SON DƏQİQƏ

İki oğlu itkin düşmüş ana: “Sanki heç vaxt olmayıblar” - İtkinlər günüdür

Tarix:30-08-2018, 12:13

30 avqust müxtəlif şəraitlərdə itkin düşmüş milyonlarla insanın anılması üçün Beynəlxalq İtkin Düşmüş Şəxslər günü kimi qeyd olunur. 

 

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakı nümayəndəliyindən  verilən məlumata görə, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı itkin düşmüş minlərlə şəxsin ailəsi ümid və əlacsızlıq arasında yaşamağa davam edir. Yeni xəbərin olmadığı hər bir gün yaxınlarının taleyinin aydınlaşdırılmasını gözləyən insanlar üçün narahatlıq və qeyri-müəyyənliklə dolu növbəti günə çevrilir.

Artıq onilliklərdir ki, Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) regionda itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması ilə bağlı fəaliyyətlər həyata keçirir və itkin ailələrinə cavab verilməsi üçün dövlət qurumlarına dəstək göstərir. BQXK-nın Bakı və Yerevan nümayəndəlikləri və Dağlıq Qarabağn missiyası, bu münaqişənəticəsində itkin düşmüş 4500-dən çox insan qeydə alıb.


1992-ci ildə iki oğlu itkin düşmüş Simuzər İbrahimova bu gün də onların bir gün geri qayıdaraq qapını döyəcəkləri ümidi ilə yaşayır: 

"Onların hər ikisi yoxa çıxdı. Sanki heç vaxt olmayıblar. Evimizin yaxınlığında hər dəfə maşın səsi eşidiləndə, mənə elə gəlir ki, onlar geri qayıdıblar və indi qapını döyəcəklər. Bundan sonra hər keçən dəqiqə isə bu ümidi söndürür”.


Beynəlxalq İtkin Düşmüş Şəxslər günündə il boyu keçirilən bir sıra anım mərasimlərindən biri də Şəkidə təşkil olunub. İtkin düşmüş şəxslərin ailələri qarşısında çıxış edən BQXK-nın Müdafiə proqramı üzrə əməkdaşı Qumral Aslanova doğma insanın taleyini bilmədən yaşamağın çətinliyini vurğulayıb: "Bizə yaxın olan şəxsin həyatını itirməsi çox faciəvi bir haldır. Lakin biz bu hüznlə qarşılaşsaq da, bir müddət sonra onların xatirələri ilə yaşayaraq, normal həyatımıza qayıda bilirik. Ailə üzvünün itkin düşməsi isə sanki zamanı dayandırır. Ailələr bilmirlər ki, hüzn saxlasınlar ya ümidlə gözləsinlər”.


BQXK dövlət qurumlarına, itkin düşmüş şəxslərin talelərinin aydınlaşdırılması, və beləliklə də onların ailələrinə cavab verilməsi yönündə dəstək göstərməyə davam edir. İtkin düşmüş şəxslər haqqında toplanılan ətraflı məlumatlara əlavə olaraq, BQXK-nın Bakı nümayəndəliyi Əsir, və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası ilə əməkdaşlıq şəraitində itkinlərin ailə üzvlərindən 5000-dən çox bioloji istinad nümunəsi toplayıb.

Burada əsas məqsəd gələcəkdə itkin düşmüş insanların şəxsiyyətlərinin müəyyənləşdirilməsi üçün zəruri olan informasiyanın qorunmasını təmin etməkdir.


Beynəlxalq Qızıl Xaç Komitəsi həmçinin ən ehtiyaclı ailələrə psixo-sosial dəstək göstərən təlim keçmiş müşaiyətçilər şəbəkəsini də dəstəkləməyə davam edir. Müşayiətçilər itkin düşmüş şəxslərin yaxınlarına ev görüşləri, anım mərasimləri təşkil etməklə, onları lazımi orqanlara yönləndirməklə (dövlət orqanları, özəl təşkilatlar və ya ictimai cəmiyyətin nümayəndələri) və ya sadəcə ailələr arasında əlaqələri saxlamaqla kömək edirlər. 2018-ci ilin ilk yarısında 1000-dən çox şəxs bu istiqamətdə müxtəlif dəstək alıb.

BQXK Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olaraq 1992-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ