www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Tələbə qızlar yalnız təyyarə ilə səyahət edə bilərlər

Tələbə qızlar yalnız təyyarə ilə səyahət edə bilərlər

Bölmə: Fakt
Tələbə qızlar yalnız təyyarə ilə səyahət edə bilərlər
«Biz belə tələblər irəli sürdüklərinə görə yox, onları yerinə yetirmək imkanının olmaması üzündən əziyyət çəkirik»

Türkmənistanın təhsil müəssisələri öz tələbələrindən, ilk növbədə qızlardan ölkə daxilində səyahət zamanı nəqliyyat vasitəsi kimi yalnız təyyarələrdən yararlanmağı tələb edir.

Türkmənistan hökuməti qış tətilinin başlamasına bir ay qalmış öz yeni tələblərini bütün ali təhsil müəssisələrinin tələbələrinə bildirib.

«Özəlliklə qızlara aiddir»

«Dekan bizimlə iclas keçirdi və bildirdi ki, indən belə evə, valideynlərimizin və qohumlarımızın yanına yalnız təyyarə ilə getməliyik. Bu, özəlliklə qızlara aiddir. Onlara taksi və başqa yerüstü nəqliyyatdan istifadə etmək yasaqlanır. Tətil bitəndən sonra başqa bölgələrə səfər etdiyimizi təsdiqləyən təyyarə biletlərini dekanlığa təqdim etməliyik», - Maysa adlı türkmən tələbə belə deyir.

Əlavə məlumat verilməyib

Ölkənin ali təhsil ocaqları və KİV-ləri yeni tələblərlə bağlı heç bir əlavə məlumat, yaxud açıqlama verməyib.

Tələbələrin sözlərinə görə, məmurlar ali məktəb tələbələrinə izah ediblər ki, bu, yüksək dövlət səviyyəsində verilən qərardır. Məmurlar onu da bildiriblər ki, qərar «nalayiq davranışın» önünü kəsmək məqsədi daşıyır.

«Ali təhsil ocağı rəhbərlərinin əsas cavabı budur: "Biz [tələbələri] nalayiq durumlardan qorumaq istəyirik. Yollarda müxtəlif... hadisələr olur, bizsə valideynlərə cavab verməliyik... Nalayiq hadisələr baş verməsin deyə, dövlət səviyyəsində bu tələblər irəli sürülüb. Tələb belədir, onu icra etmək lazımdır», - Aşqabatlı şərhçi, paytaxtın ali təhsil müəssisələrində oxuyan tələbələrlə söhbətləşmiş Amanmurad Bugayev-in sözləridir.

«Nalayiq vəziyyətlər» deyərkən, nəyin nəzərdə tutulduğu açıqlanmır

Aşqabatlı iki tələbə qızın - Mara və Lebap-ın sözlərinə görə, ali təhsil müəssisələrindəki qadın təşkilatlarının rəhbərləri qızlarla görüş keçirərək bildiriblər ki, bu məhdudiyyətlər tələbə qızların ölkə içində taksi və dəmiryolunda səyahət zamanı üzləşə biləcəkləri nalayiq vəziyyətlərin qarşısını almaq üçündür.

«Nalayiq vəziyyətlər» deyərkən, məhz nələrin nəzərdə tutulduğu açıqlanmır. Təhsil ocaqları bu tələblərə tabe olmayanların kənarlaşdırılacağına dair xəbərdarlıq da edib.

Bu yeni tələb ölkənin başqa şəhər və vilayətlərində yaşayan ailələrini ziyarət etməyi planlaşdıran tələbə qızlara əlavə çətinlik törədir.

Tələbələr qeyd edirlər ki, ali təhsil müəssisələri rəhbərliklərinin həmin tələbinin yerinə yetirilməsi imkanları son dərəcə məhduddur. Axı ölkədə mövcud hava reyslərinin sayı sərnişinlərin tələblərinə cavab vermir.

«Təyyarə ilə uçmaq dağılmış yollarla 500-600 kilometr yol getməkdən daha xoşdur bizə, axı hər iki halda eyni yolpulu - 70 manat ödəyirsən. Di gəl, vilayət və şəhərlər arasında yetərincə hava reysi yoxdur. Üstəlik, nə vaxt kassaya yaxınlaşsan, «bilet yoxdur» cavabını eşidirsən. Bilet almaq istəyən, rüşvət vermədir. Biz belə tələblər irəli sürdüklərinə görə yox, onları yerinə yetirmək imkanının olmaması üzündən əziyyət çəkirik», - Maysa belə deyir.

Türkmənistanda, Daşoğuz və Balkan vilayətləri arasında, Balkan vilayəti və Marı şəhəri arasında, Lebap və Daşoğuz vilayətləri arasnda həftədə yalnız bir uçuş gerçəkləşdirilir. Təyyarə biletləri uçuşdan, ən tezi, 15 gün öncə satılır.

Bu vaxtadək Türkmənistan ali təhsil müəssisələrinin qız tələbələrinə çox sayda məhdudiyyətlər qoyulub. Tələbə qızlar maşın sürə, yaxud istirahət günləri ayrıca «icazə» olmadan yataqxananı tərk edə bilməzlər.