SON DƏQİQƏ

Bakı məktəblərinin qarşısındakı təhlükə: – daha neçə uşağı maşın vurmalıdır ki…

Tarix:16-11-2017, 22:57

Bakıda yerüstü və yeraltı keçidlərinin azlığı hər gün baş verən piyada vurulmalarının səbəblərindən biridir. Paytaxtda yerüstü və yeraltı piyada keçidlərinin azlığını, mövcud olanların isə bir qisminin düzgün yerləşmədiyini bu yaxınlarda Bakı Nəqliyyat Agentliyi də keçirdiyi monitorinqin nəticələrinə əsaslanaraq açıqlamışdı. Təhlükəsiz piyada keçidlərinin azlığı xüsusən məktəblərin qarşısından hər gün yolu o tərəf-bu tərəfə keçən məktəblilər üçün ciddi təhlükə yaradır.

Əksər məktəblər yolun kənarında, nəqliyyatın sıx olduğu ərazidə yerləşdiyindən, hətta bir çoxunun qarşısında işıqfor belə qoyulmadığından burada təhsil alan şagirdlərin həyatı təhlükə ilə üz-üzə qalır. Günü pik saatlarında, yollarda hərəkət intensivləşəndə sürücülərin çoxu məktəblərin qarşısındakı piyada zolaqlarına məhəl qoymurlar. Nəticədə məktəblilərin yolu keçməsi daha da çətinləşir.

Virtualaz.org bu mənzərəni görmək üçün səhər tezdən Bakı məktəblərinin bir neçəsinin qarşısında müşahidə aparıb.

Paytaxtın ən səs-küylü məktəblərindən biri Nəsimi rayonu, 28 May küçəsində yerləşən 23 saylı orta məktəbdir. Məktəbin darvazası birbaşa yola açıldığından gündə bir neçə dəfə burada böyük izdiham yaşanır. Bu vəziyyətdən ən çox narazı qalanlar isə valideynlərdir.

İkinci sinifdə oxuyan qızını hər gün məktəbə aparıb-gətirən valideyin Nübar Məmmədova deyir ki, həm özü, həm də uşağı hər gün əsəb və stress keçirir: "Bu məktəb evimizə yaxındır. Ancaq yolu keçmək təhlükəli olduğundan uşağı tək buraxa bilmirəm, hər gün özüm aparıb-gətirirəm. Burada yolu keçmək çox təhlükəlidir”

"Mənim oğlum yeddinci sinifdə oxuyur, bura da evimizin yanıdır. Amma məktəbin qarşısındakı bu qarmaqarışıq vəziyyətə görə onu tək buraxmıram. Hər gün özüm gətirib aparıram. Amma bəzi valideynlər var ki, işləyirlər, məcburiyyətdən uşaqları sərbəst buraxmalı olurlar. Bu da təhlükəlidir. Yeraltı keçid olmadığından yolu keçmək təhlükəlidir, sürücülər çox vaxt piyadalara məhəl qoymurlar”-bunu isə Hicran adlı valideyin deyir.

Digər problem isə uşaqlarını məktəbə gətirib-aparan valideyinlərin avtomobillərini yol kənarında saxlaması, nəticədə tıxac yaranmasıdır.

Valideynlər deyirlər ki, maşını yolda park edən sürücülərin avtomobilləri dəfələrlə cərimə meydançasına aparılıb, amma bu qayda pozuntusu hər gün kütləvi şəkildə baş verir.

Eyni qarmaqarışıq vəziyyət Azadlıq prospektində yerləşən 160 saylı məktəbin qarşısında hökm sürür. Çəkiliş apardığımız vaxt məktəbdən çıxaraq yolu keçmək istəyən bir dəstə şagird təhlükə ilə üz-üzə qaldı. Xoşbəxtlikdən sürücü vaxtında əyləci basa bildi. İmkan tapıb təhlükəli vəziyyətdə yolu keçən uşaqların fotosunu çəkə bilsək bə, biz yolu keçənə qədər dağılışdıqlarından onlarla söhbətləşə bilmədik.

Oxşar vəziyyəti Səbail rayonu, İstiqlaliyyət küçəsi 33 ünvanında yerləşən 132-134 saylı məktəbin qarşısında da müşahidə etdik. Məktəbdən çıxan şagirdlər üçün metronun "İçərişəhər” stansiyası istiqamətində yeraltı keçid inşa olunsa da, hələ də avtomobil yolununun üstündən keçənlərə rast gəlinir.

Qapısı birbaşa yola açılan məktəblərdən biri də Xaqani küçəsində yerləşən Elitar Gimnaziyadır. Bu məktəbin qarşısından səhər və günorta saatlarında avtomobillərin tıxacından və siqnal səslərindən keçmək mümkün deyil. Məktəbin hər iki qapısı avtomobil yoluna açıldığından valideynlər uşaqlarını məktəbə daxil olana qədər müşayiət etmək məcburiyyətində qalırlar.

Eyni problemləri hər gün Nəsimi rayonunda yerləşən 5 saylı məktəbə uşaq gətirən valideynlər də yaşayırlar. Valideyn Sürayə Əsgərova isə hesab edir ki, məktəblərin qarşısında yaranan xaos və qarışıqlıqın səbəbi valideynlərin uşaqları avtomobillə az qala partaya qədər aparmaq istəyindən yaranır.

"Mən uşağımı qorxudan tək məktəbə yola sala bilmirəm. Çünki səhər məktəbin qarşısında o qədər tıxac olur ki, heç özüm baş açıb keçə bilmirəm, uşaq təkbaşına necə getsin. Bəzən olur ki, yolun hər iki tərəfindən maşınlar gəlir, dirənib dayanırlar, nə irəli getmək mümkün olur, nə də qayıtmaq”-valideyin deyir.

Bir neçə gün əvvəl Bakının Binəqədi rayonundakı məktəblərin birinin qarşısında avtomobil yolu keçən iki məktəbli bacını vurmuşdu. Məktəblərin qarşısından yolu keçməyin yaratdığı təhlükə ilə bağlı reportajın hazırlandığı saatlarda xəbər gəldi ki, Bakıdakı 23 saylı məktəbin qarşısında avtomobil məktəbli qızı vuraraq hadisə yerindən uzaqlaşıb…

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ