SON DƏQİQƏ

Azərbaycan qadınlara qarşı zorakılığa dair sənədi niyə imzalamır?

Tarix:25-09-2019, 16:46

rmənistan İstanbul Konvensiyasının ratifikasiyasını yenə də təxirə salıb.

Söhbət Avropa Şurasının 2011-ci ildə qəbul etdiyi "Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında - İstanbulda imzalandığı üçün çox vaxt İstanbul Konvensiyası adlandırılan sənəddən gedir.

Ermənistan bu sənədi 2018-ci ildə imzalasa da, onun parlamentdə təsdiqi baş tutmur.

Qadınlara qarşı zorakılıq hallarının tez-tez baş verdiyi Ermənistan bu sənəd ətrafında qalmaqalların olduğu ilk ölkə deyil.

Selcan Yağmurun, özü və anasının atası Fuad Qəhrəmanlı tərəfindən şiddətə məruz qalması barədə açıq danışmasından sonra, qadınların döyülməsi hallarının tez-tez baş verdiyi Azərbaycanda qadına qarşı şiddət bir daha müzakirə olunmaqdadır.

İstanbul Konvensiyasına gəlincə isə, Azərbaycan bu sənədi nəinki təsdiq etməyib, hələ heç imzalamayıb da.

Azərbaycanlı hüquq müdafiəçiləri hesab edirlər ki, ölkədə qadınlara qarşı yüksək şiddətin səviyyəsi və qadınlara qarşı artan zorakılıq və məişət zorakılığının qarşısı məhz bu Konvensiyasının imzalanması və ratifikasiyası ilə xeyli dərəcədə aradan qaldırıla bilər.

Bəzi hüquq müdafiəçiləri isə düşünür ki, bu sənədə qoşulmaq üçün "vaxt və maliyyə lazımdır".

Daxili İşlər Nazirliyinin (DİN) adının çəkilməsini istəməyən əməkdaşının BBC News Azərbaycancaya verdiyi məlumata görə, 2018-ci ilin ilk 9 ayının nəticələrinə görə, Azərbaycanda məişətdə baş vermiş cinayət hallarının 135-i özünü öldürmə həddinə çatdırma ilə bağlıdır: "Bunlardan 112 faktda qadın özünü öldürüb. Onlardan 11-i azyaşlı qızlar" olub.

Rəsmi statistikaya görə, 2017-ci ilin doqquz ayı üzrə məişət zorakılığı üzrə cinayət halları 700-dən çox, 2018-ci ildə isə 700-ə yaxın olub.

"Azərbaycan hökuməti ... istəmir"

Keçmiş deputat, Milli Şuranın üzvü, hüquqşünas Gültəkin Hacıbəyli deyir ki, o, "Azərbaycan hökumətinin İstanbul Konvensiyasını imzalamamaq inadını anlamır".

"Adətən, bu mövzularda Azərbaycan hökuməti daha çox güzəştli mövqedən çıxış edir, çünki bu siyasi mövzu deyil. Cəmiyyətin yarısını təşkil edən qadınların hüquqları məsələsidir. Çox həssas məsələdir".

Gültəkin Hacıbəyli ehtimal edir ki, "Azərbaycan hökuməti dəfələrlə ölkədə qadın probleminin olmadığını, qadın problemlərinin həlli istiqamətində addımlar atıldığını, qadınlara kişilərlə bərabər hüquqlar verildiyini bəyan etdiyi üçün indi Konvensiyanı imzalamaqla, bu sahədə olan problemlərin açıq müstəviyə çıxarılmasını istəmir".

"Düzdür, ölkənin ilk problemi insan haqları və demokratiya problemidir və ölkədə qadın da, kişi də, uşaq da, yaşlı da - hər kəs mövcud vəziyyətdən əziyyət çəkir. Ancaq qadın problemlərinin çox ciddi spesifikası var. Buna görə də mən birmənalı deyirəm ki, ölkədə çox ciddi qadın hüquqları problemləri var.

Qadınlara qarşı zorakılıq və məişət zorakılığı və şiddət məsələsi, qadınların seçkili orqanlarda, dövlət idarəetməsində çox az təmsil olunması ciddi məsələlərdir və ciddi narahatlıq doğurur. Buna görə də Azərbaycan Rusiya ilə birlikdə İstanbul Konvensiyasını imzalamamaq utancından qurtulmalıdır", - o bildirir.

Keçmiş deputat vurğulayır ki, Azərbaycanın Konstitusiyasında qadın və kişilərə bərabər hüquqlar verilsə də, bu bərabərlik hüquq müstəvisindən imkanlar müstəvisinə keçdikdə qadınlara tanınan imkanların hədsiz dərəcədə az olduğu üzə çıxır".

Onun fikrincə, Avropa Şurası bu məsələ ilə bağlı Azərbaycan hökuməti ilə daha ciddi iş aparmalı, "daha sərt təzyiqlər etməlidir".

"Mentalitetimizə uyğun olmayan məsələlər..."

Milli Məclisin hüquq siyasəti komitəsinin üzvü Aqiyə Naxçıvanlı deyir ki, bu məsələ ilə bağlı Avropa Şurası ilə Azərbaycan arasında danışıqlar gedir.

"Bilirsiniz ki, bu yaxınlarda bu qurumun prezidenti Lilian xanım (Avropa Şurası Parlament Asambleyasının prezidenti Liliane Maury Pasquier sentyabrın 11-12-də Bakıya rəsmi səfər edib) gəlmişdi, biz onunla bu barədə müzakirələr apardıq. Ancaq bu o demək deyil ki, bir sənəd varsa o dərhal imzalanmalıdır. Birincisi, o sənəd Azərbaycan dilinə gec tərcümə olunub. Daha sonra isə onu cəmiyyətin müzakirəsinə vermək lazım idi. Üstəlik, o sənəddə eynicinslilər məsələsi var, hansı ki, mentalitetimizə uyğun olmayan məsələlərdir, bunlar həllini tapmalıdır", - deputat deyib.

Aqiyə Naxçıvanlı deyir ki, bu məsələdə çoxlu dinləmələr keçirilməli, müzakirələr aparılmalı, ekspertlərin rəyləri öyrənilməlidir.

Millət vəkili hesab edir ki, İstanbul Konvensiyası "elə bir hadisə deyil ki, təcili qəbul edilsin".

"Bizim bu məsələdə ayrı-ayrı qanunlarımızda bütün maddələr əksini və hər şey həmin qanunlarla idarə olunur. Zorakılığa məruz qalınanda polisə də müraciət olunur, şikayətlərə də baxılır".

Konvensiyanın qəbulunun "maliyyə tələbi və ya bəzi maddələrin" gecikdirməsiylə bağlı məqamlara gəldikdə isə Aqiyə Naxçıvanlı deyir ki, bu iki səbəbin heç biri müzakirə mövzusu ola bilməz.

"Azərbaycan o qədər qanunları qəbul edib, konvensiyalara qoşulub ki, bu Konvensiyada elə bir fövqəladə bir şey yoxdur ki, biz onu qəbul etməkdən çəkinək, ya da o məsələni uzadaq. Sadəcə yəqin ki, bu sənədin qəbuluna elə də ehtiyac olmayıb, çünki başqa qanunlarımızın maddələri onu əvəz edib. Biz daha önəmli olan uşaqların zərərli informasiyadan qorunması haqqında qanunu daha vacib hesab edib, birinci qəbul etdik.

İstanbul Konvensiyası isə gündəmdə olan qanundur. Mən hesab edirəm ki, tələsib o sənədi qəbul etmək lüzumsuzdur. Yəqin ki, bu yaxınlarda biz o məsələni müzakirəyə çıxaracağıq, lazım gəlsə qəbul edəcəyik ", - Milli Məclisin deputatı bildirib.

"Çoxlu maliyyə tələb edir"

"Təmiz Dünya" İctimai Birliyinin və məişət zorakılığına məruz qalan qadınlar üçün sığınacağın rəhbəri, qadın hüquqlarının müdafiəçisi Mehriban Zeynalova deyir ki, İstanbul Konvensiyasının "məişət zorakılığı ilə mübarizədə konkret mexanizmləri var".

Lakin o hesab edir ki, bu sənədin imzalanması və öhdəliklərinin götürülməsi üçün "vaxt və çoxlu maliyyə" lazımdır.

"Konvensiyanın müsbət cəhəti qadın, uşaq hüquqlarının müdafiəsi, onlara yardım edilməsilə bağlı mərkəzlərin, sığınacaqların açılması, mütəxəssislərin və sosial işçilərin hazırlanması və bu sahədə tələb olunan digər vacib məsələlərin yaradılması mexanizmlərinin orda öz əksini tapmasıdır. Buna görə də bu, həm də çoxlu maliyyə tələb edən sənəddir.

Hüquq müdafiəçisi Konvensiyanı indiyədək imzalamamağın yaxşı tərəfinin olduğunu da bildirir: "Sənədi indiyədək imzalamamağımızın bir tərəfi yaxşıdır ki, prosesin necə getdiyini onu tətbiq etmiş ölkələrin təcrübəsindən öyrənirik".

Azərbaycan hökumətinin bir neçə il öncə məişət zorakılığının qarşısının alınması ilə bağlı hazırladığı Milli Fəaliyyət Planını (MFP) xatırladan Mehriban xanım deyir ki, həmin milli plan bu konvensiyaya hazırlıq prosesi ola bilərdi, lakin:

"Həmin Milli Fəaliyyət Planı hətta Konvensiyaya qoşulmadan da oradakı bir çox müddəaları tamamlayırdı, onu həyata keçirməyin yollarını qoyurdu, amma proses sonradan nəyəsə görə dayandı. Azərbaycan Konvensiyanı qəbul etsə də, etməsə də bu sahədə bir sıra işlər görür.

Qadınlara qarşı ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı konvensiyaya qoşulmuşuq. (BMT-nin "Qadınlara qarşı hər cür ayrı-seçkiliyin qarşısının alınması ilə bağlı Konvensiyası) İstanbul Konvensiyası zorakılığa qarşı mübarizə aparmaq üçün mükəmməl mexanizmdir, Azərbaycan da bu problemlə yaxşı mübarizə aparmaq istəyirsə, təbii ki, bu sənədə imza atacaq".

Lakin hüquq müdafiəçisi onu da vurğulayır ki, Konvensiyanın imzalanması ilə ölkədə bu sahədə olan mövcud problemlər birdəfəlik aradan qalxmayacaq.

Türkiyə təcrübəsini misal gətirən Mehriban xanım hesab edir ki, təkcə zorakılıqların qarşısını almaqla bu problemi aradan qaldırmaq mümkün deyil.

"Bu məsələdə həm də "qadınların sosial müdafiəsini və stereotiplərlə mübarizəni güncləndirməklə" uğur qazanmaq olar. Konvensiya qanunvericiliyi gücləndirir, qanunlardakı boşluqları aradan qaldırır, təqib edir, cinayət məsuliyyətinə cəlb edir, münasibətləri dəyişir, formalaşdırır. Lakin görünən odur ki, bu yetərli deyil.

Konvensiya həm də hər bir ölkənin öz köhnəlmiş adət-ənənələrinin aradan qaldırılması, cəmiyyətdə mədəni səviyyənin yüksəldilməsiylə bağlı addımlar atmalı olduğunu nəzərdə tutur. Qadına və uşağa əmlak, zorakılığa isə norma kimi baxılan cəmiyyətdə zorakılıq qaçılmazdır. Bəlkə bu gün biz Konvensiyadan daha çox, ilk növbədə stereotiplərin aradan qaldırılması ilə bağlı genişmiqyaslı tədbirlər keçirməliyik?! Şüur dəyişmədən 100 konvensiya qəbul edək, nə xeyri?"

Mehriban Zeynalova ümid edir ki, Azərbaycan tezliklə bu sənədi imzalayıb ratifikasiya edəcək.

"İmzalanmaması hökumətə "problem yaratmır"

Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hüquqşünası Tural Hüseynzadə deyir ki, "əslində İstanbul Konvensiyasının imzalanması hökumətin böyük marağındadır".

"Hazırda Dövlət Komitəsinin təklifləri hazırlanıb Nazirlər Kabinetinə təqdim ediləcək. Konvensiya ilə bağlı Strasbourg şəhərində bir neçə dəfə görüşlərimiz olub. Razılaşdırma mərhələsində təklif hazırlanır dövlətə təqdim olunur, dəyərləndirilir. Bəzənsə təklif bəyənilmir, yenidən hazırlanması tələb olunur. Bu da vaxt alır".

Cənab Hüseynzadə deyir ki, Konvensiyanın imzalanmaması hökumətə "problem yaratmır".

"Biz bu mərhələdə təkliflərimizi verir və iş aparırıq deyə bu, problem kimi görünmür. Bizə bunu qəbul etməməklə bağlı təzyiq yoxdur, əksinə bizə tövsiyələr verilir və onun qəbulu ilə bağlı yollar göstərilir ki, biz prosesi davam edək. Bizə hələlik niyə qəbul etmirsiniz deyə sual verilməyib".

Milli Fəaliyyət Planının tətbiqinə gəlincə, Tural Hüseynzadə bildirir ki, "təmsil etdiyi qurum BMT-nin əhali Fondunun dəstəyi və ekspertlərin iştirakı ilə Mili Fəaliyyət Planının layihəsini hazırlayıb, layihə hazırda tamamlanma mərhələsindədir.

"Belə layihə planlarını hazırlayarkən isə bütün əlaqədar dövlət qurumlarının təklif və tövsiyəsi toplanılır. Həmin təkliflər işlənilir, təkmilləşdirilir. Hazırda Milli Fəaliyyət Planı layihəsinin hazırlıqlarının sonudur. Bundan sonra ekspertizası olacaq və layihə dəyərləndiriləcək. MFP-yə əsasən məişət zorakılığı faktları ilə bağlı hər bir qurumun üzərinə düşə biləcək öhdəliklər bəndlərlə o qədər dəqiq olmalıdır ki, həmin qurumlar belə hallarda daha operativ hərəkət edə bilsin", - o bildirib.

Tural Hüseynzadə Azərbaycanın məişət zorakılığının qarşısının alınması ilə bağlı qanunvericilik bazasının olduğunu, lakin tək bazanın bu məsələlərin həllinə kifayət etmədiyini deyir.

"İcra mexanizmi - lazım olan tədbirlər planı, layihələr, dövlət proqramları olmalıdır ki, mövcud qurumlar öz birbaşa öhdəliklərini başa düşsünlər. Hazırda özüm də bu məsələnin içində olduğuma görə, dəqiq bilirəm ki, prosesin qızğın vaxtıdır. Sadəcə layihənin hazırlıq prosesini göstərə bilmirik, bu qəbul olunmalıdır və tətbiqi başlamalıdır ki, gözə görünsün. Milli Fəaliyyət Planının tətbiqinə 2020-ci ildən başlamaq nəzərdə tutulur".

Sənədi Avropa Şurasının 47 üzv ölkəsindən yalnız ikisi - Azərbaycan Respublikası və Rusiya Federasiyası imzalamayıb.

Hüquqşünas Ziya Quliyev "sənədin qurum tərəfindən illər əvvəl qəbul olunmasına baxmayaraq, Azərbaycanın onu imzalamağa tələsmədiyini" bildirir.

Cənab Quliyev deyir ki, Azərbaycan İstanbul Konvensiyasını imzalamaqla zorakılığa məruz qalmış qurbanları müdafiə etmək və dəstəkləmək potensialı əldə edə bilər: "Ancaq bunun üçün dövlətlərin Konvensiyanı tam və hərtərəfli tətbiq etmək üçün imkanları olmalıdır".

İstanbul Konvensiyasi Türkiyədə 2011-ci ildə imzalanıb. Avropa İttifaqı olan 47 ölkədən 34 ölkə sənədi artıq ratifikasiya edib. Rusiya və Azərbaycan imzalamayıblar, Bolqarıstan isə konvensiyanı konstitusiyaya zidd tanıyıb.

Azərbaycan 1995-ci ildən BMT-nin Qadınlara qarşı bütün ayrı-seçkiliyin aradan qaldırılması Komitəsinə (SİDO Komitəsinə) üzvdür. Öhdəliyə əsasən, Azərbaycan hər dörd ildən bir bu quruma gender əsaslı zorakılıqla bağlı hesabat verir. Azərbaycanla bağlı sonuncu baxış 2015-ci ilin fevralın 18-də olub. Qadınlara qarşı bütün ayrı-seçkiliyin aradan qaldırılması Komitəsinin "Azərbaycanla bağlı Yekun Tövsiyələr və Müşahidələr" adlı paket sənədi qəbul edilib. Sənəddəki tövsiyələrdən biri İstanbul Konvensiyasına qoşulmaqla bağlıdır.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ