SON DƏQİQƏ

Vitse-admiral: 'Mən Surət Hüseynovun qiyamının yatırılmasında iştirak eləmişəm'

Tarix:1-11-2017, 20:35

"Günahlandırırlar ki, yeni gəmi almamışam. Gəminin biri 200-300 milyon dollardır. Bu pulu mənə heç kim vermirdi ki, gəmi alım”, – vitse-admiral Şahin Sultanov belə deyir.

Müdafiə Nazirliyi Hərbi Dəniz Qüvvələrinin (HDQ) keçmiş komandanı, vitse-admiral Şahin Sultanovun haqqındakı cinayət işinin istintaqını aparan müstəntiqin özü dələduzluqda suçlanaraq həbs olunub. Bu haqda Şahin Sultanov noyabrın 1-də öz məhkəməsində bildirib.

2014-cü ilin aprelində həbs olunsa da, bir müddət sonra ev dustaqlığına buraxılan, bu ilin martında isə məhkəmənin hökmü ilə 8 il 6 ay şərti cəza verilən Şahin Sultanovun işinə indi Bakı Apellyasiya Məhkəməsində baxılır. Vitse-admiral haqqındakı hökmdən narazıdır, bəraət almaqdan ötrü apellyasiya şikayəti verib. Hərbi Prokurorluq da onun haqqındakı hökmə etiraz edir, onlar da apellyasiya protesti verərək, Sultanovun cəzasının ağırlaşdırılmasını, onun həbsini tələb edir.

Noyabrın 1-də keçirilən məhkəmədə öncə vitse-admiralın vəkilləri Telman Abdiyev və Emil Bədəlov danışıb, onlar Sultanova bəraət verilməsini istəyiblər.

Telman Abdiyev deyir ki, Ş.Sultanova verilmiş ittihamların hüquqi əsası yoxdur, boş söz yığınıdır. Heç bir sübut ortaya qoyulmadığını deyən vəkilin sözlərinə görə, ekspert rəyində də dövlətə heç bir ziyan dəymədiyi yazılıb.

Ş.Sultanov özü isə başına gələnlərə görə Hərbi Prokurorluğu günahlandırır. Deyir ki, Hərbi Prokurorluğun rəhbərliyinin qərəzi nəticəsində saxta ittihamlar meydana çıxıb. Onun sözlərinə görə, Zakir Həsənovun müdafiə naziri postuna gətirilməsindən sonra onunla bağlı müəyyən göstərişlər verilib.

"GƏMİNİN BİRİ 200-300 MİLYON DOLLARDIR”

Vitse-admiral xidmətlərinin nəzərə alınmamasından gileylənir: "Mən 40 il çalışmışam, peşəkar hərbçiyəm. Qüsursuz xidmət etmişəm. Mən vəzifəyə təyin ediləndə kommunikasiya, rabitə yararsız vəziyyətdə idi. Qısa müddətdə yenidənqurma həyata keçirildi. Müdafiə Nazirliyi 86 gəminin təmirinə ildə cəmi 50 min manat pul ayırırdı. O da köçürülmə yolu ilə, faizləri çıxılırdı. Ona görə də bu cür məsələləri kənardan gələn yardım hesabına həll edirdik. Gəmilərin illik təmir planı Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyi tərəfindən hazırlanırdı. Lakin təmirə pul Müdafiə Nazirliyi tərəfindən ayrılmırdı. Biz də məcbur olub, başqa yollarla bu işi görürdük. Yalnız fəhlələrə pul ayrılırdı, o da 3-4 ay gecikmə ilə...”

Sultanov deyir ki, hansısa anbarda kimsə nəsə edibsə, bu məsələyə onu qatmaq insanlığa sığmayan hərəkətdir. Prezidentin onu dəfələrlə orden və medallarla təltif etdiyini yada salan vitse-prezidentin sözlərinə görə, o, Surət Hüseynovun qaldırdığı qiyamın yatırılmasında da iştirak edib.

"Zahir Həsənov vəzifəyə gələndən sonra ilk əmri mənim haqqımda oldu. Məni cəzalandırıb vəzifədən uzaqlaşdırdılar. Mənə də xoş deyil bunları demək, amma məcburam. Prokurorluq protestdə yazıb ki, "Şahin Sultanov uyğunsuzluğa görə vəzifəsindən uzaqlaşdırılıb”. Səbəb kimi isə əsas bazanın sökülməsini göstərirlər. Orada Bayraq Meydanı tikilirdi, onun günahı məndə deyil axı...

Günahlandırırlar ki, yeni gəmi almamışam. Gəminin biri 200-300 milyon dollardır. Bu pulu mənə heç kim vermirdi ki, gəmi alım”, – Ş.Sultanov belə deyir.

"MƏN ÇIXANDAN SONRA HEÇ BİR GƏMİ ALINMAYIB”

Onun sözlərinə görə, Zakir Həsənovun əmri çıxan günün ertəsi Hərbi Prokurorluqdan yoxlama gəlib. Yoxlamaya da Hərbi prokurorun müavini Rasim Kazımov rəhbərlik edib. Vitse-admiralın sözlərinə görə, yoxlama zamanı ondan 5 milyon pul istənilib: "Dedilər ki, camaatdan yığ, ver. Dedim, heç nə verən deyiləm. Məni müdafiə nazirinin əmri ilə 45 günlük məcburi məzuniyyətə göndərdilər. Təqaüdə getməyim haqda təqdimat hazırladılar. 8 generalla birlikdə mənim də təqdimatımı prezidentə təqdim elədilər və vəzifədən kənarlaşdırılmağıma nail oldular. Mən çıxandan sonra heç bir gəmi alınmayıb. Bir neçəsi də metallom kimi doğranılıb. Heç bir iş görülməyib. Layihələr dayandırılıb”.

Onun haqqındakı cinayət işinin istintaqını aparan Hərbi Prokurorluğun müstəntiqi Vüqar Məmmədlinin həbsindən danışan Sultanov bildirib ki, o, dələduzluğa görə məsuliyyətə cəlb olunub.

Keçmiş müstəntiq Ş.Sultanovla birlikdə həbs olunan, Hərbi Dəniz Qüvvələrinin yanacaq xidmətinin sabiq rəisi Kazım Əsgərovun şikayəti əsasında həbs olunub. Şikayətdən sonra aparılmış xidməti yoxlamanın nəticələri əsasında 2015-ci ilin oktyabrında vəzifəsindən çıxarılan müstəntiq ardınca həbs edilib. Bir müddət əvvəl isə Bakı Hərbi Məhkəməsinin hökmü əsasında 7 il şərti cəza ilə azadlığa çıxıb.

İttihama görə, Vüqar Məmmədli təqsirləndirilən Kazım Əsgərovdan azadlığa buraxılması üçün 20 min manat pul alıb.

2Ş.Sultanovun çıxışından sonra Elşad Şamayevin sədrlik etdiyi hakimlər kollegiyası müşavirəyə gedib. Qısa müşavirədən sonra Bakı Hərbi Məhkəməsinin hökmünün dəyişdirilmədən qüvvədə saxlandığı, istər Sultanovun apellyasiya şikayətinin, istərsə də prokurorluğun protestinin təmin olunmadığı elan olunub.

XATIRLATMA

Ş.Sultanov 2014-cü ilin aprelində həbs olunub. Həmin vaxt Hərbi Prokurorluq açıqlama yaymışdı ki, Hərbi Dəniz Qüvvələrində aparılan yoxlamalar zamanı pozuntular aşkarlanıb. Həmin ilin dekabrında Sultanov barəsində həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəz olundu və o, azadlığa buraxıldı.

Ş.Sultanov Cinayət Məcəlləsinin 313 (vəzifə saxtakarlığı) və 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) maddələri ilə təqsirli bilinib və ona 8 il 6 ay şərti cəza verilib. Prokuror isə onun 13 il azadlıqdan məhrum edilməsini istəmişdi.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ