SON DƏQİQƏ

'Son bir ildə onkoloji xəstəlik üç dəfə artıb'-Media icmalı

Tarix:7-01-2019, 11:51

Neftçala Sənaye Məhəlləsi, müəllimlərin səviyyəsi, onkoloji xəstələrin sayının artması və başqa məsələlər medianın aparıcı mövzularındandır...

Bir imtahanın doğurduğu suallar

Moderator.az saytında ««İstedadlı şagird üçün istedadlı müəllim» müsabiqəsindən ortaya çıxan suallar...» sərlövhəli yazı oxumaq olar.

Sayt Təhsil Nazirliyinin bu yaxınlarda keçirdiyi «İstedadlı şagird üçün istedadlı müəllim» imtahanlarının nəticələrinə dair ekspert Etibar Əliyevin düşüncələrinə yer verib.

E.Əliyev yazıb ki, müəllimlərin cəlb edildiyi imtahanın nəticələri ilə bağlı müzakirələr bir neçə səbəbdən anlaşılmaz mərhələyə keçib: «Birincisi, keçirilmiş sınağın mahiyyəti haqda cəmiyyətə normal izah verilmədi, səthi yanaşıldı. İkincisi, müzakirə üçün bütün hallarda ağrılı nöqtələr var. Müzakirələrə isə ya tənqidi qəbul etməyən, ya da pedaqoji işin mahiyyəti barədə dumanlı təsəvvürü olan adamlar qoşulur».

Sözügedən imtahanda müəllimlər çox zəif nəticələr göstərmişdi və bu hal ciddi tənqidin hədəfi olmuşdu. Nazirlik isə bildirmişdi ki, bu imtahanda əsas məqsəd şagirdlərin beynəlxalq fənn olimpiadalarında nailiyyətlərinin yüksəldilməsinə töhfə verəcək müəllimlərin müəyyən olunması olub. «Dünyanın hər bir yerində beynəlxalq olimpiadalara hazırlıq proqramı əsasında tədris prosesini həyata keçirə bilən müəllimlər barmaqla sayıla biləcək qədər azlıq təşkil edir», - deyə rəsmi açıqlamada vurğulanırdı.

Ekspert isə hesab edir ki, nəticələr o qədər də qənaətbəxş sayılmaz, çünki müsabiqəyə ən iddiaçı müəllimlər qatılıb.

E.Əliyev qeyd edib ki, imtahan və onun nəticələri kifayət qədər suallar yaradıb: «Bu müəllimlərin çoxu dünənəcən şagird olub, məgər onların bir qismi belə olimpiada hərəkatından keçməyib? Dünya miqyasında olmasa da, yerli uğurlara sahib olmayıblar, şəhər, rayon turlarını keçməyiblər? Universitetdə oxuyanda fənni daha yaxşı öyrənməyiblər?.. Pedaqoji nəzarət olunmayıb bu işlərə? Niyə məktəb yarışları barədə metodik ədəbiyyat və vəsaitlər yoxdur? Niyə olimpiada kontentinə keçid olan, çətinliyi artırılmış məsələ və suallar üzrə vəsait yoxdur? Niyə olimpiada vəsaitləri çox azdır?».

Ekspert vurğulayır ki, Türkiyədə istedadlı uşaqlarla işləyən «BilSem» mərkəzləri kimi şəbəkələr fəaliyyət göstərir, Azərbaycanda isə belə bir şəbəkə yoxdur.

F.Mustafa
F.Mustafa

 

Deputat inhisarçılıqdan danışır

«Yeni Müsavat» qəzetində «Fazil Mustafa: Bunun bir adı var-vəhşilik» sərlövhəli yazı yer alır.

Müəllif günün bir sıra məsələləri ilə bağlı deputat Fazil Mustafa ilə söhbətləşib.

F.Mustafa ilkin olaraq vurğulayıb ki, mövcud parlamentdə deputatlar potensialının çox az hissəsini ortaya qoya bilir: «Bu, ilk növbədə Konstitusiyanın parlament funksiyasını məhdudlaşdıran normalarından irəli gələn bir durumdur. Siyasi alternativlik imkanlarının xeyli məhdud olması, faktiki olaraq müxalifətə fraksiya yaratmaq imkanının verilməməsi, qanunvericilik təşəbbüsü hüququnun dolayı yolla deputatların əlindən alınması bu fəallığın hüdudlarını xeyli daraldır».

Deputat turizm sahəsində vəziyyətə də toxunaraq bu sahədə problemlər kimi qiymətlərin bahalığı və xidmətin aşağı səviyyədə olmasını dilə gətirib: «Digər tərəfdən, bu sferada mövcud olan inhisarçılıq elementləri də öz mənfi təsirini göstərir. Türkiyə və İranla vizasız gediş-gəliş probleminin çözülməməsi də turizmin inkişafına müəyyən çətinliklər əlavə edir. Bu səbəbdən turistlərin əhəmiyyətli hissəsi qonşu ölkələri tərcih edirlər».

Deputat vurğulayır ki, Bakı Böyük Şəhər Bələdiyyəsinin və Bakı merinin seçilməsi təklifini dəfələrlə Milli Məclisdə səsləndirib. Lakin bu təklif çoxluq tərəfindən dəstək görməyib.

Deputat Bakıda yaşıllıqların qırılmasını isə «vəhşilik» adlandırıb: «Yaşıllıqların məhvinə, qida təhlükəsizliyinə biganə qalmağın nəticəsidir ki, son bir ildə onkoloji xəstəliklərin sayı böyük sürətlə, yəni üç dəfə artıb!».

«Xəzər» avtomobil zavodu
«Xəzər» avtomobil zavodu

Modern sənayeləşmə

«Azərbaycan» qəzetində dərc edilən «Bataqlıqlar üzərində tikilən modern sənaye kompleksi» sərlövhəli yazıda Neftçala Sənaye Məhəlləsindən bəhs olunur.

Müəllif yazıb ki, ölkədə aparılan islahatlar, dövlət proqramları, infrastruktur layihələrinin icrası, biznes, investisiya mühitinin yaxşılaşdırılması, özəl sektora dövlət dəstəyi və makroiqtisadi sabitlik güclü sənayenin formalaşdırılmasından ötrü əlverişli şərait yaradıb: «Prezident İlham Əliyevin son illərdə həyata keçirdiyi sənayeləşmə siyasəti nəticəsində yüzlərlə müasir müəssisə açılıb, yerli məhsulların istehsalı əhəmiyyətli dərəcədə artıb, ixracın həcmi çoxalıb».

Yazıda vurğulanıb ki, prezidentin 2014-cü ildə «Sənaye məhəllələrinin yaradılması və fəaliyyətinin təşkili haqqında» Fərmanına uyğun layihələr 2017-ci ildən reallığa dönüb, sənaye sektorunda yeni mərhələnin başlanğıcı olan ilk sənaye məhəlləsi- Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başlayıb: «Sənaye məhəlləsində aqrar sektor üçün mühüm əhəmiyyət kəsb edən pivot (dairəvi) suvarma sistemləri, təkrar emaldan hazırlanan taralar, polietilen suvarma boruları, kağız stəkanlar istehsalı, modul tipli məktəb binalarının quraşdırılması, balıq, toyuq,... mal-qara yemi, plastik məmulatlar, balıq emalı və konservləşdirilməsi ilə məşğul olan 9 müəssisə, 1 kiçik sahibkarlıq emalatxanası fəaliyyət göstərir. Sənaye məhəlləsinin iştirakçıları istehsal sahələrinin yaradılmasına 45.3 milyon manat investisiya yatırıblar, məhəllədə 500-ə yaxın iş yeri açılıb».

Yazının sonunda isə oxuyuruq: «Bir sözlə, İlham Əliyevin vaxtilə verdiyi qərarlar artıq həyatda öz əksini tapır və ölkəmizdə modern sənayeləşmə istiqamətində aparılan siyasət uğurlu nəticələr verir».

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ