Bəs görəsən Azərbaycandan turist axını daha çox hansı ölkəyədir? Hansı ölkəyə təlabat daha çoxdur və qiymətlər harda daha münasibdir?

Bu suallara cavab tapmaq üçün Aznews.az-ın müxbiri Four Sides Travel şirkəti ilə əlaqə saxlayıb.

Şirkətdən bildirildi ki, "Bu il əsas təlabat Türkiyə və Gürcüstanadır. Təlabat çox olsa da, demək olar bütün şikayətlər Türkiyədəndir. Ərəblər Azərbaycan kimi, Türkiyəyə də axın ediblər. Şikayətlər də elə məhz ərəblərlə bağlı olur, yerli vətəndaşlardan heç kim şikayət etmir. Əvvəlki illərdə ancaq Bodruma, Antalyaya gedirdilərsə indi Trabzona da maraq artıb. Türkiyəyə təyyarə biletlərinin qiymətləri çox qalxıb. Əvvəl Antalyaya bileti 240 manat idisə, indi 640 manatdır. Bu səbəbdən də, üstünlüyü avtobus turları təşkil edir. Ölkə daxili daha çox təlabat Quba - Qərçəşədir. Demək olar ki, hər gün bu istiqamətdə avtobuslarımız yola çıxır. Son vaxtlarda Lerik, Masallı və Yardımlıya da getmək istəyənlər artır. Bu əraziləri yeni-yeni kəşf edirlər. Əvvəlki illərdə ayda bir dəfə bu istiqamətdə avtobuslarımız çıxırdısa, indi iki həftədən bir çıxır ”.

2018-ci ilin yanvar-iyun aylarında xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının sayını dəqiq öyrənmək üçün Dövlət Statistika Komitəsi ilə əlaqə saxladıq.

Statistika komitəsindən aldığımız məlumata görə, bu ilin yanvar-iyun aylarında xaricə gedən vətəndaşların sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 6,3 faiz artıb. Bu müddət ərzində Azərbaycandan xarici ölkələrə gedən vətəndaşların sayı 2019,8 min nəfər olub. Ölkə vətəndaşlarının 30,7 faizi Gürcüstana, 28,7 faizi İrana, 21,2 faizi Rusiya Federasiyasına, 12,7 faizi Türkiyəyə, 1,7 faizi Ukraynaya, 1,2 faizi Birləşmiş Ərəb Əmirliklərinə, 3,8 faizi isə digər ölkələrə səfər etmişdir. Səfər edənlərin 68,8 faizi kişilər, 31,2 faizi isə qadınlar olmuşdur.