SON DƏQİQƏ

BÖYÜK KİŞİ, "fağır prezident", könüllərdə ucaldılan milyon abidə...

Tarix:8-06-2018, 11:24

Cümhuriyyətimizin 100 illiyini gözlənilən təntənə və qürurla qeyd edə bilməsək də hər halda dünyaya bir millət olaraq "göydən torba ilə düşmədiyimizi" göstərmək şansımız oldu. Ən azından demokratiyanın beşiyi hesab edilənlər və "Qoca qitə"nin başgicəlləndirən dəyərlər çələngini yerli-yersiz gözümüzə soxanlar prezident İlam Əliyevə təbrik məktubları göndərərkən barmaqlarını dişləməyə məcbur oldular ki, sən demə, onlardan çox-çox əvvəl müsəlman Şərqində əhalisi o qədər də böyük olmayan bir məmləkətdə Demokratik Cümhuriyyət qurmağa macal tapmış KİŞİLƏR olub. 
Bəli, bizim demokratiya carçılarından və qoca qitə müştəbehlərindən bir çox özəlliyimiz var, onlardan biri də bizim təkcə ölkənin, millətin deyil, dünyanın məhvərini dəyişə biləcək ürəyə, mənəviyyata və cəsarətə sahib KİŞİ kasadlığımızın olmamasıdır. Hər yüz ildən bir müxtəlif bəhanələrlə fiziki-mənəvi repressiya maşınından keçirilsə də yenə də tükənməməyimiz Millətin KİŞİ istehsalı məsələsində heç zaman "qısırlıq sindromu" ilə üzləşməyəcəyinin nikbin qənaətidir.

Əbülfəz Əliyev kimi bu namərd dünyaya göz açıb taleyinə Bəy kimi mənsub olduğu Millətinə Elçilik etmək yazılan milyonların sevimlisi, Türk dünyasının bənzərsiz sevdalısı, qosqoca qırmızı imperiyanın yeri - göyü lərzəyə gətirdiyi dönəmlərdə, bizlərin "Lenin baba" nağılları ilə xumarlandığımız dönəmlərdə sovetlərin qanlı repressiyalarına dimdik meydan oxusa da tarixdə "fağır prezident" kimi qalmış Milli Azadlıq Hərəkatının Lideri Elçibəy də sözün bütün mənalarında KİŞİ ADAM adına iddia edən azsaylı aydınlarımızdandır. 
Elçibəy haqqında yazı yazmaq üçün nə onun ailə üzvlərini, nə məhbəs dostlarını, nə hərəkat silahdaşlarını danışdırıb xatirə boğçasını eşələməyə gərək yoxdu. Bir siyasi xadimi daha yaxşı tanımaq və tanıtmaq üçün onun keçdiyi ömür yoluna və əməllərinə ötəri nəzər salmaq hər bir oxucu - tamaşaçı gözləri önündə bəlli obrazın canlanmasına kifayət edər. İllah da ki, söhbət Peyğəmbər yaşında dünyadan köçəcəyini bilərək buna şükr edən, sağlığında Peyğəmbərin özü qədər haqsız yerə daş-qalaq edilən, hətta haqq dünyasına köçdüyündən keçən 18 il ərzində belə, gerçək haqqını almayan bir millət fədaisindən söhbət gedirsə, onun misilsiz xidmətlərinə işıq salmaq üçün nə bələdçiyə, nə araşdırmaçıya gərək qalmır. Cəmiyyətimizin və məmləkətimizin yazılmamış davranış qaydalarına nəzərə alsaq əminliklə deyə bilərik ki, Elçibəyin zəmanəmizin ən parlaq simalarından olduğunu nə 80 illik yubileyində doğru-dürüst qiymətləndirə biləcəyik, nə növbəti 5-10 ildən sonra. Ola bilsin o Peyğəmbər ömrü yaşadığı kimi, elə Cümhuriyyət qurucularımızın da oxşar taleyini yaşayaraq yalnız anadan olmasının 100 illiyində dərk edilmək şansı qazanacaq.

Bu sətirlər onun qiyam yolu ilə hakimiyyətdən devrilməsinin 15-ci ildönümü günlərinə təsadüf edir. Bu gün onun 1 ili tamamlanmayan (yarımçıq ömür, gerçəkləşdirməyə macal tapmadığ ideyalar, yarı yolda qalan prezidentlik...) hakimiyyətini eninə-boyuna tənqid edənlərin özləri belə onun qısa zamanda çox böyük işlər gördüyünün fərqində olmamış deyillər. Sovetlərin çöküşündən sonra yaranmış intəhasız xaos, siçanlar oynayan büdcə, bu azmış kimi cəbhədə qanlı savaş, üstəlik, həm də formalaşmayan, əksəriyyəti idarəetmə təcrübəsi olmayan komanda üzvləri ilə taleyüklü islahatlar aparmağa başlamaq. Belə bir əlverişsiz şəraitdə elə 1 il hakimiyyəti əldə saxlamağın özü də böyük məharət və peşəkarlıq tələb edirdi. 
Hakimiyyəti könüllü təhvil vermək məsələsi də yalnız Böyük Kişilərə xas gediş ola bilərdi. Bu gün siyasi leksikonumuza daxil olan məxməri inqilablardan bəh-bəhlə sitat gətirənlər də Elçibəyin hakimiyyəti könüllü təhvil verdiyini unutmamamağa borcludurlar. Unutmaqdan söz düşmüşkən, Cabir Novruzu "Sağlığında qiymət verin insanlara" şeiri ilə rəhmətlə anaraq təəssüf hissi ilə qeyd etməliyik ki, biz Milli kimliyimizin etalonu olmağa haqq edən KİŞİLƏRİ nə sağlığında qiymətləndirə bilirik, nə ölümündən sonra. Bəli, topraqlarımızı fitnəkar Moskvanın aşkar himayəısi ilə nankor qonşularımız işğal edib, bu savaşda haqlı olduğumuzu bilən dünyanın gözlərinin kor, qulaqlarının kar olduğunu hər addımda hiss edirik. Hətta bizim təbii sərvətlərimizi özümüzdən münasib qiymətlərlə mənimsəyən bəzi "strateji müttəfiq"lərimiz də Qarabağdan söhbət düşəndə Azərbaycanın işğala məruz qaldığını açıq şəkildə bəyan etməkdənsə "münaqişənin sülh yolu ilə həllini dəstəkləyirik" deməklə ikiüzlülük sərgiləməkdən çəkinmirlər və biz bütün bunları ikrah hissi ilə qarşılamaqda davam edirik. Amma qədirbilənliyimizi kimlər əlimizdən alıb və ya işğal edib? Ermənilərmi, ruslarmı, amerikanlarmı, ingilislərmi, farslarmı? Unutqanlığımız əsrlərlə başımıza bəla olub, bu gün də onun acı meyvələrini boğula-boğula yeməkdəyik. Elçibəy kimi şəxsiyyətlərsə heç bir halda unudulmağa haqq etmir. 

Amma qəm yeməyə də dəyməz. Bizlərdən fərqli olaraq Qoca Tarix unutqan deyil və hər şeyi gec-tez yerinə qoyur. Əbülfəz Elçibəy kimi millət fədailəri sağlığında adlarını Tarixin səhifələrinə qızıl hərflərlə yazmağı, yazdırmağı bacarıblar və heç bir siyasi hakimiyyət, heç bir qüvvə onun mənsub olduğu millətin taleyində oynadığı misilsiz rolu danmaq iqtidarında deyil və belə bir cəhddə bulunsa belə iflasa məhkumdur. 

Cümhuriyyətimizin yüzüncü ildönümü günlərində başda Rəsulzadə olmaqla milli iftixarlarımız olan insanların xatirəsini hələ də əbədiləşdirmədiyimizin xəcalətini paylaşırıq. Unuduruq ki, adi gözlə görsənən abidələr, heykəllər gəldi-gedirdi. Amma kimsə könüllərdə ucaldılan abidələri, heykəlləri yıxmaq iqtidarında deyil və bu baxımdan istər Cümhuriyyət cəfakeşlərimizə, istərsə də sovetlərin çöküşündən sonra yenidən müstəqilliyimizin davasına çıxan Milli Azadlıq Hərəkatının lideri Elçibəyə milyonlarla əbədi heykəl ucaldıldığının fərqində olmalıyıq. Sadəcə bizlər öz könül dünyamızda bir məqama görə pəjmürdəyik. Haqq dünyasına qovuşduqda hərəkat üzvlərindən və silahdaşlarından kimsənin onun üzünə çıxmağa cəsarəti olmayacaq. Çünki kimsə onun yolundan getmədi, kimsə onun ideyalarına sadiq qalmadı, kimsə onun yarımçıq qalmış ideyalarının həyata keçirilməsi üçün boynuna kəfən dolamaq istəmədi. Rəhmətlik haqq dünyasına qovuşduğu il ANS telekanalındakı "Ən yeni tarix" proqramında Kəlbəcərin işğalı barədə çıxışında çox böyük inamla "Biz nə yatdıq ki, nə yuxu görək. Mən prezident olacam və yarımçıq qalmış ideyalarımızı həyata keçirəcəyik" demişdi. Amma silahdaşları və sələfləri kimi fələk də amansız oldu ona qarşı. Çoxları özünün yuxuluğa vurdu və 25 ildir ayılmaq istəmirlər.

Yeri gəlmişkən, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlunun Elçibəy haqqında  olduqca maraqlı fikirlərini burda xatırlamaq yerinə düşərdi:

"Elçibəy millətə liderlik haqqını öz cəlladlarını belə, sevə biləcək qədər böyük bir şəxsiyyət olması ilə qazanmışdı. O, xainləri cəzalandırmaq əvəzinə, onları islah etmək yolu tuturdu. Biz bunu zəiflik hesab edirdik, o isə millətinə məhəbbətini nümayiş etdirirdi. Sonralar "İncil”i mütailə edərkən İosa peyğəmbərin "Məhəbbətlə islah edin” fikirlərinə rast gəldim və Elçibəyin bir məsih kimi öz düşmənlərini belə, məhəbbətlə islah etmək yolu tutduğunu anladım. O, Elçibəy təxəllüsünü gəlişigözəl olduğuna görə yox, bəlkə də öz siyasi fəlsəfəsinə görə götürmüşdü...

Elçibəy bir azadlıq səyyahı kimi milləti üçün cığır açmışdı, biz isə ardıcıllar olaraq, bir azadlıq turistləri kimi onun açdığı cığırı yola çevirirdik. Elçibəy öndə getdiyindən, yolumuzu bizdən yaxşı tanıyırdı, onun təhlükəli yerlərini də, rahat yerlərini də bilirdi və bizim daha təhlükəsiz bir yolla getməyimizi təmin edirdi. Həm də özünün hələ getmədiyi yolun da çətinlikləri ilə bağlı zaman-zaman bizi xəbərdar edirdi. Azərbaycan xalqı öz böyük oğlu Elçibəyi yaxşı tanımadığına görə kədərlənməlidir, zatən millət onu unutduğuna və onun yolundan çıxdığına görə, bu gün onu kədərləndirən bir həyat yaşamağa məhkum edilmişdir".
Sərdar bəyin fikirlərinə hörmətlə yanaşmaqla bərabər bir vacib məqamda onunla razılaşmaq mümkün deyil. Axı sizlər niyə etiraf etmək istəmirsiniz ki, onun açdığı cığırı yola çevirə bilmədiyinizdən həmin yolu qanqaldan betər mənşəyi bilinməyən kol-kos tutdu və bu yolsuzluq bütövlükdə milləti çıxılmaz labirintə sürüklədi?

Elçibəyin 80 illik yubileyindən bizi sayılı günlər ayırır. Sağlığında qiymətini verə bilmədiyimiz, yoxluğunda kölgəsini qılıncladığımız Elçibəyi Sərdar Cəlaloğlunun İsa Məsihlə müqayisə etməsi də çox düşündürücüdür. Elçibəyin 62 illik ömrü sanki bütün peyğəmbərlərin yaşadıqları məşəqqətdən heç nə ilə fərqlənmədi. Hətta prezident kürsüsündə belə qafasını və qiyafəsini dəyişdirməyən bu bənzərsiz insansevərin ruhu bircə şeydən təsəlli tapmalıdır ki, Azərbaycanın heç bir yerində gədə-güdələrin Rəsulzadə kimi başına çuval keçirilən hansısa heykəli və ya büstü belə yoxdur. Ona görə də dayandığı zirvəyə qısqanclıqla boylananların hirslərini soyutmağa əllərinə bir şey keçmir. 
Yazını bitirərəkən bu gün Elçibəyin 1992-ci ildə prezident seçildiyi gün olduğunu xatırlayıb bir daha onun narahat ruhu qarşısında baş əyir, ona Uca Yaradandan rəhmət diləyirəm. Hesab edirəm ki, elə indidən Elçibəysevərlər 100 illik yubileyə hazırlaşmalıdırlar. Bu yubileyi görməyə kiminsə ömrünün yetməməsi də dünyanın sonu deyil. Yetər ki, bu misilsiz hərəkatçının özünə layiq bir hərəkata (Cəbhəçilərin və müsavatçıların "Rəsulzadə-Elçibəy yolu" adlandırsalar da əslində özlərinin bilərkədən-bilməyərəkdən hər addımda minalar basdırdıqları yolla isə uzağa getmək olmaz) start verilsin və silahdaşları onu nəinki unudulmağa qoymasınlar, əksinə, Haqq dünyasında olsa belə, haqqına qovuşmasına nail olub günahlarının bir hissəsini yusunlar...
скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ