www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » “Eldar Mahmudov işdən çıxarılan kimi sənədləri məhv etdim” - İdarə rəisi


“Eldar Mahmudov işdən çıxarılan kimi sənədləri məhv etdim” - İdarə rəisi

Bölmə: Fakt
“Eldar Mahmudov işdən çıxarılan kimi sənədləri məhv etdim” - İdarə rəisi
Ləğv edilmiş Milli Təhülkəsizlik Nazirliyinin vəzifəli şəxslərinin cinayət əməllərinin ifşası davam edir.

Moderator.az-ın cinayət işinin materiallarından əldə etdiyi məlumata görə, təqsirləndirilənlərdən biri, Füzuli Əliyev ifadə verərək bildirib ki, sabiq nazir Eldar Mahmudov vəzifədən çıxarılan gün icazəli olsa da, axşam saatlarında bu xəbəri eşidib nazirliyə qayıdıb: “17 oktyabr 2015-ci il tarixdə saat 11.00 radələrində iş yerimə gələrək xidməti otağında oldum, lakin sonradan bir neçə gün səhhətimlə bağlı problemlərlə əlaqədar Baş idarənin rəisindən icazə alaraq evə getdim. Axşam vaxtı televiziyadan Milli təhlükəsizlik nazirinin işdən azad olması barədə xəbəri eşitdikdən sonra, IV Baş idarənin rəis müavini və həmin Baş idarənin 1-ci idarəsinin rəisi vəzifəsini icra etdiyimə görə iş yerimdə olmağımı zəruri hesab etdim. Səhhətimdə problemlər olmasına baxmayaraq saat 21.00 radələrində iş yerinə gəldim və təxminən 1 saatdan sonra evə qayıtdım”.

F.Əliyev xidməti işi ilə əlaqədar həm məxfi, həm də tam məxfi sənədlərlə işləməyə buraxılışı olub, həmin növ sənədlər ona aid olduqda xidməti otağında olan seyfdə saxlayıb: “Onların taleyi nazirlikdə qüvvədə olan kargüzarlığın aparılmasına dair əmr və təlimatla tənzimlənirdi. Mən də məxfi sənədlərlə işləyərkən həmin əmr və təlimatların tələblərini rəhbər tutmuşam. Bununla yanaşı xidməti otağımda məxfi olmayan çoxsaylı sənədlər var. 18 oktyabr 2015-ci ildə saat 10.30 radələrində MTN-nin inzibati binasının 4-cü mərtəbəsində yerləşən xidməti iş otağıma gəldim. Otaqda səliqə-səhman yaratmaq üçün məxfi olmayan və lazımsız olan sənədləri kağız doğrayan maşına salaraq məhv etdim”.

Füzuli Əliyev digər təqsirləndirilənlər Zaur Məmmədov və Natiq Alıyevlə yaxın dost olduğunu deyib: “Onlar uzun müddət mənim tabeliyimdə işləyiblər. İstifadəmdə xidməti "Hyundai Elantra", nikel-gümüş rəngli "Makarov" tipli xidməti silah olub”.

F.Əliyev MTN-nin inzibati binasının yaxınlığında yerləşən "Sultan" kafesinə çörək yeməyə getdiyini bildirsə də, həmin kafenin zalını və kabinetini başqa məqsədlər üçün istifadə etmədiyini bildirib. İttihama görə, cinayətlərin bir çoxu, insanlara hədə-qorxu gəlmək və bu yolla tələb olunan pulların qəbul edilməsi həmin kafedə reallaşıb.