SON DƏQİQƏ

Mingəçevir məktəbində Aşura tədbiri necə qalmaqal yaradıb?

Tarix:20-09-2018, 23:22

Mingəçevir məktəbində Məhərrəmlik ayı ilə bağlı tədbirin keçirilməsi barədə məlumatlar yayılandan sonra məktəbin direktoru Tünzalə Əfəndiyeva İcra hakimiyyətini ona belə bir tədbirin keçirilməsinə göstəriş verməkdə ittiham edib.

İcra hakimiyyətindən isə BBC News Azərbaycancaya məktəb direktoruna belə bir tapşırıq vermədiklərini deyiblər.

"Mən kiməm ki, özbaşıma hər hansı tədbir keçirəm, icradan bizə tapşırıq veriblər, mən də qrafik üzrə mənə düşən səlahiyyəti, işi yerinə yetirmişəm", - Mingəçevirin 13 saylı orta məktəbinin direktoru Tünzalə Əfəndiyeva BBC News Azərbaycancaya məktəbdə dini tədbir keçirilməsi iddiaları ilə bağlı bildirib.

Sentyabrın əvvəlində Mingəçevir şəhərinin 13 saylı orta məktəbində keçirilən tədbirdə şəhər məscidinin axund müavininin də iştirak etdiyini göstərən fotolar sosial şəbəkələrdə yayılıb. Bu hadisə sosial şəbəkələrdə tənqid və müzakirə olunaraq "dinin məktəblərdə təbliği" kimi qiymətləndirilib.

Tünzalə Əfəndiyeva tədbirdə axund müavinin iştirak etdiyini təkzib etməyib: "Orda dinin təbliği yox, bax bu günkü gün, Aşura gününün normal getməsi üçün olan tədbirdir".

Buna görə Bakıya, Təhsil Nazirliyinə gəldiyini və izahat yazdığını bildirən Tünzalə Əfəndiyeva BBC News Azərbaycancanın suallarını cavablandırıb.

Tədbirin adı nə olub?

- Bizə qrafik veriblər, "Məhərərəmlik ayı və Aşura günündə şagirdlərin tədrisdən yayınmasının qarşısının alınması"...

- Bu qrafiki hardan veriblər?

- İcra hakimiyyətindən veriblər.


Bütün məktəblərə?

- Bəli, bütün məktəblərə veriblər. Direktorun başı xarabdı məktəbdə dini təbliğ eləsin? Ayın 6-da məktəbdə uşaq var? Valideynlərlə olub. Maarifləndirici söhbət aparılıb.

Bu maarifləndirici söhbəti kim aparıb? Axundun müavini olubmu?

- Axundun müavini molla deyil ey... İslam Universitetinin müəllimidir. Sizcə, İslam Universitetinin müəllimi təbliğat aparar?

Bu maarifləndirici söhbəti özünüz niyə aparmırsız ki, din xadiminə ehtiyac duymusunuz?

- Bu, IV qrup təbliğat qrupunun müəllimləridir, burda söhbəti bir nəfər aparmır, qrup aparır. Adına 4-cü təbliğat qrupu deyirlər, o qrupa dini xadimlər də daxildir, icra hakimiyyətinin nümayəndələri də. Onu mən eləmirəm ki. Niyə? Çünki orda valideyn sual verə bilər ki, məsələn, niyə Aşura günüdür. O da izah edər. Məsələn, deyər ki, əvvəllər zəncir vururdular, indi qan verirlər. Xəstələr var, qan lazımdır, belə maarifləndirici söhbətlər olub.

"Bizə deyiblər ki, valideyn komitələrinin iclası olacaq"

- Mingəçevir rayon icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılov BBC News Azərbaycancaya açıqlamasında məktəblərdə valideyn komitələrinin iclası olduğunu bildirib. "Bizə şəhər təhsil idarəsindən bildiriblər ki, məktəblərdə təhsil ilinə hazırlığın müzakirəsi ilə bağlı valideyn komitələrinin iclaslarını keçirəcəklər".

İlham İsmayılov bildirib ki, 13 saylı məktəbdə keçirilən iclasda axund müavininin iştirakından xəbərsiz olublar: "Bu, həmin məktəbin özfəaliyyəti olub. Bunu təhsil idarəsindən soruşun".

Birinci müavin deyib ki, məktəblərdə və ya icra hakimiyyətində hər hansı "IV təbliğat qrupu" deyilən bir birlik yoxdur.

Mingəçevir şəhər Təhsil İdarəsinin rəsmisi Bəxtiyar Mahmudov BBC News Azərbaycancaya deyib ki, tədbirdə müəllimlərə, məktəb rəhbərliyinə və valideyinlərə tapşırıq verilib ki, Aşura günü nəzarəti artırsınlar.

"Belə bir tədbir olub. Bəzi qüvvələr onun mahiyyətini başqa cür yönəltmək istəyirlər. Orada Məhərəmmlik ayının əsas həqiqətləri barədə məlumat verilib. Müəllimlərin, valideyinlərin, məktəb rəhbərliyinin diqqətinə çatdırılıb ki, ayın 20-i günü şagirdlər məktəbdən qırağa çıxmasınlar",- Bəxtiyar Mahmudov belə deyib.

Təhsil İdarəsinin nümayəndəsi tədbirdə məktəb nümayəndələrinin və mədrəsə müəllimlərinin iştirak etdiyini deyib, axundun müavininin orada olmasını isə təkzib edib.

"Gərək din xadimi dəvət olunanda razılaşdıraydılar"

Mingəçevir məktəbində keçirilmiş bu tədbiri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi də araşdırıb. Məktəbin direktoru Tünzalə Əfəndiyeva tədbirdə şagirdlərin iştirak etmədiyini desə də, Komitənin sədri Mübariz Qurbanlının BBC News Azərbaycancaya verdiyi məlumata görə, yuxarı sinif şagirdləri tədbirdə iştirak edib.

"Mingəçevirdəki məsələni biz araşdırdıq, orada rəsmi fəaliyyət göstərən din xadimini dəvət ediblər, o, yuxarı sinifdə oxuyan şagirdlərə Aşura haqqında məlumat verib",- Komitənin sədri Mübariz Qurbanlı BBC News Azərbaycancaya deyib.

"Mingəçevirdəki hadisə marifləndiricidir, amma bir məsələ vər ki, gərək din xadimi dəvət olunanda razılaşdıraydılar", o bildirib.

Cənab Qurbanlı bildirib ki, bu məsələ Təhsil Nazirliyi ilə birgə araşdırılıb və qərara alınıb ki, bu kimi tədbirlər razılaşdırılmış, ümumi proqram çərçivəsində olmalıdır.

Azərbaycanda müvafiq qanuna görə, təhsil müəssisələrində dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yоl verilmir.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ