www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » “Mətanət A” şirkətində Rza Zərrab izi

“Mətanət A” şirkətində Rza Zərrab izi

Bölmə: Fakt
“Mətanət A” şirkətində Rza Zərrab izi
Türkiyədə son günlərdə baş verən və böyük qalmaqala səbəb olan rüşvət və korrupsiya ilə bağlı həbslər və bu xüsusda yaranmış gərginlik hələ də davam edir. Məlum olduğu kimi adı rüşvət qalmaqalında hallandırılan şəxslər iranlı iş adamı Rza Zərrabdan ümumilikdə 139 milyon türk lirəsi rüşvət alaraq, ona 87,5 milyard avro məbləğində çirkli pulun yuyulmasına şərait yaradıblar. Bu müstəvidə də həyata keçirilən əməliyyat nəticəsində həbs olunan və rüşvət qalmaqalında ittiham olunan iqtisadiyyat naziri Zəfər Çağlayanın oğlu Salih Kaan Çağlayan, daxili işlər naziri Müəmmər Gülərin oğlu Barış Gülər, şəhərsalma və ətraf mühit naziri Ərdoğan Bayraqdarın oğlu Oğuz Bayraqdar və Xalq bankının rəhbəri Süleyman Aslan istintaqa cəlb ediliblər. Rza Zərraba gəldikdə isə onun barəsində hələlik geniş məlumatlar yoxdur. Ancaq ehtimal olunur ki, o, əslən Cənubi Azərbaycandandır və atası Bakıda iri bizneslə məşğul olur. Maraqlıdır ki, mətbuatda yayımlanan məlumatlarda Rza Zərrabın “yumağa” çıxardığı çirkli pulların mənşəyinə dair də ətraflı məlumat verilmir. Digər tərəfdən isə bu pulların Rza Zərrabın atasının Azərbaycanda məşğul olduğu bizneslə əlaqəli olması da nəzərdən keçirilir. Bəzi mənbələr isə Türkiyədə yuyulan pulların və Rza Zərrabın özünün bəzi Azərbaycan şirkətləri ilə ehtimal oluna biləcəyindən daha sıx əlaqəli olduğunu iddia edirlər. Bu xüsusda qeyri-qanuni nəğd vəsaitlər dövriyyəsində ittiham olunan şirkətlərdən biri kimi “EVRO İNŞAAT” şirkətinin adı çəkilir. Məlum olduğu kimi bu şirkətin rəhbəri Bahadur Bəşirov həm də Azərbaycanın digər bir sənaye nəhəngi olan “Mətanət A” şirkətinin marketing üzrə vitse-prezidentidir. “Mətanət A” ticarət markası adı altında istehsal olunan məhsullar isə bu gün Rusiya, Qazaxıstan, Gürcüstan, Türkmənistan, İran, Ukrayna və digər xarici ölkələrə ixrac edilir. Qeyd etmək lazımdır ki, “Mətanət A” şirkətinin rəhbərliyi tərəfindən yol verilən maxinasiyalar barədə məlumatlar artıq bir neçə müddətdir ki, ölkə mətbuatında dərc olunan məlumatlarda əks olunur. Kütləvi informasiya vasitələrində şirkətə qarşı irəli sürülən ağır ittihamların, o cümlədən küllü miqdarda vəsaitlərin vergidən yayındırılması, əmək hüquqlarının pozulması, offşor şirkətlər vasitəsilə “çirkli pulların yuyulması” kimi iddialar isə şirkətinin sahibi Elxan Bəşirov və onun qardaşı Fuad Bəşirov tərəfindən hər dəfə cavabsız qoyulurlar. Mətbuat səhifələrində isə şirkətin həmçinin vergilərlə bağlı maxinasiyalarına dair çeşidli məlumatlar dərc olunmaqdadır. Həmin məlumatlara görə “Mətanət A” şirkətlər qrupuna aid olan “VIL CONSTRACTION” MMC, “XRAM” MMC, “AĞDAĞ” MMC, “ZƏRİNQALA” MMC, “UZUNÖMÜRLÜLƏR” MMC və “EFFEKT” MMC kimi müəssisələr davamlı olaraq vergidən yayınırlar. Məlumatlı mənbələr ehtimal edirlər ki, Türkiyədə baş verən son hadisələrin fonunda aparılan araşdırmalar “Mətanət A” şirkətinin fəaliyyətinin də bəzi qaranlıq məqamlarına işıq salacaq. Bu ehtimallar isə ilk növbədə Bəşirov qardaşlarının Rza Zərrabla artıq çoxdan müşahidə olunan yaxın münasibətlərinə əsaslanır.