SON DƏQİQƏ

Azərbaycan məktəblərində pedofiliya ittihamları: "Hələ evcik-evcik oynayan qıza o gözlə baxan adam müəllim ola bilərmi ki?"

Tarix:15-12-2018, 12:27

Azərbaycanda Mirismayıl Xələfli adlı kişinin, "müəllim işlədiyi zaman" 7-ci sinifdə oxuyan qıza meyl etdiyini televiziya çıxışında etiraf etməsi ölkədə böyük narahatlıq və narazılıqlar doğurub.

Məktəbli qızların valideynləri bu çıxışdan sonra təşvişə düşüb. Təhsil Nazirliyi deyir ki, belə hallar müstəsna olaraq baş verə bilər.

Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi isə BBC News Azərbaycancaya bu və buna bənzər digər faktların araşdırıldığını bildirib.

Müəllim azyaşlıya meyl edirsə…

"Həyat yoldaşıma dərs deyirdim, o, 7-ci sinifdə oxuyanda nişanlandıq, onu məktəbdən çıxartdırdım", Space telekanalının "El bizim, sirr bizim" verilişində, hazırda informasiya saytlarından birinin redaktoru olan Mirismayıl Xələfli deyib.

Verlişdə o, ünvanına deyilən "pedofiliya" ittihamını qəbul etməyib, bildirib ki, gələcəkdə həyat yoldaşının işləməməsini istədiyi üçün onun təhsilinə mane olub.

Bu arada başqa bir müəllim - Rövşən Əzizov da həyat yoldaşının 9 yaşı olanda ona vurulduğunu, daha sonra onunla ailə qurduğunu bildirib.

Bu iddialardan sonra BBC News Azərbaycancaya danışan valideynlər belə mümkün hallardan hədsiz narahat olduqlarını deyiblər.

"Müəllimin televiziyada dediyindən sonra qız anası kimi narahatam. İki qızım oxuyur. Ürəyimə qara fikirlər dolur, birdən müəllimlərindən hansısa onları yoldan çıxarar, əl atar", Bakının ətraf kəndlərindən birində - Zığda yaşayan Məryəm Vəliyeva deyir.

Qızlardan böyüyü 8-ci, kiçiyi 6-cı sinifdə oxuyur. "Bu yaşda qızlar hələ həyat nədir bilmir, iki xoş sözə aldana bilər". Ananın narahatlığına səbəb həm də yaşadığı mühitdir. Danışır ki, yaşadığı Zığ kəndində erkən nikah geniş yayılıb, bəzən qızlar özlərindən 10-15 yaş böyük oğlanla ailə qururlar. "Çoxu burda qızını oxutmur. Kimi kasıblıqdan oxutmur, kimi də mövhumatçıdır, hesab edirlər ki, qız nə qədər tez ərə getsə o qədər yaxşıdır. Amma mən qızlara başa salmışam ki, oxumaq lazımdır"


Nailə Qulamovanın da üç qızı var, ikisi orta məktəbdə oxuyur, amma o müəllimlərinin qızlarına yad gözlə baxacağına inanmaq istəmir.

"O cür müəllim bir olar, iki olar, hələ evcik-evcik oynayan qıza o gözlə baxan adam müəllim ola bilərmi ki? Onda deməli, bu adamda nəsə çatmır. Şükr bizim məktəbdə müəllimlərin çoxu qadındı, cavan müəllim demək olar yoxdur. Bir də Bakıda inanmıram belə hadisə ola, kəndlərə baxmayın".

Tovuzlu Zərqələm Kərəmova danışır ki, şagirdiylə evlənən müəllimlər az deyil: "Qonşumuz müəllim idi, 38 yaşında evləndi. Öz şagirdi 10-cu sinifdə oxuyanda elçi göndərdi, bir il qız məktəbə nişanlı getdi gəldi. Ağır təbiətli idi deyə yazıq qıza hər şeyi qadağan etdi, son zəng tədbirinə də getmədi. Bütün kənd bilirdi ki, qız başqasını sevir, müəllim də bilirdi... Sonra eşitdik ki, yola getmirlər".

Pedofiliya, yoxsa uşaq istismarı

Sosioloq Sənubər Heydərovanın fikrincə, müəllimin 7-ci sinifdə oxuyan qıza gözünün düşməsi pedofillikdir. O deyir ki, yerli və beynəlxalq qanunvericiliyə görə 18 yaşdan aşağı olan hər kəs (onun təhsildə, karyerada, idmanda və ya istənilən sahədə böyük uğuru olsa belə) uşaq sayılır.

"18 yaşına çatmayan insan siyasi görüşləri ilə bağlı (səsvermədə iştirak etmək, siyasi partiyalara daxil olmaq və s. hüququdan məhrumdur ) qərar verə bilmədiyi kimi nikaha girmək kimi məsuliyyətli məsələ haqqında da qərar verə bilməz. Ona görə də 18 yaşı tamamlanmayan şəxsin nikaha girməsi psixoloji zorakılıqdır, bu pedofiliyanın əsasıdır, ortada cinsi münasibət olsa da, olmasa da".

Sosioloq deyir ki, müəllim şagird üçün avtoritetdir, onun şagirdinə "Arxayın ol, biz xoşbəxt olacağıq" və ya "sən çox gözəlsən" deməsi başqa təsirə malikdir, məktəblinin yaşıdlarının oxşar fikirlər səsləndirməsi tamam ayrı.

El bizim, sirri bizim, space TV, Mirismayıl XələfliFotonun müəllifiYOUTUBE

Onun qənaətincə, ortada təzyiq vasitəsi, öz vəzifəsindən sui-istifadə var. "Uşaq müəllimə inanır, valideyn də onu məktəbə etibar edib, uşağa dərs əvəzinə başqa şey təklif olunur".

Uşaq psixoloqu Ruhəngiz Əhmədova pedofiliyanın uşaq istismarı olduğunu, ancaq konkret bu məsələdə birbaşa pedofiliya diaqnozu qoymağın çətin olduğunu deyir.

"Pedofiliya spesifik məsələdir. Orda insanın həm seksual, həm də davranış problemi var. Bəlkə də onun üzərində metodikalarla iş aparılsa pedofil olduğunu demək olar. Ancaq tam əminliklə buna uşaq istismarı deyə bilərik. Çünki uşağın qərar vermək qabiliyyəti yoxdur, iradə zəifliyi var".

Azərbaycan qanunvericiliyində, uşaqları cinsi istismar edənləri və onlara cinsi hislər duyanları təsvir edən "pedofillik" sözü istifadə olunmur, ancaq "uşaqların cinsi istismarı" cinayət sayılır və qanunda deyildiyinə görə, "Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş müvafiq məsuliyyətə səbəb olur".

Daxili İşlər Nazirliyinin bu və buna bənzər digər halları araşdırıb-araşdırmadığını aydınlaşdırmaq mümkün olmayıb. Ancaq Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsi Space telekanalında səsləndirilən etirafla bağlı məsələnin araşdırıldığını bildirib.

"Fakt araşdırılır"

"Şagirdin 7-ci sinifdən çıxarılması, təhsildən yayındırılması yolverilməzdir. Həmin fakt artıq araşdırılır və hüquq-mühafizə orqanları ilə əlaqə saxlanılıb". Ailə, Qadın, Uşaq problemləri üzrə Dövlət Komitəsinin şöbə müdiri Elgün Səfərov BBC News Azərbaycancaya belə deyir.

"Bu yaxınlarda iki 7-ci sinif şagirdi ilə bağlı məlumat daxil olub. Biri televizyada gedib. O fakt 10-15 il qabaq baş verib. Hazırda başqa bir fakt da araşdırılır, 7-ci sinif şagirdi 10 gündən çoxdur evdə saxlanılır. Bununla bağlı da addımlar atılır, işlər görülür. Məxfilik baxımından detallı danışa bilmərik".

Hadisə 10 il öncə baş veribsə, rəsmi qurum bu durumda, qarşı tərəfə sadəcə, belə bir davranışın yolverilməz olduğu deyilir, Elgün Səfərov söyləyir.

"Bizə daxil olan məlumatlara əsasən preventiv tədbir görmək mümkündürsə, görürük. Ailələrlə müzakirə aparılır ki, uşaq təhsildən yayındırılmasın, onun təhsilini başa vurmasına imkan yaradılsın. Həmin qızlara psixoloji yardım göstərilir. Ancaq məsələn, hadisənin üstündən 20 il keçib, nikaha giriblərsə, sadəcə psixoloji yardım göstərilir. Nikah rəsmiləşdirilməyibsə, bu yöndə iş aparırıq. Bu ailədə böyüyən uşaqların hüquqi statusunun rəsmiləşdirilməsinə çalışırıq".

Elgün Səfərov son 2-3 ildə hökumətin apardığı işlər nəticəsində Azərbaycanda erkən nikahların sayının 10 dəfə azaldığını, 2012-ci ilə qədər hər il 5200 erkən nikah qeydə alınırdısa, indi bu rəqəmin 400-500 olduğunu bildirir.

"Cinayət Məcəlləsinin 76-cı maddəsində erkən nikaha məcbur edən şəxsin cinayət məsuliyyətinə cəlb olunmaqla 4 il azadlıqdan məhrum edilməsi müəyyənləşdirilib. Bu, artıq tətbiq də edilir", Dövlət Komitəsinin şöbə müdiri deyir.

Sosioloq Sənubər Heydərova rəsmi qurumun göstərdiyi rəqəmə inanmır və gerçək rəqəmlərin ortaya çıxması üçün müstəqil araşdırma və ya sorğu aparmağa imkan verilmədiyini söyləyir. O, araşdırmaların adətən "hökumətin nəzarəti altında və senzuradan keçirilərək" aparıldığını qeyd edir.

Müəllim-şagird nikahları

Sosioloq Sənubər Heydərova Azərbaycanda erkən nikahların geniş yayıldığını söyləsə də, müəllimlə şagird nikahlarının geniş yayılmadığı qənaətindədir. O, bunun ölkə üçün xarakterik olmadığını, buna görə də problemin sosial şəbəkələrdə, KİV-də təəccüblə qarşılandığını düşünür.

Psixoloq Ruhəngiz Əhmədova isə müəllimlərin şagirdləri ilə evlənmələrinin və ya onlara başqa gözlə baxmalarının yayğın olub-olmadığını söyləyə bilmir. "Qəti fikir söyləyə bilməkdən ötrü araşdırma" aparılmalı olduğunu vurğulayır.

Ancaq psixoloq kimi öz təcrübəsində bu cür halla rastlaşdığını qeyd edir: "Bir dəfə şagird danışmışdı. O müəllimlərindən biri haqda demişdi ki, başqa məqsədlər, xüsusən də dini dərslər adı altında hər uşağa qarşı bunu edirmiş. Yəni təcavüz etməsə də, təcavüzə meyl, seksual hərəkətlər edirmiş, onları otağına çağırıb sığallayırmış və s. Pis odur ki, bu cür insanlar çox yaxşı maskalanır. Belə adamlar az deyil".

Buna görə də psixoloq müəllimlərin biliyinin yoxlanıldığı kimi psixoloji durumunun da yoxlanılmalı olduğunu təklif edir: "Savadlı müəllim ola bilər, ancaq travmatik, psixoloji problemləri mövcud insan da ola bilər".

"Şəxsiyyətin deqradasiyası", "kölə yanaşması"

Psixoloq Aygün Cəfərovanın sözlərinə görə, azyaşlı ilə nişanlanmaq, evlənmək istəyən kişinin problemi var, onda "şəxsiyyətin deqradasiyası" baş verir. O deyir ki, normal psixologiyası olan adam 7-ci sinif şagirdi ilə evlənməyi düşünə bilməz.

"Bəlkə də bu, həmin kişinin daxili qorxuları ilə bağlıdır. Düşünür ki, əxlaqsızlıq baş alıb gedir, daha azyaşlı, 9, 13-14 yaşlı qızla ailə qursam, kölə kimi saxlasam, gələcəkdə bu problemdən qurtularam. Bu, düzgün yanaşma deyil. Əslində, mən öz təcrübəmdə görmüşəm ki, basqı alıtında, kölə kimi saxlanan həmin qızlar həyatın çətinliklərinə dözümsüz olurlar. Həyatda nələrisə yaşamadıqlarına görə sonradan bəzən gənc gəlinlər evdən qaçırlar, qurtuluş axtarırılar".

Mirismayıl Xələfli Space kanalının "El bizim, sirr bizim" verilişində özünə qarşı ittihamlara cavab verərkən özünü müdafiə edib və "bu mənim subyektiv fikrimdir" deyib. O, bu hərəkətini "cəmiyyətdə gedən proseslər"lə əlaqələndirib və "uşaq dərsə valideynin nəzarəti altında gedib-gəlməlidir" deyib.

Psixoloq Cəfərova 7-ci sinifdə oxuyan və ya 13-14 yaşlı qızların hələ şəxsiyyət kimi formalaşmadığını, buna görə də erkən yaşda evləndirildikdə sonra ailədə problemlərin yarandığını bildirir.

"Yeniyetməlik dövründə ideal bildiyi adamı sonradan qəbul etməyə də bilər. 20-25 yaşa çatanda həyat yoldaşının xarakterindəki çatışmazlıqları görüb boşanmaq istəyə, aldığı travma ilə uşaqlarına düzgün tərbiyə verməyə bilər", Aygün Cəfərova izah edir.

Müəllimlərin etik kodeksi nə deyir?

Müəllimlərin etik kodeksində konkret bu durumla bağlı nəsə deyilməsə də, "Müəllim şəxsi həyatında milli əxlaq, ictimai davranış normalarına riayət edir", "vəzifə səlahiyyətlərindən şəxsi maraqları üçün istifadə etmir" yazılır.

Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov sözügedən kodeksdə əsasən "etik çərçivənin qorunduğunu" bildirir.

"Məktəb təlim-tərbiyə müəssisəsidir və təhsil verənin bütün davranışları norma kimi qəbul olunur. Bu baxımdan onun öhdəlikləri var, təhsilalana verdiyi mesajlar var. Bu mesajlara onların örnək şəxsiyyət olması, milli-mənəvi dəyərlərə bağlı olması, sərgilədiyi davranışlarda ancaq yüksək dəyərlərə söykənməsi daxildir".

Müəllimlə şagird arasında hisslər yaranarsa təhsilverən necə davranmalıdır? Konkret bununla bağlı Təhsil Nazirliyinin nə etməli olduğunu göstərən norma, qayda varmı?

Cəsarət Valehov deyir ki, ailə qurmağın qanunla müəyyənləşdirilmiş yaş həddi var.

"Şəxs həddi-büluğa çatıbsa, bunu iki şəxs öz arasında həll etməlidir. Amma bunun məktəbdə baş verməsi qəbul edilmir. Pis örnək sayılır. Təcrübədə qarşılaşdığımız situasiya deyil. Müstəsna halda belə şey baş verə bilər. Bununla bağlı da həmin təhsil müəssisəsinin kollektivi, pedaqoji heyəti müvafiq addım atmalıdır. Müəllim hər bir halda etik kodeks çərçivəsində davranmalıdır. Buna zidd məsələ varsa pedaqoji şura tərəfindən qərar qəbul olunur", Cəsarət Valehov söyləyir.

O həmçinin Mirismayıl Xələflinin "müəllimlik fəaliyyəti ilə məşğul olmadığını" da bildirib.

Bu kənddə qızlar orta məktəbi niyə bitirmir?

Mirismayıl Xələflinin bir müddət işlədiyini söylədiyi və həyat yoldaşının da təhsil aldığı Ağsu rayon Xəllili kənd məktəbinin direktoru Oqtay Şıxıyev BBC News Azərbaycancaya deyib ki, onun söylədikləri yalandır: "Həmin qız bizdə oxuyub. Özü də yaxşı qiymətlərlə. 2006-cı ildə 9-cu sinfi bitirib. Ondan sonra təhsilini davam etdirməyib", - direktor danışır.

Məktəbin adının çəkilməsini istəməyən müəllimi isə BBC News Azərbaycancanın əməkdaşı ilə söhbətdə deyib ki, o zaman sözügedən şagirdin 9-cu sinfi bitirməsi haqqında arayış hazırlayaraq göndəriblər. Amma o, bu arayışın hara, kimə və nə məqsədlə göndərildiyini izah etməyib.

Məktəb direktoru Oqtay Şıxıyevin sözlərinə görə, rəhbəri olduğu məktəb tam orta məktəb olmadığından təhsildən yayınma halları da baş vermir: "Mənim məktəbim 9 illikdir, 11 illik deyil. O gedib Ərəbmehdibəy kənd orta məktəbində oxuya bilərdi, sadəcə, valideynləri məsləhət bilmədi, deyəsən".

Direktor Xəlilli kəndindəki qız şagirdlərin çoxunun 9-cu sinifdən sonra təhsillərini yarımçıq saxladığını söyləyir.

"Qız uşağıdır, bizim kəndlə Ərəbmehdibəy kəndi arasında 10 kilometr məsafə var. Qəşəng oxuyurlar, çalışırlar. Sadəcə imkan olmadığından kənarda təhsillərini davam etdirə bilmirlər. Daha çox oğlanlar oxumağa gedirlər, Kürdəmirə, Göyçaya... Amma kəndimizdə tam orta məktəb olsa bir uşaq da təhsildən yayına bilməz".

Oqtay Şıxıyev Mirsimayıl Xələflinin müəllim olmadığını da xüsusi qeyd edir, onun tələbə olarkən həftədə bir dəfə onların məktəbində ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı şagirdlərdən ibarət qrupla işlədiyini bildirir. Direktor onun gələcək həyat yoldaşına dərs demədiyini də əlavə edir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ