SON DƏQİQƏ

"Səsim səkkiz yaşlı qız səsinə oxşayır" - səsiniz biznesinizə necə təsir edir?

Tarix:28-07-2018, 13:40

Yazı BBC Capital-ın yeni seriyası Voice& Power-in bir hissəsidir. Burada səslərimiz və gəlirlərimiz, karyeramız və gücümüz arasındakı əlaqə təhlil olunur.

Nadia Finer Balaca Səs, Böyük Biznes (Little Voice, Big Business) podkastının aparıcısıdır və qadın sahibkarlarla işləyir.

Lakin uğura gedən yolunda o, ürəyində kök salan qorxulardan qurtulmalı olub.

"Səsimin qəribə olduğunu hiss etdiyim ilk an indiki kimi yadımdadır. 15 yaşım var idi və fransız dili dərsi üçün yenicə səs yazan maqnitofon almışdıq.

Səsi yazırdıq və tələffüzü yoxlamaq üçün qulaq asırdıq. Fransız dilini çox sevirdim. Həvəslə səsimi yazdım və play düyməsinə basdım.

Eşitdiklərim isə məni şoka saldı. Balaca uşaq danışırdı. Kimin səsi idi axı?

Öz səsim olduğunu anlamaq üçün mənə bir neçə dəqiqə lazım oldu. Dəhşət içində idim.

Həmin gündən sonra, mümkün qədər az danışmağa söz verdim.

Kiçilmişdim, gözə girməməyə çalışırdım, insanların məni tənqid edəcəyi və ya mənə güləcəyindən qorxurdum.

Hə, əlacsız qalsaydım ən azından telefon seksi şirkətlərindən biri üçün işləyə bilərdim, amma bu arzuolunmaz idi.

Ola bilsin ki, cizgi filmi dublyoru səsi ilə doğulmuşam, amma səsimə görə özümü hər zaman narahat hiss etmişəm. İnsanlar məni ciddi qəbul etməyəcəklər deyə sıxıntı keçirmişəm.

Evə gələn telefon zənginə mən cavab verirəmsə, səsimi eşidənlər çaşıb, anamla danışmaq istədiklərini deyirlər. Axı ana mənəm!

Və əlbəttə ki, sahibkar kimi də səsim mənə problemlər yaşadıb.

Kompüter arxasında gizlənib işləməyə üstünlük verirdim. Mümkün qədər telefon zənglərinə cavab verməkdən yayınırdım.

İctimai çıxış? Yox, çox sağ olun.

Özünəinamım ilə bağlı yaşadığım daimi daxili sıxıntı, özümdən böyük, daha çəkinməyən və daha cəsarətli biri ilə biznes partnyorluğu yaratmağıma səbəb oldu.

Bu halda mən arxa fonda gizlənə bilərdim.

Pis qərar idi. Biznes kənardan böyük və uğurlu görünsə də, stress içində idim, yata bilmirdim və daim tikan üstündə idim.

Olmadığım biri kimi görünməyə çalışırdım. Parlaq qadın sahibkar görüntüsü.

Bir gün biznes partynorumun mənə telefonda dediklərindən sonra, hər şey dəyişdi.

"Sən cəsarətsizsən. Biz geri salan sənsən!" Onun səsindəki gərginlik iyrənc idi. "Heç kim səni ciddiyə almır. Mənimlə eyni maaşa layiq deyilsən," o dedi.

Başım fırlanırdı. Öz qurduğum biznes idi axı. Öz biznesim. Öz ideyam. Qurduğum hər şeyin dağılıb ətrafıma səpələndiyini düşünürdüm.

İçimdə qaynayan vulkanı hiss etdim. Bələd olmadığım bir səs ona dedi: "Bitdi. Vəkilim səninlə əlaqə saxlayacaq." Dəstəyi yerinə asdım, əllərim əsirdi və ağlamağa başladım.

Bəlkə o haqlı idi? Bəlkə həqiqətən də işi ləngidən mən idim? Kiçik ambisiyalar və kiçik bacarıqlara sahib kiçik oyunçu idim bəlkə də? Həyatımı qaraldan da elə bu qorxu idi.

Bir neçə həftə ağlayıb-sızladıqdan sonra, içimdə bir güc hiss etdim.

Partnyoruma ehtiyacım olmadığını bilirdim. Yenidən hər şeyə başlaya biləcəyimdən əmin idim.

Bunu bir dəfə bacarmışdım.

Lakin bu dəfə fərqli olacaqdı. Hər şeyi özümə uyğun tərzdə edəcəkdim. Özümü biznesimin tam ortasına qoyacaqdım. Saxta görünüşü qırmağa və qorxum ilə üzləşməyə hazır idim.

Bəs buna nə qədər hazır idim? Məni mən edən şey ilə üzləşmək cəsarətim var idimi? Və bacarsam belə, insanlar məni ciddi qəbul edəcəkdimi?

Joseph Campbell-in bir sitatı yadıma düşdü: "Axtardığın xəzinə, məhz girməyə qorxduğun mağarada gizlidir."

Mənim mağaram isə səsim idi. Bunu açıq-aydın nümayiş etdirmək də qorxum idi.

Amma necəsə bilirdim ki, hər şeyin açarı da səsimdir.

Addım atmaq qərarına gəldim və elə həmin gecə ad da fikirləşdim: Balaca Səs, Böyük Biznes. Brendim bu olacaqdı.

Və nəticə? Biznesimdə özüm kimi olub, məni unikal edən şeydən bərk yapışmaq qərarına gələn gündən bəri geriyə baxmamışam.

Ola bilsin ki, multimilyoner deyiləm, məşhur deyiləm və ya biznes əfsanəsi (hələ ki) deyiləm, amma biznes yaratmaq iqtidarında olmuşam.

Biznesimin həcmi kiçik olsa da, böyük nəticələr əldə edirəm.

Biznesinizi yaratmaq üçün məhdudiyyətləri göz önünüzə gətirdikcə, özünüzü daha dərində gizlədirsiniz.

Çox güman ki, işıq saçmalı olduğunuz şey elə gizlətdiyiniz şeydir.

Mənim böyük xarakterim kiçik səsimdən doğuldu. Səsimi gücüm kimi görməyə başladım. Anladım ki, məni unikal edən də odur.

Bəs sizin unikal nemətiniz nədir? Gizlətdiyiniz nə isə varmı? Gizlənmək və başqaları kimi olmağı dayandırın. Dünyanın buna ehtiyacı var.

Özünüz kimi olduğunuz zaman yaxşı şeylər baş verir. İnsanları sizə yaxınlaşdıran şəxsiyyətiniz, təcrübələriniz və enerjiniz olacaq.

İşiniz yağ kimi gedəcək və xoşbəxt olacaqsınız. Və biznesiniz də günü-gündən güclənəcək.

Bu mənim başıma gələndir. İnsanlarım hekayəmi paylaşdığıma görə sevinirlər.

Onlar qorxu və əminsizliyimə rəğmən, dik durmaq, görünmək və internetdə böyük rəğbət qazanmaq istəyimə sevinirlər.

Biznesinizdə nə dərəcədə gözə görünürsünüz - istər internet olsun, istər marketinq? Özünüz kimi olmaq kifayətdir, amma heç kim sizi görmürsə, nə mənası?

Gücümü toplamamışdan əvvəl biznesimin arxasında gizlənməyə üstünlük verirdim. 22 yaşımda çəkdirdiyim bir şəkil var ki, onu həmişə istifadə etmişəm və edəcəyəm."

Hər şeydən əvvəl bilmək lazımdır ki, bizneslər münasibətlər üzərində qurulur. İnsanları əldə edən insanlardır. Əgər gizlənirsinizsə, bu əlaqəni qurmaq mümkünsüzdür.

Gücünüzü nümayiş etdirin. Nitq söyləməyə nifrət edirsinizsə, söyləməyin. Yazıçısınızsa, yazın!

Nəyi yaxşı bacardığınızı müəyyənləşdirin, təkrar-təkrar edin. Təəssüf ki, bir dəfə görünmək, sonra qaçıb gizlənmək kifayət deyil, gərək israrlı olasınız.

Beş dəqiqədən sonra, aradan çıxmaq olmaz!

Bir yanaşma hamı üçün eyni işləyə bilməz. Hər birimiz fərqli olduğumuz kimi, bizneslərimiz də fərqlidir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ