SON DƏQİQƏ

Vətəndaşa inək verməklə özünüməşğulluq yaranırmı?

Tarix:6-12-2018, 23:01

Azərbaycan hökumətinin öyündüyü özünüməşğulluq proqramının icrası necə gedir? Nazirlər Kabinetinin 2017-ci ilin yekunlarına dair iclasında prezident İlham Əliyev bu proqramın böyük gələcəyindən, işsizliyin aradan qaldırılmasında önəmli təşəbbüs olduğundan bəhs edirdi.

Elə Yevlaxın rayon sakini Sərvər Mahmudov da deyir ki, böyük ümidlərlə 7 ay öncə bu proqrama qoşulub. Ümid edib ki, nəhayət ki, işsizliyin daşını atacaq, özünün xırda təsərrüfatı olacaq və ailəsini dolandıracaq. Amma bildirir ki, gözlədiklərinin heç biri olmadı:

"Bu ilin mayında Məşğulluq Mərkəzində işsiz kimi qeydiyyata düşdüm. Qapımda şəraitim olduğuna görə qoşuldum bu "özünüməşğulluq proqramı”na. Biznes planımda da 2 ədəd yanı balalı iri buynuzlu heyvan yazdım. Biri 2 min 500 manatdan, ümumilikdə 5 min manat. O vaxt bizdən nazirliyin əməkdaşları imtahan götürəndə dedilər ki, özümüzü bazara çıxaracaqlar və istədiyimiz 2 yanı balalı, 5 min manatlıq heyvan ala biləcəyik. Amma belə etmədilər. Bizi aldatdılar. Gətirib bizə məcbur imza atdırırdılar ki, vəd etdikləri heyvanı verdilər. Mən də etiraz etdim, bildirdim ki, kənd adamıyam, dedim ki, bu heyvanın qiyməti 500-600 manatdır. Yanında da balası yoxdur”.

Gəlir əvəzinə xərc

AzadlıqRadiosunun what’s app nömrəsinə göndərilən videodan da görünür ki, vətəndaşlar onlara verilən heyvanları qəbul etmək istəmirlər. Çəkilən kadrlarda heyvanların yaralı, baxımsız olduqları görünür.

Sərvər Mahmudov deyir ki, heyvanları götürənlər də gəlir əvəzinə, xərcə düşüblər. Heyvana yem alırlar, amma məhsuldarlıq yoxdur. Onun sözlərinə görə, məsələnin araşdırılmasından ötrü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, prezident İlham Əliyevə, Korrupsiyaya qarşı Mübarizə İdarəsinə və digər qurumlara müraciət ediblər.

Özünüməşğulluq dövlət proqramını icra edən Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fariz Talıblı bildirib ki, onlara hər hansı şikayət daxil olmayıb:

"Özünüməşğulluq proqramı iştirakçılarına mal və materiallar təqdim edilərkən bu proses aktla rəsmiləşdirilir. Proqram iştirakçısına seçim imkanı verilir, verilən malqara ilə bağlı onun rəyi, məmnunluğu mütləq şəkildə nəzərə alınır. Məmnun olduğu halda həmin aktı imzalayır. Məmnun olmasa həmin şəxsə yenidən mal və materialar təqdim edilir. İndiyədək özünüməşğulluq proqramı çərçivəsində mal və materiallarla təmin olunmuş 2500-ə yaxın şəxsin heç birindən nazirliyə hər hansı narazılıq ifadə edən müraciət daxil olmayıb. Əksinə, proqram iştirakçıları onların kiçik ailə biznesinin yaradılması üçün göstərilən böyük dəstəyə görə minnətdarlıq ifadə edirlər”.

Fariz Talıblı əlavə edib ki, 2018-ci ildə bu proqram daha da genişləndirilib. Bu il 7 min 300 işsiz və və işaxtaran şəxs proqrama cəlb olunub.

Amma İqtisadi Təqdiqaqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov iddia edir ki, rəsmi məlumatlar reallığı əks etdirmir. Proqramın icrası şəffaf deyil.

Axırda günahkar vətəndaş olur

2 dəfə ard-arda baş verən devalvasiya, ölkədəki iqtisadi böhran hökuməti bəzi islahatlar aparmağa, qeyri-neft sektorunun inkişafı ilə bağlı yeni proqramlar qəbul etməyə vadar etdi. Özünüməşğulluq da məhz belə proqramlardan biri sayırlırdı.

Ekspert Vahid Məhərrəmov
Ekspert Vahid Məhərrəmov

 

2016-cı ildə prezident İlham Əliyevin sərəncamı ilə yaradılan proqramın icrasına 2018-ci ildə 35 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Əsas məqsəd əhalinin məşğulluğunun təmin olunması, yаşаyış səviyyəsinin daha da yaxşılaşdırılması, vətəndaşların ünvanlı sosial yardımdan asılılığının aradan qaldırılmasıdır. Amma İqtisadi Tədqiqatlar Mərkəzinin eksperti Vahid Məhərrəmov düşünür ki, 3 ili tamamlanacaq proqram ümidləri dorğultmadı:

"Verilən vədin əksi olaraq, proqram iştirakçılarına verilən heyvanlar baha qiymətə sənədləşdirilsə də, bu heyvanlardan nə ətlik, nə də südlük istiqamətdə nəsə əldə etmək mümkün deyil. Bu müəyyən adamların biznesidir. Açıq-aşkar görünür ki, çıxdaş heyvanları cəmləyib, imkansız adamlara paylayırlar. Bu imkansız vətəndaşlar da bundan bir xeyir görə bilməyəcək. Bu bir mənalıdır”.

Vahid Məhərrəmov deyir ki, bu hal ilk dəfə deyil ki, baş verir. Bundan öncəki illərdə də dövlət hesabına vətəndaşa qoca, baxımsız heyvanlar paylanıb. Bu heyvanlar tələf olanda da rəsmilər belə izah ediblər ki, vətəndaşlar heyvanları düzgün bəsləyə bilməyib. Onun sözlərinə görə özünüməşğulluq proqramında bu malların satın alınmasının hansı şirkətə həvalə olunması açıqlanmır, proses qeyri-şəffaf keçirilir. Bu da korrupsiya ehtimallarını gücləndirir.

Tender iştirakçıları sirdir?

Biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən tenderdə hansı şirkətlərin qalib gəldiyini də soruşduq. Amma nazirlik bu sualları cavablamdı. Bircə onu qeyd elədilər ki, proses Satınalmalar Haqda qanuna uyğun aparılıb.

AzadlıqRadiosu bu barədə Bakı sakinlərinin də fikrini öyrənib:

 

No media source currently available

0:000:02:03 0:00
 

 

Özünüməşğulluq proqramının əsas mahiyyəti işsiz və işaxtaran şəxslərin ailə bizneslərini qurmalarına, əmək potensiallarının reallaşdırılması yolu ilə gəlirlərini artırmalarına, həmçinin kiçik və orta sahibkarlığın inkişafına xidmət edir. Rəsmi məlumata görə, indiyə kimi heyvandarlıq, avtomobil təmiri, kənd təsərrüfatı və digər sahələrdə vətəndaşlar öz kiçik bizneslərini qurublar. Bu da qeyri-neft sektorunun inkişafına dəstək verir.

Müstəqil ekspertlər də məhz belə bir proqramın icrasına ümidli idilər. Vahid Məhərrəmov deyir ki, proqram nəzərdə tutulduğu kimi icra edilərsə, həqiqətən məşğulluğun artırılmasına böyük töhfə verə bilər. Əks halda digər dövlət proqramları kimi bunun da ancaq adı olacaq.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ