayır.

Bu azmış kimi, son vaxtlar dəb halını alıb, kiçik toylar da dəbdəbəli, böyük toy kimi keçirilir. Dövlət Tacikistanda, Özbəkistanda və yaxud elə Naxçıvanda olduğu kimi bu məsələdə qayda-qanun yaratmalıdır. Deyilənə görə, artıq müəyyən icra başçıları öz rayonlarında dəbdəbəli toyların sıradan çıxarılmasına çalışır. Bu mənada onlara böyük alqış düşür. Belə olan halda dövlət büdcədən heç nə xərcləmədən camaata böyük kömək göstərmiş olur. Əgər camaatın canı ayda bu qədər pulun havayı yerə xərclənməsindən qurtarsa, nə qədər maddi cəhətdən qabağa keçə bilərik. Ona görə də düşünürəm ki, təcili surətdə inzibati qaydada bu məsələ qadağan olunmalıdır". (Musavat.com)

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ