SON DƏQİQƏ

Azərbaycan telekanalları: Düşündürmək əvəzinə əyləndirmək?

Tarix:15-06-2018, 00:26

Azərbaycan televiziyalarındakı "yüngül” proqramlarla bağlı müzakirələr sosial şəbəkələrdə geniş müzakirə mövzusuna çevrilib. Özəlliklə də müxtəlif "qalmaqallı” şoulardan narazılıqlar var.

Bəs, görəsən tənqid olunanların, yəni bu verlişlərin özləri və aparıcıları bu müzakirələri izləyirlərmi? Ümumiyyətlə bu tip söhbətlərə onların münasibəti necədir?

AzadlıqRadiosunun müxbiri ilk olaraq, son zamanlar sosial şəbəkələrdə ən çox tənqid olunan "Maşın şou"nun aparıcısı Murad Dadaşovla əlaqə yarada bilməyib. Lider telekanalında yayınlanan bu verilişin aparıcısı telefon zənglərinə cavab verməyib.

Lakin zaman-zaman tənqid olunan başqa bir aparıcı Elçin Əlibəyli isə bu haqda danışmaq istəməyib:

"Bu suala cavab verməyəcəyəm. Çünki bu çox qeyri-peşəkar bir məsələdir. Çünki sosial şəbəkədir, orda hamı azaddır və hər kəs də öz fikrini bildirə bilər".

Milli Teleradio Şurasının monitorinq şöbəsinin müdiri Təvəkkül Dadaşov bildirib ki, Azərbaycan kanallarındakı verlişlərdə səviyyə aşağıdır:

"Gizlətmirik ki, efirlərdə yayım proqramlarının səviyyəsi heç də ürəkaçan deyil. Aşağı səviyyəli proqramlar, verilişlər çoxdur. Sosial şəbəkələrdə də müəyyən narazılıqlar var. Məsələn "Maşın şou" və digər bu tip şoularla bağlı tez-tez tənqidlər səslənir. Biz də mütamadi olaraq, öz narazılıqlarımızı media vasitəsi ilə bildiririk. Amma bu cür halların inzibati üsullardan daha çox, maarifləndirmə yolu ilə qarşısını almağa çalışırıq".

Təvəkkül Dadaşov əlavə edir ki, kanalların bu cür verlişlərlə bağlı əsas arqumentləri odur ki, onlara reytinq lazımdır. Kanallar bir-biri ilə rəqabətdədir.

Amma media eksperti Ələsgər Məmmədli hesab edir ki, belə bayağı verilişlərin televiziyaları zəbt etməsinin səbəbi kanalların müstəqil olmamasıdır.

Ələsgər Məmmədli düşünür ki, həm kanallara, həm də hökumətə ucuz şou proqramları sərf edir. Onun fikrincə, Azərbaycanda televiziyalar əyləndirmə, maarifləndirmə və maarifləndirmə kimi əsas rollarını gerçəkləşdirə bilmir:

"Cəmiyyəti ciddi şəkildə maarifləndirmək siyasi baxımdan elə də aktual deyil. Çünki maarflənmiş cəmiyyətin "başına ip salıb, fırlamaq" çox da asan olmur. Ona görə də televiziyaların daha çox bir rolu qalır - əyləndirmə. Azərbaycanda da peşəkar, düşündürərək əyləndirmək anlayışı olmadığı üçün, daha çox təlxəkliyi, bayağı üsulları keçirlər".

Ələsgər Məmmədlinin fikrincə, yaranmış durumun əsas səbəbləri televiziyaların müstəqil olmamasıdır.

Televiziyalar müstəqil olsaydı daha obyektiv və əhəmiyyətli xəbərlərdən ibarət proqramlar hazırlayar, ictimaiyyəti maarifləndirəcək müzakirələrə üstünlük verərdi. Amma Azərbaycan kanallarının belə bir imkanı olmadığından müzakirələr əsasən məişət mövzularında aparılır, rəsmi məlumatlara əsaslanan xəbərlər hazırlanır.

Maraqlıdır ki, prezident administrasiyasının rəhbəri də bir zamanlar televiziyaları tənqid etməyi sevirdi.

2009-cu ildə Azərbaycan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev telekanalları ifrat sayda şou proqramlar hazırlamaqda ittiham edirdi.

O vaxt ANS televiziyasının vise-prezidenti Mirşahin Ağayev demişdi ki, nazirlər, səlahiyyət sahibləri televiziya və jurnalistlə ünsiyyətdən yayındığından, efir də "toyxanaya” çevrilib.

Media tənqidçilərinin fikrincə, Azərbaycan telekanalları,eləcə də çap mətbuatı hakimiyyətin nəzarətində olduğundan ictimaiyyəti maraqlandıran əsas və önəmli məlumlatları yayımlamır.

«Sərhədsiz Reportyorlar» təşkilatı aprel ayında mətbuat azadlığı ilə bağlı indeks açıqlayıb. Bu hesabatda Azərbaycan 180 ölkə içində 163-cü yerdədir.

Hakimiyyət təmsilçiləri isə adətən bu tənqidləri rədd edir, ölkədə medianın azad olduğunu bildirirlər.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ