SON DƏQİQƏ

Şəhər professionallarının gizli kədərləri

Tarix:30-10-2018, 22:56

Londonun şüşə və dəmir göydələnləri dünyanın ən güclü investisiya bankları və professional xidmət şirkətlərinə ev sahibliyi edir. Onlar 'toxunulmaz' təsiri bağışlayırlar.

Bəs, həmin binalarda işləyən bank işçiləri, hüquqşünaslar, mühasiblər və məsləhətçilər necə?

Şirkətlər professional işçilərini etibarlı, müvəffəqiyyətli və cazibədar təqdim etsələr də, reallıq daha mürəkkəb nüansları ehtiva edir.

Şəhərlərdə karyera yüksək məvacib və ağız sulandıran bonuslar mənasına gələ bilər, lakin iş mədəniyyəti və onun özü ilə gətirdiyi saysız tələblər hər il kifayət qədər çox sayda insanın psixoloji sarsıntısı, sağlamlıq problemləri və ciddi sosial zərəri ilə müşayiət olunur.

Insecure Overachievers radio verilişində Londonun Cass Biznes Məktəbindən professor Laura Empson, elit professional şirkətlərin hazırkı və keçmiş liderlərinin sözləri ilə bu gizli dünyanın pərdəsini aralaya bilib.

Jeremy Newman dünyanın ən böyük mühasibatlıq şirkətlərindən biri BDO-nun Qlobal İcraçı Direktoru olub. Şirkətin ortaq sahibi olmasına və tərəfdaşları tərəfindən seçilməsinə baxmayaraq, o, özünü heç vaxt rahat hiss etməyib. Hər görüşdən əvvəl düşünərmiş ki, görəsən axmaq kimi görünməyəcəm?

"Hər gün içimdə bir qorxu var idi ki, nə isə bir yanlışlıq olacaq və qalan hər şey ortaya çıxacaq", o izah edir.

Seçildikdən sonra, Newman ilk tərəfdaşlıq konfransını təşkil edir. O, gün ərzində səhnədə 350 nəfərin qarşısında ayaq üstə dayanmalı olur. Öz sözlərinə görə, performansını izləyənlərin onu "özünə inamlı" saydığına inanır.

"Lakin həmin gün köynəyimi beş dəfə dəyişmişdim, çünki hər sessiyanın sonunda bədənimdən tər axırdı. Və bu, otaq isti olduğuna görə baş vermirdi".

Newman davam edir, "Belimdəki ağrını dəf etmək üçün neçə dənə Nurofen, yaxud bənzəri həb atdığım yadımda deyil və günün sonunda sadəcə tərpənə bilmirdim".

Oyaq qalmaq üçün ekstremal taktikalar

Pennsylvania Universitetindən dr. Alex Michel, investisiya bankçılıq şirkəti Goldman Sachs-da başlayan maliyyə karyerasını sonradan akademik karyera ilə əvəzləyib.

O, bir həmkarının uzun müddət oyaq qalmaq üçün tətbiq etdiyi bir taktikanı xatırlayır: kəskin yuxusuzluqdan sonra necə oyaq qalmaq mövzusunda panel müzakirəsinin bir hissəsi kimi analitiklərdən biri stolun altında kağız sancağı saxlamağı məsləhət görmüşdü. Həmin sancağı özümüzə batıraraq ayıq qala bilərdik. Belə ki, "ağrı - onun təcrübəsində - onu ayıq saxlayan yeganə güclü vasitə idi".

Heç bir nailiyyət kifayət deyil

Konsultant Jessica Carmod KPMG şirkətinin baş menecerlərindən biridir. Heç bir nailiyyəti onun üçün kifayət olmayıb.

"Müəyyən həddə çatdıqdan sonra, həmin həddi bir az daha artırar və ona çatmağa davam edərdim", o deyir.

Mükəmməlik sevdası isə az qalmışdı ki, ona baha başa gəlsin.

Bir layihə üzrə 13 ay işlədikdən sonra, sağlamlığına təsir edəcək vəziyyət yaranır. Öz sözləri ilə desək, o, "heç yaxşı halda deyildi".

O, psixiatr qəbulunda olub, işini dayandırıb və əqli sağlamlıq üzrə ixtisaslaşmış The Priory Hospitalına gedib.

Carmody deyir ki, problemi yaradan heç də saatlarla işləmək mədəniyyəti deyil: uzun, aylarla çəkən amansız və davamlı prosesdir.

"Bu, ultra-marafon atleti olmaq kimi bir şeydir sanki, davamlı qaçırsan və dayanmırsan".

Nailiyyətə aparan yolda amansız təkana səbəb olan nədir?

Bu yaxınlara qədər David Morley, elit "sehrli çevrə" hüquq şirkəti Allen & Overy-nin əsas qlobal tərəfdaşı olub.

"Hərəkəti tətikləyən özün cızdığın müddət yox, müştərilərin təyin etdiyi müddətdir", o deyir.

"Deyək ki, cümə gününün sonudur və evə getməyə hazırlaşırsan, bir müştəridən zəng gəlir və deyir ki, 'Bu sazişi istəyirəm və bazar gününə qədər tamamlamaq istəyirəm'.

"Beləliklə cümə axşamı, çox güman ki, şənbə axşamı da işləməli olursan və həftəsonun heçə çevrilir, müştəriyə sazişi vaxtında çatdırmaq üçün hər şeyi bir kənara qoymalı olursan. Bu barədə artıq söz də deyə bilmirsən. Bu isə amansızdır".

Lakin Morley əlavə edir ki, bu cür həyəcan axını, sazişin sabah qəzetlərdə yer alacağını bilmək narkotik vasitə kimidir - "Adamın qanına işləyir".

"Bu gün günorta Çinə bir görüş üçün uçacağam və 24 saatdan sonra qayıdacağam." Standard Life və Barclays Bankın sədri ser Gerry Grimstone Çinə bircə görüş üçün səyahət edir.

"Ağlı başında olan adam niyə belə etsin ki?" o, ritorik sual verir.

"Cəfəng səslənsə də, işə səhər səkkizin yarışı başlayıram və axşam on birdə bitirirəm və adətən həftənin altı günü belə davam edir. Bu heç rasional deyil," Grimstone etiraf edir, xüsusilə də karyerasını tamamlamaq üzrə olan biri üçün.

"Amma özünü heç vaxt işini bitirib, istədiyini əldə etmiş kimi hiss etmirsən".

Bəlkə də bir az daha çox çalışsan, növbəti pilləyə çıxa bilərsən...

Təzyiq sağlamlığa necə təsir göstərir?

Alex Michel deyir ki, əvvəl əksər bank işçiləri işlərinin ağır təzyiqinə tab gətirə bilir, lakin təxminən dörd il sonra, hər şey dəyişməyə başlayır.

"Xroniki ağrılar, emosional və fiziki tükənmə hissləri, aludəçilik".

Endokrin xəstəliklər tez-tez yaşanır, o söyləyir, bunlar da bəzən sonsuzluğa yol açır.

Dr. Michel bir işçini misal çəkir ki, erkən otuzlu yaşlarında olmasına baxmayaraq, ona qan testlərinin nəticələrinin yetmiş yaşlı qadınla eyni olduğu deyilmişdi.

"Endokrin sistemi çökmüşdü".

Lakin yavaşlamaq əvəzinə bu professional, meditasiyanı daha çoxuna nail olmaq şansı kimi istifadə edir.

"Sonsuzluğa qarşı müalicəsinin bir hissəsi olaraq o, estrogen və başqa hormonlar qəbul edirdi və birdən, onlardan performansını artırmaq üçün istifadə edə bilmək imkanının fərqinə varır. Çətin müştərilərlə görüşəcəyi gün testosteron hormonunu bir az artıq qəbul edirdi".

Kimdir günahkar?

Aydındır ki, artan maaş sevdası işçilərin əqli və fiziki sağlamlığı üçün baha başa gələ bilər. Bəs canilər kimlərdir? Şəxslər özlərimi, yoxsa şirkətlərmi?

"Bu mədəniyyətlərin baniləri kimdir deyə soruşsanız, elə bir şey yoxdur, deyərəm", Michel iddia edir, "bu da faciədir... yuxarıdan gələn heç bir göstəriş yoxdur."

Bununla yanaşı şirkətlər, şəffaf olmayan daxili rəqabət əsasında uğura iddialı işçilərin istismarına imkan verən ideal mühit yaradırlar: həmkarlarınla birbaşa müqayisə olunduğunu bilirsən və il sonunda mükafatın, sənin digərləri ilə müqayisə olunaraq, gəlinən nəticəyə bağlı olacaq.

Ancaq həmkarlarının nə dərəcədə yaxşı işlədiyindən agah deyilsən və buna görə də onları "son dərəcə yaxşı işçi" kimi görürsən. Nəticə?

"Qələbə ümidi ilə özün üçün yüksək standartlar müəyyənləşdirirsən".

Geniş miqyasda rəqabət də öz rolunu oynayır: eyni müştərini və onun tələblərini yerinə yetirmək iqtidarında olan digər hüquq və ya müsahiblik şirkəti mütləq olacaq, David Morley deyir.

"Bu böyük müştərilərin dünyanın istənilən hüquqşünasını əldə etmək seçimi var".

Yaxşıya doğru dəyişən nə isə varmı?

"Əgər depressiya və ya narahatlığınız varsa", Jessica Carmody deyir, "bunu dilə gətirə bilməmək insanın vəziyyətini daha da pisləşdirir".

Carmody artıq KPMG-nin əqli sağlamlıq şəbəkəsini idarə edir. Bu isə şirkətin işçilərinə problemləri haqqında açıq danışmaq imkanı verir - yaxşılığa doğru dəyişiklik.

City Mental Health Alliance (Şəhər Əqli Sağlamlıq İttifaqı) adlı təşkilat da mövcuddur.

Təşkilatın sədri keçmiş "sehrli çevrə" hüquqşünası Nigel Jones-a görə, bəzi müştərilər kiçik işçi heyətinə qarşı münasibəti öyrənmək üçün onlardan müsahibə alırlar və onların cavabları əsasında da hansı hissəni qorumaq lazım olduğuna qərar verirlər.

Bu da yeniliyə bir işarədir.

Jones optimistdir.

"Vəziyyət dəyişməlidir", o deyir, "çünki müştərilər yüksək keyfiyyətli və səmərəli xidmət tələb edirlər və getdikcə anlayırlar ki, buna nail olmaq üçün işçilərin bacarıqlarından yaxşı istifadə etməsi lazımdır".

Laura Empson-a görə isə bir şey aydındır. Britaniya iqtisadiyyatının 17 faizini təşkil edən professional və maliyyə xidmətlərini nəzərə alsaq, Londonun mərkəzində işləyən insanların əqli və fiziki rifahı "hamımız üçün önəmlidir".

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ