SON DƏQİQƏ

Rezidenturada ödənişli təhsil "əməyin istismarıdır?"

Tarix:6-09-2018, 11:37

"Mən yaxşı bal toplamışdım. Dövlət sifarişi ilə olan yerə daxil oldum. İxtisas seçimində ödənişli yerləri yazmamışdım, çünki həm işləyib, həm də buna görə pul ödəməyi düşünmürdüm." Tibb Universitetini yenicə bitirmiş və ödənişsiz rezidentura qazanmış həkim deyir.

Adının çəkilməsini istəməyən gənc müsahibimiz əlavə edir ki, ödənişli yerə qəbul olsaydı, ailəsinin o pulu verməyə gücü çatmazdı.

BBC News Azərbaycancaya danışan tibb sahəsi üzrə təhlilçilər deyirlər ki, rezindenturada oxuyanlar həkim və ya həkim köməkçisi kimi işlədiklərindən onlara "maaş verilməlidir".

Səhiyyə Nazirliyi qərarla bağlı BBC News Azərbaycancaya bildirib ki, onlar tələbələrin etirazından sonra rezidenturada əlavə yerlərin açılması ilə bağlı hökumətə təklif göndərib, yerlərin pullu olması barədə qərarı isə Nazirlər Kabineti verib.

Çərşəmbə axşamı günü rezidenturaya qəbul imtahanlarının nəticələri açıqlanıb.

İki mərhələli imtahanların nəticələrinə əsasən, müsabiqədə iştirak edən 525 namizəddən 448 nəfəri təhsilini rezidenturada davam etdirmək hüququ qazanıb. Onlardan 147 nəfərini oğlanlar, 301 nəfərini qızlar təşkil edir. 254 namizəd bu ilin, 194 namizəd isə əvvəlki illərin məzunudur, Dövlət İmtahan Mərkəzinin saytında qeyd olunub.

Saytda həmçinin qeyd olunub ki, rezidenturaya dövlət sifarişli və ödənişli əsaslarla açılmış 471 yerdən 448-i dolub.

Nazirlər Kabineti 27 avqustda 2018-2019-cu tədris ili üçün rezidenturaya qəbulda ödənişli yerlərin açılması ilə bağlı qərar verib.

Qurumun yeni qərarına görə, Tibb Universitetinin rezidenturasında ödənişli təhsil almaq üçün 4 min manat ödəmək gərəkdir.

BBC News Azərbaycanca Nazirlər Kabinetindən ödənişli rezidentura təhsili üçün 4 min manat təhsil haqqının hansı meyarlar əsasında təyin edildiyini öyrənə bilməyib.

Azərbaycanda rezidenturada həkim-mütəxəssis hazırlığı 40 ixtisas üzrə aparılır.

Təhsil haqqı ixtisasından asılı olmayaraq, ilə 4 mindir.

Rezidenturada təhsil müddəti isə ixtisasdan asılı olaraq, 2-5 il arasındadır, Səhiyyə Nazirliyinin saytında göstərilib.

Nazirlər Kabinetinin qərarına görə, məsələn, kardioloq olmaq istəyən həkim ödənişli rezindentura təhsili üçün 16 min manat ödəməlidir.

Cərrah, ginekoloq ixtisasları isə ödənişli kateqoriyaya düşməyib. Burda təhsil müddəti 5 ildir.

"Rezidentin işi həkimin işindən ağırdır"

"Rezidentura peşəkar təhsildir, rezidentlər həkimlərə şagirdlik edib, xəstələrlə məşğul olaraq - işlərini görərək öyrənirlər. Onların iş saatı həkimlərinki ilə eynidir. Hətta deyərdim ki, rezidentlərin işi həkimlərin işindən ağırdır. Ən qara işləri "apar-gətir, sarğısını dəyiş, kateterini tax" bax, bunların hamısını rezidentlər görür. Bu insanlar həkimdirlər və işlədikləri üçün pul vermələri də adama qəribə gəlir" bunu həkim Vasif İsmayıl deyir.

O düşünür ki, "rezidentin yeni tətbiq ediləcək ödənişi sonradan geri qazanması mümkün deyil".

Vasif İsmayılın sözlərinə görə, həkimlərin orta aylıq maaşı 200 manatdır: "Mən universitetdə işləyirəm, dərs dediyim üçün 300 manat alıram. Adi həkimsə 150 manat alır".

Müsahibimiz bildirir ki, böyrək üzrə mütəxəssis (nefroloq) olmaq üçün həkim rezidenturada 4 il oxumalıdır:

"İndi rezidenturada ödənişli təhsil almaq istəyən həkim 4 ilə 16 min manat ödəməlidir. Yaxşı nefroloq ödəyəcəyi bu pulu iki aya da qazana bilər. Ancaq birincisi, bu həkimləri yaxşı nefroloq etmək üçün heç bir şey edilməyib, ikincisi, yeni başlayan bir mütəxəssis bunu həyatda qazana bilməz. Azərbaycanda rezidenturaya bu pulu heç kim verməyəcək, ondansa gedib xarici ölkələrdə təhsil alar".

İstanbul Universitetinin Cərrahpaşa Tibb Fakültəsində 6 il rezident olmuş Vasif İsmayıl xatırlayır ki, Türkiyədə əcnəbi vətəndaşlar təhsil haqqı ödəməlidirlər, ancaq bu o qədər də böyük məbləğ olmayıb. Onun sözlərinə görə, yerli vətəndaşlar belə bir təhsil haqqından azaddırlar və üstəlik, rezident kimi yüksək maaş da alırlar.

"Əməyin istismarıdır"

Tibb elmləri doktoru Adil Qeybulla hesab edir ki, rezidenturada təhsilini davam etdirənlər həkim, həkim köməkçisi "işlədiyi üçün maaş almalıdırlar".

"Onlara maaş ödənməməsi "əməyin istismarı"dır. Ona görə də bu məsələ müzakirə edilməlidir. Ölkə vətəndaşı üçün rezidenturanın ödənişli olması real və ürəkaçan tendensiya deyil".

Professor vurğulayır ki, rezidentura tibbi təhsildən çox, tibbi mərhələdir və baza ali tibb təhsili aldıqdan sonra həkimlər həmin mərhələdə, həm də təhsillərini davam etdirirlər.

"Tələbələrin etirazından sonra əlavə yerlər açıldı"

"Rezidenturaya qəbul imtahanlarında 2018-2019-cu tədris ili üçün rezidenturaya 332 ilkin qəbul yeri ayrılmışdı", Səhiyyə Nazirliyinin mətbuat xidmətindən BBC News Azərbaycancaya bildiriblər.

"Tələbələrin rezidentura yerlərinin azaldılmasına etirazlarından sonra nazirliyin təklifi ilə cari tədris ili üçün rezidenturaya daha 139 yer ayrılıb. Yerlərdən 39-u dövlət sifarişi, 100-ü ödənişli əsaslarladır.

"Nazirlik yalnız əlavə yerlərin artırılması üçün təklif verib. Yerlərin ödənişli olması isə Nazirlər Kabinetinin qərarıdır".

Qərar "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydalarına" əsasən verilib, nazirlik belə deyib.

İyulun 2-də Tibb Universitetinin məzunları rezidenturaya qəbul planının təxminən iki dəfəyə qədər azalmasına etiraz etmişdilər. Onlar rezidenturaya qəbulda azadılmış yerlərin təkrar artırılmasını istəyirdilər. Məzunlar deyirlər ki, keçən il qəbul planı 504 yer olub, bu il isə yerlər 332-yə salınıb.

BBC News Azərbaycanca Nazirlər Kabinetindən ödənişli rezidentura təhsili üçün 4 min manat təhsil haqqınının hansı meyarlar əsasında təyin edildiyini öyrənə bilməyib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ