SON DƏQİQƏ

Azərbaycanda benzinin qiymətini kim qaldırıb?

Tarix:20-08-2018, 20:50

Ötən gün Azərbaycanda Premium Euro-95 benzinin və Super Euro-98 markalı avtomobil yanacağının qiymətinin artması qərarının hansı qurum tərəfindən verildiyi aydın deyil.

Enerji məsələləri üzrə təhlilçi İlham Şaban deyir ki, bu qərar bazarda 1000-ə yaxın neft məhsulları satan iştirakçı tərəfindən birgə verilmiş qərardır.

Dövlət Neft Şirkəti - SOCAR BBC News Azərbaycancaya qiymət artımının səbəbləri ilə bağlı hər hansı bir açıqlama verməkdən imtina edib.

İqtisadi təhlilçilər Premium Euro-95 və Super Euro-98 markalı avtomobil yanacağının qiymətinin qalxmasını şərh edərkən deyib ki, "ilin sonuna 92 markalı benzinin, həm dizel yanacağının və digər yanacaq məhsullarının qiymətində artım gözlənilir".

"Gözəgörünməz bir əl"

Ötən gün Azərbaycanda Premium Euro-95 benzinin 1 litrinin qiyməti 25 qəpik və Super Euro-98 markalı avtomobil yanacağının qiyməti isə 10 qəpik bahalaşıb. Artıq 95 əyarlı benzin 1 manat 50 qəpik, 98 əyarlı benzin isə 1manat 60 qəpikdir.

"Qonşu Rusiya, Gürcüstan, Qazağıstanda neft məhsulları satış assosiasiyaları var, yanacaq satışı birlikləri var, özəl qurumların bazarda hüquqlarını qoruyan qurumlar var. Bizdə heç nə yoxdur. Ancaq gözəgörünməz bir əl bazarda qiymətləri qaldırır", təhlilçi İlham Şaban deyir.

O, Premium Euro-95 və Super Euro-98 markalı avtomobil yanacağının qiymətinin qalxmasını "kartel sövdələşmə" adlandırır və qiymətin qalxmasını sorğulayır:

"Necə oldu ki, 2014-cü ilin aprelindən bazarda pərakəndə yanacaq satanlardan birinin də ağlına gəlmədi ki, yüksək oktanlı benzini 1 qəpik ucuz satsın ki, daha çox müştəri əldə etsin?! Bazarlara nəzarət edən qurum olmalıdır ki, kartel sövdələşmələrə, bazarda bütün oyunçular üçün eyni oyun qaydaları olmasına nəzarət etsin".

Təhlilçi ölkədə yüksək oktanlı benzinin istehlakının azaldığını bildirir.

Onun sözlərinə görə, 2014-cü ildə Azərbaycanda yüksək oktanlı benzinin ümumi benzin istehlakınını 10 faizini təşkil edib, lakin bu ilik 6 ayının nəticələrinə görə artıq istehlak 5 faizə düşüb.

"Bunun səbəbi qiymət artımıdır. İnsanlarda alıcılıq qabiliyyəti azaldıqca faiz dərəcəsi aşağı düşüb", o deyir.

Hökumət benzinin qiymətinin artmasının səbəblərini açıqlamayıb, SOCAR isə onlarda bu barədə açıqlama olmadığını deyib.

"Gözlənilən artım"

İqtisadi təhlilçi Toğrul Maşallı hesab edir ki, Premium Euro-95 və Super Euro-98 markalı avtomobil yanacağının qiymətinin qalxması daha çox yeni avtomobillərə aid olduğu üçün birbaşa olaraq heç nəyə təsir etməyəcək.

O deyir ki, bu artım daha yeni, daha ekoloji təmiz maşınlardan istifadə etmək istəyən şirkətlərə təsir edə bilər.

"Bu qərarın ümumi qiymət artımına dolayı təsiri ola bilər. Benzinin və bir çox tariflərin qalxmasına görə, sahibkarlar əvvəlcədən gələcəkdə ola biləcək qiymət artımlarını nəzərə alaraq qiymətləri artıra bilərlər", o deyir.

Bu səbəbdən iqtisadi təhlilçi başqa sahələrdə qiymət artımının "gözlənilən" olduğunu deyir.

PetrolFotonun müəllifiAFP

"92 markalı benzinin qiyməti artacaq"

İqtisadi təhlilçi Qubad İbadoğlunun fikrincə, bu markalı benzilərin qitməyinin artması 92 markalı benzinin bahalaşmasını daha da sürətləndirə bilər.

"92, 95 və 98 markalı benzinlərin qiymətləri arasında fərqi böyüyür. Şübhə etmirəm ki, Tarif Şurası bunu əsas götürərək 92 markalı benzinin bahalaşmasına qərar verə bilər. Şura bu addımı atarsa, qərarını Azərbaycana idxal olunan avtomobillərin sayında bu ildən müşahidə olunan artımla əsaslandıra bilər".

Cənab İbadoğlu deyir ki, bu ilin sonu üçün qiymət artımı baş verə bilər.

"Kənd təsərrüfatı mövsümü başa çatandan sonra yalnız benzin yox, dizel yanacağının, yanacaq sürtgü materiallarının, mazuntun və digər yanacaq məhsullarınnı qiyməti arta bilər. Qiymət bahalaşması gözləniləndir", o deyir.

İqtisadi təhlilçinin sözlərinə görə, bu baş verərsə, həm kommunal xidmət sahəsində, həm də ictimai nəqliyyatda gediş haqları arta bilər.

Artımlar

Premium Euro-95 və Super Euro-98 markalı benzinlər Azərbaycana idxal edilir.

Ölkədə sonuncu dəfə benzinin bu növlərinin qiyməti ötən ilin noyabrında qaldırılmışdı.

"Aİ-92" markalı benzinin qiyməti isə dəyişməyib - əvvəlki kimi, 1 litri 90 qəpikdir.

2017-ci ilin əvvəlində Premium Euro-95 markalı benzin 95 qəpiyə, Super Euro-98 markalı benzin isə 1 manat 10 qəpiyə satılırdı. Beləliklə, həmin vaxtdan bəri Premium Euro-95 benzini 55 qəpik, Super Euro-98 benzini isə 50 qəpik bahalaşıb.

Benzinin qeyd edilən növlərinin yaxın zamanlarda bahalaşacağından xəbər verən əlamətlər avqustun əvvəlindən qeydə alınmağa başlanıb. Nazirlər Kabinetinin və Tarif Şurasının qərarı ilə bəzi tarif və rüsumlar da artırılıb.

30 iyul tarixində Tarif Şurasının qərarıyla Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda metro və avtobuslarda gediş haqqı azı 50 faiz qaldırılıb.

31- iyulda dərc edilmiş Nazirlər Kabinetinin qərarına əsasən "Fiziki şəxslər tərəfindən minik avtomobillərinin özgəninkiləşdirilməsi haqqında müqavilələrin dövlət qeydiyyatına alınmasına görə rüsumunun məbləği bir neçə dəfə qaldırılıb.

Qərara əsasən, avtomobil hər dəfə özgəninkiləşdiriləndə, yəni başqasının adına keçəndə bu rüsum avtomobilin mühərrikinin həcmindən asılı olaraq 30-1500 manat arasında dəyişəcək.

Bundan başqa ölkəyə fərdi şəxslər tərəfindən gətirilən mobil cihazların qeydiyyata alınmasına görə dövlət rüsumu əvvəl bütün növ mobil cihazlar üçün 5 manat olsa da indi cihazın bazar qiymətindən asılı olaraq 150 manata kimi artırılıb.

Nazirlər Kabineti maşınla xaricə səyahət edərkən yanacaq bakından əlavə ayrı qablarda aparılan hər litr benzinə və dizel yanacağına görə 0.6 ABŞ dolları (təqribən bir manat) rüsum tətbiq edib.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ