www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Akif Əli ictimaiyyətlə əlaqəsini kəsib

Akif Əli ictimaiyyətlə əlaqəsini kəsib

Bölmə: Fakt
Akif Əli ictimaiyyətlə əlaqəsini kəsib
Ekspert: “Əgər qurumla bağlı çox vacib, fövqəladə hadisə baş veribsə, bu zaman istirahət anlayışı olmamalıdır”

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əlinin vəfat edən dünya şöhrətli azərbaycanlı alim Lütfi Zadə barəsində açıqlaması hər kəsi təəccübləndirdi. Qısa bir zamanda Akif Əlinin verdiyi açıqlama sosial şəbəkələrdə yayıldı və hər kəs həqarət dolu fikirlərinə görə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbərini sərt şəkildə qınadı. Əksəriyyət bu fikirlərinə görə, Akif Əlinin cəzalandıralacağını gözləyirdi. Elə həqarət dolu fikirlər sosial şəbəkələrdə və mediada yayıldıqdan az sonra baş nazirin müavini Abid Şərifovun mətbuata verdiyi açıqlamadan da belə aydın oldu ki, Akif Əli hətta vəzifəsindən azad edilə bilər.

Doğrudur, Lütfi Zadəyə əvvəlcə “fındıqbaş” deyən, daha sonra isə növbəti açıqlamasında jurnalistə “nə deməliydim balqabaqbaş?” sualını verən Akif Əli az keçmədi ki, sosial şəbəkədə status yazaraq, üzr istədi. Ancaq Abid Şərifov “Bizim yol” qəzetinə açıqlamasında bu üzrün heç bir faydasının olmadığını bildirdi:

“Üzr istəmək günahdan azad olmaq demək deyil. Akif Əli ilə mən özüm də danışacam. Onun cəzalanması və ya işdən çıxarılması səlahiyyəti isə baş nazirə aiddir. Bu barədə danışdıqdan sonra qərar veriləcək. Belə açıqlama cəzasız qalmaz. Mən özüm bu danışıqdan heyrətə gəlmişəm. Lütfi Zadə ilə nəinki məmurlar, jurnalistlər, bütün Azərbaycan xalqı fəxr edir”, deyə A. Şərifov bildirib.

Akif Əliyə hansı cəzanın verilməsi ilə bağlı da məlumat əldə etməyə cəhd etdik. Lakin buna müvəffəq ola bilmədik. Çünki Akif Əli artıq sosial şəbəkədəki səhifəsini bağlayıb, telefonu isə sönülüdür.

Onu da qeyd edək ki, A. Əli sonuncu açıqlamasında bu cür fikirlər söyləməsini belə əsaslandırmışdı ki, jurnalist ona məsələ ilə bağlı iş vaxtı zəng vurmayıb. Sözlərinə görə jurnalist ona zəng edən zaman hələ iş saatı başlamayıbmış:

“O sual mənə aid deyildi. Nə deməliydim, balqabaqbaş? Kimsə kimisə qəbul edir, bu, onun şəxsi işidir. İş başlamamış mənə zəng vurub, sual veriblər. Onun alimliyinin mənə dəxli var? Oğurluq etməmişəm, pul oğurlamamışam, cinayət törətməmişəm, dövləti satmamışam. Bu, mənim şəxsi fikrimdir”, deyə A. Əli bildirmişdi.

Bəs mətbuat xidmətinin rəhbəri jurnalistlərin suallarına yalnız iş saatları çərçivəsində cavab verməlidir? Bu mövzuda Akif Əli nə qədər haqlıdır?

Image result for Ələsgər Məmmədli

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan media hüququ üzrə ekspert Ələsgər Məmmədli mətbuat xidmətlərinin funksiyasından danışıb:
“İlk növbədə mətbuat xidmətlərinin funksiyası odur ki, onlar mətbuatla kütləvi şəkildə, koordinasiyalı formada işləməlidirlər. Bu o deməkdir ki, bəzən iş saatında da asılı olmayaraq həmin qurumla bağlı aktual məlumat varsa, mətbuat xidmətinin rəhbərləri saatı nəzərə almadan toplumu məlumatlandırmalıdırlar. Eyni zamanda cəmiyyətdə yeni və faydalı informasiyaların yayılması ilə bağlı ilk olaraq özləri maraqlı olmalıdırlar. İstisna hallarda mümkündür ki, bazar günü və ya digər istirahət zamanı cavab verə bilməsinlər. Çünki mətbuat xidmətinin əməkdaşları münasibətləri koordinasiya edərək mətbuata çıxarır. Ona görə də bazar günü olarsa məlumatları dərhal vermək imkanı olmaya bilər. Lakin dediyim kimi əgər qurumla bağlı çox vacib, fövqəladə hadisə baş veribsə, bu zaman istirahət anlayışı olmamalıdır”.

Ekspert konkret olaraq Akif Əli məsələsinə də toxunub:

“Akif Əlinin bu kimi formada bəraəti yoxdur. Çünki birincisi başqalarını təhqir etmək heç bir halda etik deyil. Əgər iş saatı deyildisə, jurnalistə bildirərdi ki, saat 9-dan sonra dəqiqləşdirib, sizə məlumat verəcəm. Yəni bu kəliməni demək daha asandır, nəyinki, kiməsə adlar qoşmaq. Ona görə də düşünmürəm ki, bu, bəraət edici bir yanaşmadır. Hər halda etik davranmalı idi. Çünki mətbuat xidmətinin rəhbəri bəzi şeylərdən məlumatsız ola bilər. Ancaq bu halda verəcəyi tək cavab belə olmalıdır ki, hazırda məsələni dəqiqləşdirirəm və daha sonra əlaqə saxlayır. Yoxsa, filankəs məni maraqlandırmır və digər cümlələri işlətmək xoş deyil. Həm də bu, fövqəladə bir durumdur ona görə də yuxarıda qeyd etdiyimiz kimi standart rejimdən kənara çıxıb, cəmiyyəti məlumatlandırmaq lazımdır. Ortada konkret məqam var və buna aydınlıq gətirilməlidir. Heç jurnalisti belə gözləmədən onun özü əlində olan informasiyaları mətbuata ötürməli idi. Cəzaya gəlincə ilk olaraq onu qeyd edim ki, dövlət qurumlarında birinci növbədə dövlət qulluğuçusunun etik davranışı var. Bu, eyni zamanda əmək münasibətlərinə də təsir edir. Yəni onun itirilməsinə əsaslardan biri ola bilər. Bu çərçivədən baxmaq lazımdır. İkincisi də çox böyük bir qurumun mətbuat xidmətinin rəhbəridir və normal ölkələrdə bu kimi sözlər üzr istəməklə bərabər həm də istefa ilə nəticələnir. Töhmət və digər məsələlər burada keçmir”.