www.DOGRU.tv - Onlayn Televiziya » Hadisə » MTN Bakıda daha bir əməliyyat keçirdi

MTN Bakıda daha bir əməliyyat keçirdi

Bölmə: Hadisə
MTN Bakıda daha bir əməliyyat keçirdi
Azərbaycanda saxta baytarlıq preparatlarının hazırlanması faktı aşkarlanıb
Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən həyata keçirilmiş əməliyyat tədbiri nəticəsində, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməyən saxta baytarlıq preparatlarının hazırlanmasının və satışa çıxarılmasının qarşısı alınıb.

MTN-in İctimai Əlaqələr Mərkəzindən verilən məlumata görə, məlum olub ki, Azərbaycan Respublikasının vətəndaşı Abdullayev Muxtar Rafiq oğlu Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində icarəyə götürdüyü şəxsi həyət evində satış məqsədilə qaçaq yolla xaricdən gətirdiyi baytarlıq preparatlarını respublikanın müxtəlif xəstəxanalarından topladığı, istifadə olunmuş dərman şüşələrinə kustar üsulla qablaşdıraraq, üzərlərində xarici əmtəə nişanları və rekvizitlər əks olunmuş, Bakı şəhərində çap edilmiş etiketlər yapışdırmaqla baytarlıq preparatları hazırlayıb.

MTN əməkdaşları tərəfindən həmin ünvana Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin nümayəndəsinin və hal şahidlərinin iştirakı ilə baxış keçirilib.

Orada külli miqdarda müxtəlif əmtəə nişanlı satışa hazır saxta, eləcə də dövlət qeydiyyatından keçməyən xarici ölkə istehsalı olan baytarlıq preparatları, onların hazırlanması və qablaşdırılması üçün zəruri avadanlıqlar, etiketlər, boş şüşə qablar aşkarlanıb. Müəyyən edilib ki, xarici ölkə istehsalı olan baytarlıq preparatlarının etiketi Muxtar Abdullayev tərəfindən dəyişdirilərək Azərbaycan istehsalı olan məhsul kimi satışa çıxarılıb. Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Preparatlarına Elmi Nəzarət İnstitutunun ekspert rəyində həmin preparatların yararlı hesab edilmədiyi və məhv olunmasının zəruriliyi göstərilib.

İş üçün əhəmiyyət kəsb edən avadanlıqlar və digər əşyalar müvafiq qaydada sənədləşdirilmiş, fakt üzrə toplanılmış materiallar istintaq aidiyyəti üzrə göndərilib.