SON DƏQİQƏ

23 yaşlı kişinin tualet təmizləmə görüntülərini kim yayıb?

Tarix:18-05-2020, 12:28

"Görüntülərin yayılması ilə bağlı Daxili İşlər Nazirliyinin aidiyyatı qurumu tərəfindən xidməti yoxlama aparılır", - Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib.

Bir neçə gün öncə sosial şəbəkələrdə 23 yaşlı kişinin avtoxuliqanlıq etdiyinə görə peşman olduğunu göstərən video yayılıb.

Görüntülərdə həmin şəxsin üzrxahlıq etdiyi, gəncləri avtoxuliqanlıqdan uzaq durmağa çalışdığı, daha sonra isə sanitar qovşağını təmizlədiyi görünür.

Daxili İşlər Nazirliyi yaydığı açıqlamada videodakı şəxsin uzun müddət paytaxtda avtoxuliqanlıq edərək "sürücü və piyadaların həyatına real təhlükə yaratdığını" bildirib.

Qurumun məlumatında deyilir ki, həmin şəxs həm də "hərəkətlərinin çəkilişini sosial şəbəkələrdə yerləşdirməklə hüquqazidd əməllərini təbliğ edib".

Nazirlik bildirib ki, sözügedən şəxs mayın 12-də avtoxuliqanlıq hərəkətləri edərkən Binəqədi Dövlət Yol Polisi Şöbəsi əməkdaşları tərəfindən saxlanılıb və barəsində toplanmış materiallarla birlikdə rayon məhkəmsinə göndərilib. Məhkəmənin qərarı ilə 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə o, 30 sutka inzibati qaydada həbs edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Ehsan Zahidov BBC News Azərbaycancaya deyib ki, "məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin aidiyyatı qurumu tərəfindən xidməti yoxlama aparılır".

"Avtoxuliqanın əməli də cinayətə bərabər bir şeydir, yolun kənarındakı piyadanı öldürə bilir, insanların həyatına təhlükə yaradır. Amma o ki, qaldı o insanın görüntülərinin yayılması, bu məsələ tərəfimizdən ciddi araşdırılır".

"Polis məsuliyyət daşıyır"

Vəkil Əsabəli Mustafayev deyir ki, videoya çəkilən şəxsin çəkilişə razılığı olub-olmamasından asılı olmayaraq istənilən şəxsi alçaltmaq, cəzaçəkmə yerlərində videoya çəkib paylaşmaq qanunla qadağandır.

O bildirir ki, polis bu hərəkətlərə görə məsuliyyət daşıyır.

"Kənar şəxsin polis idarəsində və ya cəzaçəkmə müəssisəsində çəkiliş aparması mümkün deyil. Çünki kənar şəxslər, vəkillər, hüquq mühafizə orqanlarının işçiləri, hətta həmin idarənin əməkdaşları da binaya daxil olarkən keçiddə mobil telefonlarını təhvil verirlər. Deməli, bu videonu xüsusi olaraq çəkiblər. Yəqin, həmin şəxsə qarşı xüsusi qərəzləri var ki, alçaltmaq niyyəti ilə çəkilib paylaşılıb".

Cənab Mustafayevin sözlərinə görə, videodakı şəxs polisləri vəzifə səlahiyyətlərini aşma, şəxsi həyata müdaxilə, təhqir, alçaldıcı hərəkətlər, onun icazəsi olmadan onu çəkib paylaşmağa görə məhkəmədə xüsusi ittiham qaydasında cinayət işinin qaldırılmasını tələb edə bilər.

"Bir neçə il əvvəl də siyasi fəallara küçə süpürtdürüb onların videolarını paylaşmışdılar. Sonra demişdilər ki, guya təmizliklə məşğul olmaq cəza çəkənlərin vəzifəsidir. Düzdür, amma təmizlik işləri müxtəlifdir və elə işlər var ki, onları müəssisənin xüsusi bundan ötrü təyin edilmiş personalı etməlidir. Düşünürəm ki, Daxili İşlər Nazirliyi özü şəxsin şikayətini gözləmədən sözügedən videonun kim tərəfindən, necə və hansı məqsədlə çəkilib paylaşdığını araşdırmalıdır".

"Heç kim şəxsiyyəti alçaldan hərəkətlərə məcbur edilə bilməz"

Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc deyir ki, "Daxili İşlər Nazirliyi xüsusilə pandemiya dövründə vətəndaşların hüquq və azadlıqlarını qorumaq əvəzinə haradasa pozan əməkdaşlarına qarşı ən sərt tədbirləri həyata keçirib".

"Məlumatlara görə, hətta 16 nəfərdən çox şəxs məhz qeyd olunan xarakterdə inzibati, bir sıra hallarda cinayət məsuliyyəti yaradan addımlara görə sistemdən uzaqlaşdırılıb Əgər konkret situasiyada vətəndaş qanun pozuntusuna yol veribsə, heç bir halda kimsə onun şəxsiyyətini alçaldan, iradəsinə zidd hərəkətlərə məcbur edə bilməz".

Zahid Oruc bildirir ki, Daxili İşlər naziri general-polkovnik Vilayət Eyvazov və Milli Məclisin İnsan haqları komitəsi müzakirələr aparıb və buna görə də əmindir ki, cənab Eyvazov "polis orqanlarının ictimai nüfuzunun ən yüksək səviyyədə təmin olunması üçün addımlar atılmasında maraqlıdır".

"...əgər bir vətəndaşı iradəsinə zidd olaraq kimsə alçaldıcı hərəkətlərə vadar edibsə, bu məsələyə ayrıca götürülmüş halda qiymət verilə bilər. Bu gün əksinə, cinayət törədən şəxslər polis idarələrində özlərini rahat hiss edirlər, deyirlər mənim hüququm var, qanun bunu tələb edir, bir neçə saat saxlanmalıyam və sairə. Kimsə düşünürsə ki, polis hədsiz səlahiyyətlərə malikdir və onlar azaldılmalıdır, onlar görünür Qərb polisinin real səlahiyyətlərindən məlumatsızdırlar".

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ