SON DƏQİQƏ

Məhbusların Skype-dan istifadəsi üçün texniki imkanlar yoxdur - Penitensiar xidmət

Tarix:7-11-2018, 23:12

Bakıdakı 16 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyi həbsdə olan araşdırmaçı jurnalist Əfqan Muxtarlının ədliyyə naziri Fikrət Məmmədova "övladları ilə Skype danışığına şərait yaradılması" ilə bağlı ünvanladığı məktubları göndərməkdən imtina edir, jurnalistin həyat yoldaşı deyir.

Leyla Mustafayeva  deyib ki, noyabrın 7-də həyat yoldaşı ilə telefonla danışarkən Əfqan ona ədliyyə nazirinə yazdığı məktubların göndərilmədiyini bildirib.

Penitensiar Xidmətin sözçüsü Mehman Sadiqov isə qanunvericilikdə məhbusların Skype-dan istifadəsilə bağlı norma olmadığını bildirib.

"Hazırda cəzaçəkmə müəssisələrindəki internet məhkumların istifadəsi üçün nəzərdə tutulmayıb", o deyib.

"Nuray atası ilə bu ilin fevralında Əfqan yas mərasiminə buraxılanda Skype-la danışa bilib. Artıq telefonla danışmaqdan yorulub, atasını görmək istəyir. Nuray bu ilin mart ayından psixoloji terapiyaya gedir", jurnalistin həyat yoldaşı deyir.

Məhbusun internetdən istifadəsi üçün qanunvericilikdə "norma yoxdur"

Penitensiar xidmətin sözçüsü Mehman Sadiqov bildirib ki, qanunvericilikdə məhbusun Skype-dan istifadəsiylə bağlı "norma yoxdur".

O deyir ki, cəzaçəkmə müəssisələrində məhkumların istifadəsi üçün internet yoxdur.

İstisna hallarda məhbusa şərait yaradılmasının mümkünlüyü ehtimalına isə cənab Sadiqov bildirib ki, "məhbusların internetdən istifadəsi üçün öncə texniki imkanlar yaradılmalıdır".

Cərimə təcridxanası

Leyla Mustafayeva hesab edir ki, həyat yoldaşı "yazdığı araşdırmalara və vətəndaş cəmiyyətinin inkişafına verdiyi töhfələrə, tənqidi fikirlərinə görə Gürcüstandan oğurlanaraq həbs olunub".

"Ədliyyə Nazirliyi və həbsxana rəhbərliyi göndərilən məktubların qarşısının alınmasına aydınlıq gətirməli, siyasi məhbusların azyaşlı övladlarını sınağa çəkəcək səviyyəyə enməməlidir", o vurğulayıb.

Cəzaçəkmə müəssisəsinin Əfqan Muxtarlının telefon zənglərinə "məhdudiyyət" qoyduğunu bildirən Leyla Mustafayeva, "1 il 5 aydır ki, jurnalistin dostları ilə görüşünə də icazə verilmədiyini" deyib.

Leyla Mustafayeva həmçinin bildirib ki, oktyabrın 7-də cəzaçəkmə müəssisəsinin nəzarətçiləri Əfqan Muxtarlını "cərimə təcridxanasına salıb, daha sonra çılpaq yağışlı havada saxlayıblar".

Mehman Sadiqov Əfqan Muxtarlının cərimə təcridxanasına salınması ilə bağlı məsələsilə bağlı onda məlumat olmadığını, "məhbusun cərimə təcridxanasına salınmasının müəssisə rəhbərliyinin verəcəyi" qərar olduğunu deyib.

Cənab Muxtarlının dostları ilə görüşünə məhdudiyyət qoyulması məsələsinə gəlincə, Mehman Sadiqov bunu qanunla tənzimləndiyini bildirib.

"Məhbusun yaxın qohumları ilə görüşünə heç bir məhdudiyyət yoxdur. Lakin müəssisə rəhbərliyi düşünsə ki, məhbus hansısa yaxın qohumu olmayan şəxslə görüşsə, bu ona yaxşı təsir edə bilər, bu görüşə icazə verər. Bu görüşü uyğun bilmirsə, verməz", Penitensiar Xidmətin sözçüsü vurğulayıb.

Mehman Sadiqov hər iki - həm Əfqan Muxtarlının cərimə təcridxanasına salınması, həm də dostları ilə görüş məsələsilə bağlı məhbusun və ya onun vəkilinin penitensiar xidmətə, yaxud da daha yuxarı instansiyalara "etiraz etmək hüquqlarının" olduğunu xatırladıb.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ