www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » Sabiq məmura sui-qəsd hazırlayan dəstənin işi - sifarişi verən qadının atası da həbs edilib

Sabiq məmura sui-qəsd hazırlayan dəstənin işi - sifarişi verən qadının atası da həbs edilib

Bölmə: Hadisə
Sabiq məmura sui-qəsd hazırlayan dəstənin işi - sifarişi verən qadının atası da həbs edilib

Bakıda sabiq məmurun güllələnməsini sifariş verən qadın və onunla birlikdə sifarişi yerinə yetirən Ramil Hüseynli hakim qarşısına çıxarılıb. Bu iş üzrə daha üç nəfər təqsirli bilinərək həbs edilib.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Damir Əliyevin sədrliyi ilə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

Sifarişçi Günel Rasim qızı Süleymanovanın bu cinayəti qisas məqsədi ilə planlaşdırdığı məlum olub. Bu iş üzrə Günelin atası Rasim Süleymanov da həbs edilib. Digər həbs edilən şəxslər isə Həsənov Ramin və Kübarov Kübardır.

Onların güllələdiyi şəxs isə Bərdə Rayon İcra Hakimiyyətinin sabiq işçisi Hüseyn Qasımov olub.

Günel Süleymanova cinayəti sifariş verdiyini etiraf edərkən killer kimi razılaşdığı Ramil Hüseynliyə Qasımov tərəfindən zorlandığını deyib və qisas məqsədi ilə onu qorxutmasını istəyib.

"Dedim ki, o adamı qorxut, mənə belə-belə edib. Evinin yerini göstərdim. Dedi, məndə silah var, ordan-burdan ataram, qorxar"- deyə G.Süleymanova deyib.

Ramil Hüseynli isə ifadəsində fərqli fikir bildirib və Günelin ona pul verməli olan şəxsi qorxutmasını istəyib.

O da müəyyən olunub ki, Ramil Hüseynli bu işi həyata keçirmək üçün Güneldən külli miqdarda pul istəyib, o da buna razılıq verib və pulun bir hissəsini alıb.

Məhkəmədə məlum olub ki. R.Hüseynli əvvəllər adam oğurluğuna görə 12 il həbsxanada yatıb.

Qeyd edək ki, Günel Süleymanova və həyatına qəsd edilən Qasımov qonşu olublar. Qasımovun oğlunun məhkəmə işi ilə əlaqədar Günel məsələni həll edəcəyinə söz verərək, külli miqdarda pul alıb. O, dələduzluq yolu ilə əldə etdiyi pulu mənimsəyib və işi həll etməyib. Əks tərəfin təkidindən bezən Günel Süleymanova onu aradan götürmək üçün killer tutub.

Məhkəmə prosesində prokuror cinayət işi ilə tanış olmaq üçün vaxt istəyib.

Məhkəmə prosesi dekabrın 21-də davam etdiriləcək.

İ.Muradov