SON DƏQİQƏ

Gömrük dəyişməsə, inhisar da, bahalıq da qalacaq

Tarix:7-08-2018, 12:03

Dövlət Gömrük Komitəsinə yeni rəis təyin olunandan sonra bu qurumun işində nə dəyişib?

Yeni rəis Səfər Mehdiyev bu ilin aprelində, prezident seçkisindən sonra təyin olunub.

Təzə rəis köhnədir

Əslində, 45 yaşlı Səfər Mehdiyev bu sistemdə yeni deyil, karyera pillələlərinə baxanda məlum olur ki, o, 19 ildir bu Komitədə çalışır. Sədr vəzifəsinə təyin olunana qədər, son 12 ildə, Gömrük Komitəsi sədrinin 1-ci müavini kimi çalışıb.

İşadamı, keçmiş deputat Nazim Bəydəmirli elə bu məqamın üzərində dayanır, deyir ki, Gömrük Komitəsi necə fəaliyyət göstərirdisə, elə də qalır, çünki Səfər Mehdiyev Komitədə həmişə əsas söz sahibi olub:

"Gömrük Komitəsi ilə heç olmasa bir dəfə qarşılaşmış hər kəs bilirdi ki, Gömrük Komitəsini idarə edən Səfər Mehdiyev idi. Baxmayaraq ki, Komitəsinin sədri Aydın Əliyev idi. Bütün neqativ hallar, monopoliya, brokerlərin idarə olunması, Səfər Mehdiyevin adı ilə bağlı idi. Hesab edirəm ki, Dövlət Gömrük Komitəsi ləğv olunmayana qədər və onun strukturları Vergilər Nazirliyinə və digər qurumlara birləşdirilməyənə qədər bu problemlər xroniki olaraq Azərbaycanda qalacaq”.

Nazim Bəydəmirli
Nazim Bəydəmirli

 

Təhlilçilər deyirlər ki, idxalda monopoliya aradan qaldırılsaydı, Azərbaycan bazarlarında indikindən xeyli ucuzluq olardı. Gömrük Komitəsinin rəsmiləri isə indiyə qədərki müsahibələrində belə monopoliyanın olması iddiasını rədd ediblər.

Gömrükdən şikayət edən yalnız işadamları deyil.

İctimai fəal Murad Məmmədov deyir ki, keçən ilin dekabrında şəxsi istifadəsi üçün gömrükdən qida əlavəsi keçirməyə cəhd edib, amma onun malını 15 günə qədər gömrükdə saxlayıblar. Murad Məmmədov deyir ki, o, etiraz edib, prezidentə şikayət edəcəyini bildirib, yalnız bundan sonra mallarını gömrükdən buraxıblar:

"Bunu əvvəl də edə bilərdilər. Sadəcə bu sahə monopoliyadadır, bu dərman kimə lazımdırsa, gedib filan aptekdən almalıdır. Özüm gətirsəm, mənə problem yaradacaqlar”.

Qapalı qurum

Gömrük Komitəsi mətbuata qapalı qurum kimi tanınır. Bu qurum vaxtaşırı mətbuat konfransları keçirsə də, digər vaxtlarda ortaya çıxan suallar üçün qapalıdır.

Qurumun internet saytındakı telefon nömrələrinə gün ərzində zəng etsək də, dəstəyi qaldıran olmadı. İnformasiya sorğumuza da gün ərzində cavab ala bilmədik.

 

Rəsmi rəqəmlər deyir ki, gömrük daxilolmaları getdikcə artır.

Komitənin məlumatında deyilir ki, 2018-ci ilin yanvar-aprel aylarında Azərbaycanın dövlət büdcəsinə təqribən bir milyard manat köçürüblər, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35,5 faiz çoxdur.

Səfər Mehdiyevin özü isə mayın 2-də, mətbuat konfransında deyib ki, gömrükdə islahatlar aparılacaq:

"Bugünkü nəticələrə görə, nəzərdə tutulan plan proqnoz 136 faiz icra olunub, 750 milyon proqnoza qarşı, 1 milyard 121 milyon manat proqnoz icra olunub və Dövlət büdcəsinə 270 milyon manat əlavə pul köçürülüb. Hesab edirəm ki, bu tendensiya, bu islahatlar bundan sonra da davam etdiriləcək”.

Amma işadamı Nazim Bəydəmirli deyir ki, gömrük daxilolmalarının artması bir neçə ildir ki, davam edir və onun sözlərinə görə, daxilolmaların artmasının səbəblərindən biri budur ki, monopoliyaya aid olmayan idxalçıların faktura sənədləri qaydasında olsa da, gömrükdə, əksəriyyətinə guya "bazar qiyməti" tətbiq edilir, adətən bu "bazar qiyməti" yüksək götürülür və nəticə etibarılə həmin məbləğdən ödənilməli olan gömrük rüsumu və ƏDV də təbii ki, artır”.

Monopoliyaların keşiyində

Nazim Bəydəmirli deyir ki, monopolist və ya məmur sahibkarlığına aid olan şirkətlərin gömrük orqanlarına təqdim etdikləri fakturalar isə heç vaxt "bazar qiymətinə” uyğunlaşdırılmır və onlar müqayisə olunmayacaq dərəcədə az rüsum və ƏDV ödəmiş olurlar. Nazim Bəydəmirli deyir ki, bu monopoliyanın, necə deyərlər, daha kreativ formasıdır. Başqa sözlə monopoliyadan kənar sahibkar haqlı olduğunu heç cür sübut edə bilmir, kommersiya sirridir deyə başqa şirkətin eyni malı gömrükdən neçəyə keçirdiyini öyrənə bilmir”.

AzadlıqRadiosu Bakı sakinləri arasında sorğu aparıb. Onlar Azərbaycandakı gömrük xidməti haqqında nə düşünürlər:

 

İşadamı Nazim Bəydəmirli isə deyir ki, Gömrük Komitəsi departament kimi Vergilər Nazirliyinin tabeliyinə verilməlidir, bütün vergiləri, rüsumları nazirlik toplamalı, gömrük orqanları isə yalnız proseduru həyata keçirməlidir. Onun sözlərinə görə, Gürcüstan bu sistemə yaxşı nümunə ola bilər. Bu ölkəyə məhsul gətirən sahiblar gömrük orqanlarına getmədən belə, email vasitəsilə işlərini həyata keçirə bilər”.

Beynəlxalq reytinqlərdə Azərbaycan korrupsiyaya ən çox bulaşmış ölkələr arasında yer alır. Məsələn, Beynəlxalq Şəffaflıq Təşkilatının məlumatına görə, 2017-ci ildə Azərbaycan korrupsiyanı qavrama reytinqinə görə 180 ölkə arasında 122-ci olub. Gürcüstan həmin siyahıda 46-cı yerdədir.Gömrük dəyişməsə


скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ