SON DƏQİQƏ

Şəki tütünçüləri aksiya keçirəcək: 'Kredit üzünə həsrət qalmışıq'-Media icmalı

Tarix:24-07-2018, 12:31

İyulun 24-də «Novoye Vremya» «Sıravi dövlət şirkəti» başlıqlı yazıda «Azəraqrartikinti» ASC-nin səmərəsiz fəaliyyətindən yazır.

Qəzet hesab edir ki, bu ilin iyununda Göyçay çayı üzərindəki körpünün çökməsində bu şirkətin də rolu var və o, dövlətə vurduğu ziyana görə 495 min manat cərimələnib, şirkətin Göyçay bölməsinin direktoru isə həbs edilib.

Məqalədə «yarıtmaz» fəaliyyətinə baxmayaraq, dövlətin bu şirkətin əməkdaşlarını təltif etdiyi yada salınır və yaranmış durumda dövlətin də payı olduğu bildirilir. Daha sonra qeyd edilir ki, hazırda bu şirkətin aktivləri 22.7 milyon manatdır, bir il ərzində aktivlər 74.1% artıb, gəliri 75.3 milyon manat təşkil edir.

Qəzet gəlir məsələsində qaranlıq nöqtələr olmasına da işarə edir, tam olmayan reyestr göstəricilərinə görə, 2017-ci ildə gəlirlərin 10.5 milyon manatının dövlət sifarişləri hesabına əldə edildiyini bildirir: «Qəribə də olsa, kənd təsərrüfatına aidiyyəti olmayan sahə burada dövlət sifarişləri üzrə birinci yerdə durur. Onlar Məcburi Köçkünlərin Sosial İnkişafı Fondunun sifarişini yerinə yetirərək Tərtərdə 1170 məcburi köçkün üçün 3 bina tikiblər».

Qəzet daha bir qaranlıq məqamın şirkətin nazirliyin Baytarlıq Xidmətiylə münasibətlərində gizləndiyini deyir: «Şirkət daha çox tenderi Dövlət Baytarlıq Xidmətində udub. Bu tenderlərə görə, şirkət Xidmətin Quba, Ucar və Göyçay regional bölmələrini təmir və mebellə təmin etməli idi».

Bundan başqa, 2017-ci ildə şirkətin 1.3 milyon manat xalis gəlir əldə etdiyi halda, dövlətə bundan divident ödəmədiyi vurğulanır. Amma dövlət bu şirkətin «yarıtmaz» fəaliyyətinin nəticəsi kimi çökmüş körpünün bərpasına 3.5 milyon manat ayırmalı olub.

Qəzet hesab edir ki, bu qurum dövlət sifarişlərini mənimsəməkdə davam edir, təkcə 2018-ci ildə 2 binanın tikintisinə 6.7 milyon manatlıq müqavilə imzalayıb.

Tütün
Tütün

 

Fermerlərdən etiraz aksiyası hazırlığı

Bizimyol.info yazır: «Şəki tütünçüləri aksiya keçirəcək: «Kredit üzünə həsrət qalmışıq»».

Məqalədə Şəkidə tütünçülüklə məşğul olan işadamı Rafiq Məmmədovun bir qrup sahibkarın adından redaksiyaya etdiyi müraciət ictimailəşdirilir: «Əgər avqustun 15-dək korrupsiya və özbaşınalıq aradan qaldırılmasa, o zaman biz fermerlər Şəki-Qax magistral yolunun İnçə-Aşağı Göynük hissəsinə tonlarla yaşıl tütün yarpaqlarını gətirib səpələyərək etiraz edəcəyik. O zaman qoy bizlərə çatası əkinə, gübrəyə, tütünə görə dövlətin ayırdığı subsidiyaları mənimsəyən məmurlar bir az utansınlar».

İşadamı iddia edir ki, bəzi subsidiyalar sahibkarlara verilmir: «...yanacaq və motor yağına görə 40 manat subsidiyanı, güzəştlə veriləsi gübrə subsidiyasını bizə vermirlər, bazarda satırlar. Ona görə də əldə etdiyimiz gəlir çəkilən xərcləri ödəmir».

R.Məmmədov deyir ki, dövlətin ayırdığı bu «5 qəpiklik» subsidiyaları fermerlərə vermək üçün çoxsaylı sənədlər tələb olunur, dekabrda alınası pulu sənədləşməyə görə ləngidib martda verirlər: «Bu da işi ləngidir. Bu problemi isə «Aqrokredit» və yerli emal müəssisələri qəsdən yaradırlar, nəticədə biz də fəhlənin pulunu vaxtında ödəyə bilmirik».

İşadamının iddiasına görə, tütünün hər hektarının maya dəyərinin 1750 manata, pambığın isə 2500 manata başa gəlməsi haqda nazirliyə verilən rəylər də əsassızdır:«Əslində isə tütünün reallıqda hər hektar üzrə maya dəyəri 2500 manatdır. Bunu qəsdən edirlər ki, satınalma dəyəri aşağı olsun».

Amma problem bununla bitmir: «İndi də Şəki tütün emalı müəssisələri biz fermerlərə şərt qoyur ki, tütün yarpağının 4-cü və 5-ci qırımından sonrakı məhsulları qəbul edəcəklər».

R.Məmmədov emal müəssisələrinin bu addımını «özbaşınalıq» adlandırır və bu halda sahibkarların nəinki gəlir əldə etməyəcəklərini, banklara borclu qalacaqlarını bildirir.

İ.Əliyev və E.Makron
İ.Əliyev və E.Makron

 

Avropa Birliyi ilə münasibətlərə təsir edəcək səfər

«Azərbaycan» qəzeti «Yüksək etimadın bariz nümunəsi» adlı məqalədə dövlət başçısı İlham Əliyevin Fransa səfəri fonunda nəticələri dəyərləndirir.

Qəzet yazır ki, bu səfərdə Fransa prezidenti, eləcə də böyük şirkətlərin rəhbərləri ilə keçirilən görüşlər əlaqələrin yeni müstəviyə keçməsinə səbəb oldu.

Məqalədə vurğulanır ki, prezident seçildiyi 2003-cü ildən bu yana İ.Əliyev Fransaya 13 səfər edib və bu iki dövlət arasında münasibətlərin daha da inkişaf etdirilməsində Birinci vitse-prezident Mehriban Əliyevanın müstəsna rolu var: «Azərbaycan-Fransa münasibətləri dostluq, qarşılıqlı maraq, hörmət əsasında qurulub və bir çox sahələri əhatə edir. Azərbaycanla Fransanın 15 şəhəri arasında əməkdaşlıq və dostluq sazişlərinin bağlanması iki ölkə arasında dostluq əlaqələrinin daha da inkişaf etməsinə şərait yaradır».

Qəzet hesab edir ki, Azərbaycan prezidentinin səfərinə göstərilmiş diqqət Azərbaycan dövlətinə yüksək etimadın bariz nümunəsidir, «çünki Azərbaycan dünyada, o cümlədən Fransada etibarlı tərəfdaş kimi tanınır».

Səfər zamanı imzalanan yeni sənədlər isə Fransanın Azərbaycanla ikitərəfli əlaqələrin daha da genişlənməsinə böyük önəm verməsi kimi dəyərləndirilir.

Məqalədə qeyd olunur ki, Avropa İttifaqının aparıcı ölkəsi kimi Fransa ilə Azərbaycan arasında mövcud münasibətlər Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından mühümdür.

«Azərbaycan» yazır ki, səfər çərçivəsində 11 şirkətlə görüş olub, 2.3 milyard dollarlıq anlaşma imzalanıb: «Bu səfər Fransa-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcək və ikitərəfli əlaqələrin inkişafında yeni imkanlar açacaq».

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ