SON DƏQİQƏ

10-yaşlı Nərminin qətli: 'Ya cinayəti aça bilmirlər, ya da cinayətkarı gizlədirlər'

Tarix:30-07-2020, 12:47

Tovuz rayonunun Dondar Quşçu kəndində 10-yaşlı Nərmin Quliyevanın qətlində suçlanan İlkin Süleymanovun apellyasiya şikayətinə baxılıb. Şikayət İ.Süleymanovun ibtidai istintaq dövründə həbsdə saxlanma müddətinin daha 5 ay uzadılması haqda qərardan verilib.

 

İyulun 29-da Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasa İ.Süleymanovun özünü də gətiriblər. O, günahsız olduğunu vurğulayaraq həbsdə saxlanma müddətinin uzadılmasına etiraz edib. Vəkilləri də onun həbsdə saxlanması üçün maddi və prosessual əsaslar olmadığını vurğulayıblar. Bildiriblər ki, İlkinin həbsdə saxlandığı 7 ay ərzində ona münasibətdə yetərincə araşdırma aparılıb, amma onun təqsirli olduğunu göstərən heç bir sübut ortaya qoyulmayıb.

 

Tovuzda yanmış cəsədi tapılan qızla bağlı səs yazısı yayılıb...
 

No media source currently available

0:000:01:59 0:00
 

Lakin məhkəmə apellyasiya şikayətini təmin etməyib, İ.Süleymanovun həbs müddətinin artırılması barədə Nəsimi Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

"Onun təqsirli olmadığı sübutlarla təsdiqini tapıb"

İ.Süleymanovun vəkili Əlibaba Rzayev AzadlıqRadiosuna bildirib ki, həbs-qətimkan tədbirinin müddətinin ikinci dəfə uzadılması üçün işdə müstəsna mürəkkəblik olmalıdır: "Düzdür, baş verən mürəkkəb, ürək ağrıdan hadisədir. Körpə qız uşağı qətlə yetirilib. Bəs İlkin Süleymanova münasibətdə hansı mürəkkəblik var? 7 aydır İlkin həbsdədir, onun əleyhinə heç bir mötəbər sübut yoxdur. İlkinə münasibətdə zəruri istintaq hərəkətləri aparılıb, araşdırılmalı olan halların hamısı araşdırılıb. Onun təqsirli olmadığı sübutlarla təsdiqini tapıb. Amma təəssüf ki, apellyasiya şikayətimiz təmin olunmadı".

 

Ə.Rzayev
Ə.Rzayev

Vəkil əlavə edib ki, İ.Süleymanovun yanvarın 6-dan 10-na qədər Tovuz Rayon Polis Şöbəsində qanunsuz saxlanması, bu müddətdə işgəncəyə məruz qalması ilə əlaqədar Avropa Məhkəməsinə şikayət göndərilib. Vəkilin sözlərinə görə, öncə Baş Prokurorluğa şikayət edib işgəncə verənlərin cinayət məsuliyyətinə cəlb olunmasını istəsələr də, baş prokurorun keçmiş birinci müavini Rüstəm Usubov İ.Süleymanovun əleyhinə qərar verib. Qərarda göstərilib ki, işgəncə faktı təsdiqini tapmayıb, bu üzdən cinayət işi başlanması rədd edilir.

Sözügedən qərarın ləğvi üçün Səbail Rayon Məhkəməsinə, daha sonra Bakı Apellyasiya Məhkəməsinə verilən şikayətlər də nəticəni dəyişməyib: "Məhkəmə nəzarəti qaydasında verilən şikayətlər üçün Ali Məhkəməyə şikayət nəzərdə tutulmayıb, apellyasiya məhkəməsi sonuncu instansiyadır. Ona görə də Avropa Məhkəməsinə şikayət göndərmişik".

 

A.Süleymanov
A.Süleymanov

İ.Süleymanovun yaxınları da onun həbs müddətinin artırılmasına etiraz edir. Deyirlər ki, onu heç bir təqsiri olmadığı halda, onsuz da 7 aydır həbsdə saxlayırlar.

"Pandemiyaya görə görüşmürük, ancaq telefonla danışa bilirik. İstintaqın uzanması onu da narahat edir. Günahsız bir insanı 7 ay həbsdə saxlamaq çox ağırdır, üstəlik, yenə uzadıblar. O vəziyyətdə ola-ola yenə bizi sakitləşdirməyə çalışır, deyir ki, "birdən mənim şərlənib həbs olunmağıma görə Nərmin balanın ailəsinə acığınız tutar, onların üstünə getməyin". Onsuz da belə fikrimiz olmayıb. Sadəcə, demək istəyirəm ki, İlkin bu qədər mədəni, qarışqanı da tapdamayan adamdır", - qardaşı Adil Süleymanov AzadlıqRadiosuna danışır.

"Sanki... işi bağlamağa çalışırlar"

İlkinin əmisi oğlu Tariyel Süleymanov iddia edir ki, bu cinayətin üstünün açılması görüntüsü yaratmaq üçün günahsız insanı qurban seçiblər. O, istintaqın obyektiv aparılmamasından gileylənir:

T.Süleymanov
T.Süleymanov

"Sanki əsl cinayətkarları qorumaq üçün günahsız bir insanı tutublar. İlkini təqsirli kimi qələmə verib, bu işi bağlamağa çalışırlar. Halbuki, biz gerçəyi üzə çıxarmaq üçün istintaqa kifayət qədər ipucları vermişik. Amma onları qəbul edib, araşdırmaq istəmirlər. Ya cinayəti açıb, cinayətkarı tapa bilmirlər, ona görə İlkinin boynuna qoyurlar, ya da əsl cinayətkarları gizlədirlər".

Prokurorluq isə İ.Süleymanovun işgəncəyə məruz qalması barədə deyilənləri təkzib edir. Hələ yanvarın 23-də məhkəmədə İ.Süleymanov işgəncəyə məruz qaldığını deyəndən sonra Baş Prokurorluq bu haqda rəsmi açıqlama yaymışdı.

"İlkin Süleymanova istintaq zamanı guya işgəncə verməklə etirafedici ifadə verməyə məcbur edilməsi barədə səsləndirdiyi fikirlər həqiqəti əks etdirmədiyindən tərəfimizdən qəti şəkildə təkzib edilir. İlkin Süleymanov şübhəli və təqsirləndirilən şəxs qismində müdafiəçinin iştirakı ilə dindirilərkən törətdiyi əməli tam etiraf edib. Keçirilmiş prosessual istintaq hərəkətləri zamanı müdafiəçisinin və hal şahidlərinin iştirakı təmin edilib", – prokurorluğun açıqlamasında göstərilib.

 

Nərmin Quliyevanın qətli: AzadlıqRadiosunun hadisə yerindən reportajı