SON DƏQİQƏ

Qarabağda sülh: şübhələr, reallıqlar və hələ də cavabsız suallar

Tarix:26-01-2019, 22:46

2019-cu ilin 16 yanvar tarixində Parisdə keçirilən Azərbaycan - Ermənistan XİN başçılarının görüşü heç kimin gözləmədiyi bir şəkildə müsbət bəyanatla başa çatdı.

Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran XİN başçıları "hər iki ölkə əhalisinin sülh prosesinə hazırlanması üçün konkret addımların atılacağı" barədə bəyanat yaydılar.

Pozitiv xarakter daşıyan bu bəyanat hər iki tərəfdə və beynəlxalq siyasi arenada kifayət qədər müsbət qarşılansa da paralel olaraq əlavə sualların yaranmasına da səbəb oldu.

Bununla belə Ermənistanın "sülh danışıqlarına can atması" bəzi erməni ekspertlərinin tənqidinə məruz qaldı.

Bəyanata şübhə ilə yanaşan erməni ekspertlər "sülh danışıqlarında Azərbaycanın lehinə ola biləcək ərazi dəyişikliyinin" yolverilməz olduğunu bildirirlər.

Göründüyü kimi ilkin mərhələdə həm rəsmi Bakı, həm də rəsmi Yerevan öz ölkələri daxilində sülh ritorikasının tətbiqi üçün konkret strategiyaya malik deyillər. Bu da Dağlıq Qarabağda yaşayan ermənilərdə skeptisizm yaratmaqda davam edir.

Dağlıq Qarabağdakı separatçı rejimin Ombudsmanı qismində fəaliyyət göstərən Artak Beqlaryan özünün sosial şəbəkədəki hesabından paylaşım edərək "Azərbaycanın sülhün bərqərar olmas üçün hər hansı ciddi bir addım atacağından şübhə etdiyini" bildirmişdi.

Azərbaycanla Ermənistan münasibətlərində ilk pozitiv dəyişiklər 2018-ci ilin sentyabr ayında Tacikistanın paytaxtı Düşənbə şəhərində keçirilən MDB dövlət başçılarının görüşündə müşahidə olunmuşdu. Görüş zamanı Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyan arasında dialoq baş tutmuşdu.

Bu dialoq qısamüddətli olsa da hər iki lider növbəti görüşdə sülh danışıqlarında konkret addımların atılması barədə razılığa gələ bildilər. Bu tendensiyanın davamı olaraq Milanda və Parisdə baş tutan XİN başçılarının görüşünü misal göstərmək olar.

Son olaraq bir neçə gün öncə hər iki ölkə başçısının İsveçrədə keçirilən Davos forumunda 1 saatdan artıq qeyri-rəsmi görüş keçirməsi həm Ermənistanda, həm də Azərbaycanda birmənalı qarşılanmadı.

Həm Azərbaycanın, həm də Ermənistan liderlərinin görüşündən əsas gözlənti isə təmas xəttində baş verən insidentlərin və təxribatların qarşısının alınması üçün sərt tədbirlərinin görülməsi idi.

2018-ci il ərzində Dağlıq Qarabağda təmas xəttində bu tip insidentlərin sayı kifayət qədər az olsa da Ermənistan tərəfində dalbadal itkilərin olması ölkədə ciddi etirazla qarşılanmışdı.

Bu faktı nəzərə alsaq, o zaman qeyd etmək lazımdır ki, təmas xəttində nisbi sakitçiliyin qorunmasının təmin edilməsi Nikol Paşinyanın administrasiyası üçün olduqca zəruri elementdir. Bu elementə tək siyasi yox, digər aspektlərdən də baxmaq lazımdır.

Sabiq prezident Serj Sarkisyandan fərqli olaraq, Nikol Paşinyan Dağlıq Qarabağdakı erməni klanının üzvü olmamaqla bərabər, siyasi karyerasında onu adı böyük korrupsiya qalmaqallarında və ya digər qanunsuzluqlarda hallanmayıb.

Bu baxımdan sülh danışqlarına təşəbbüs göstərmək Nikol Paşinyan üçün daha asandır.

Həmçinin nəzərə almaq lazımdır ki, hazırda Ermənistandakı ictimai rəy də Nikol Paşinyanın lehinədir. Lakin istisna deyil ki, Qarabağ erməniləri rəsmi Bakı ilə sülh danışıqlarının öz maraqları çərçivəsində davam etməsi üçün Nikol Paşinyan hökümətinə olan təzyiqləri gücləndirəcəklər.

Hər iki ölkənin XİN başçılarının görüşdən sonra yaydığı bəyanat Azərbaycanda da münaqişənin həlli ilə bağlı optimist proqnozların verilməsinə səbəb oldu.

Təmas xəttində atəşkəsin pozulması adi hala çevrilibFotonun müəllifiNURPHOTO/GETTY IMAGES
Image captionTəmas xəttində atəşkəsin pozulması adi hala çevrilib

Azərbaycanın Dağlı Qarabağ İcmasının yeni rəhbəri Tural Gəncəliyev Qarabağın azərbaycanlı icmasının erməni icması ilə əlaqələr yaratmağa hazır olduğunu bildirdi.

Ölkənin daxili dövlət institutlarının sülh prosesinə mülayim yanaşması rəsmi Bakının da danışıqlardan ciddi niyyətinin və gözləntilərinin olduğundan xəbər verir.

Azərbaycan tərəfindən bəzi yüksək rütbəli hərbçilərin sözlərinə görə isə "Ermənistan rəhbərliyinin sülhə getməsinin əsas səbəblərindən biri də 2016-cı ilin aprel döyüşlərindəki gözlənilməz məğlubiyyət" oldu.

Təbii ki, rəsmi Yerevan bu variantı sülh danışıqlarına bir səbəb kimi görmür.

Əsl səbəb Nikol Paşinyanın ölkə daxilində siyasi manevr edərək həm rəqibləri tərəfindən özünün hakimiyyətinə qarşı başladılan siyasi kampaniyaya sarsıdıcı zərbə vurmaq, həm də ölkənin milli təhlükəsizliyinə xələl gətirməyəcək bir sülhə imza atmaqla şəxsi nüfuzunu daha da artırmaq məqsədi ola bilər.

Ermənistanın "Past" qəzeti yazır ki, Nikol Paşinyanın Davosda İlham Əliyevlə görüşü təsadüf deyildi. Görüşdən əvvəl Paşinyan Ermənistanın sabiq naziri Levon Ter-Petrosyanla məsləhətləşib.

Bütün bu proseslər onu göstərir ki, Bakı ilə Yerevan arasında yüksək səviyyəli görüşlərin sayı yaxın gələcəkdə arta bilər.

Hələlik isə "sülhə keçid" prosesinin nə vaxt və hansı formada həyata keçiriləcəyi, əhalinin hansı təbəqəsinin əsas hədəf seçildiyi kimi məsələlər sual altında qalmaqda davam edir.

Hazırda Moskvada səfərdə olan baş nazir Nikol Paşinyan da jurnalistlərlə görüşü zamanı "Azərbaycan tərəfi ilə danışıqların davam etdiyini, lakin hər hansı arzuedilən konkret nəticənin olmadığını" bildirdi. Bu da onu deməyə əsas verir ki, Bakı ilə Yerevan arasında nazirlərin görüşündən savayı dövlət başçılarının yaxın zamanda görüşəcəyi istisna edilmir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ