www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Xaçmazda sosial yardımlar mənimsənilir

Xaçmazda sosial yardımlar mənimsənilir

Bölmə: Fakt
Xaçmazda sosial yardımlar mənimsənilir
Ülkər Teyyubova aztəminatlı vətəndaşların problemlərinə biganə qalır

Ölkənin müxtəlif şəhər və rayonlarında yerləşən Əhalinin Sosial Müdafiə Mərkəzlərinin fəaliyyətlərinin araşdırılması və obyektiv qiymətləndirilməsi məsələsi aktual mövzulardan biri kimi hər zaman mətbuatın diqqət mərkəzində qalmaqdadır. Təəssüflər olsun ki, bu gün əksər rayonlarda fəaliyyət göstərən ƏSMM-lərdə baş alıb gedən özbaşnalıqlar, bu mərkəzlərin rəhbərləri tərəfindən vətəndaşların hüquqlarının kobudcasına və kütləvi şəkildə pozulması halları hələ də dövlət islahatlarının tam gücü ilə həyata keçirilməsini əngəlləyən faktorlar kimi çıxış edirlər. Redaksiyamıza daxil olan məlumatlarda ƏSMM-lərin bəzi rayonlardakı yarıtmaz fəaliyyətindən, yol verilən ciddi qanun pozuntularınadan konkret faktlar təqdim olunur. Xüsusən də bu mərkəzlərə rəhbərlik edən şəxslərin özbaşnalığı, aztəminatlı vətəndaşların problemlərinə biganəliyi yerlərdə əhalinin kəskin etrazlarına səbəb olur. Redaksiyamıza təqdim olunan məlumatlara əsasən belə qənaətə gəlmək olur ki, Xaçmaz rayonu Əhalinin Sosial Müdafiə Mərkəzi özünün xüsusilə yarıtmaz fəaliyyəti, mərkəzin direktoru Ülkər Teyyubova isə işində yol verdiyi ciddi qanun pozuntuları və aztəminatlı vətəndaşların problemlərinə biganəliyi ilə analoji qurumlar arasında daha çox seçilən idarələr sırasındadır. Plastik kartların tətbiq olunduğu vaxtdan yaranmış “klassik” bir mənimsəmə üsulunun, kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması təcrübəsinin bu gün də Ülkər Teyyubova tərəfindən geniş tətbiq edildiyi faktı öz təsdiqini Xaçmaz sakinləri tərəfindən redaksiyamıza ünvanlanmış şikayət məktublarında tapır. Belə şikayətlərdən birində vətəndaş yazır: “Ünvanlı dövlət sosial yardımı haqqında qanunun 3-cü maddəsinə əsasən, sosial yardım hüququna orta aylıq gəliri onlardan asılı olmayan səbəblərdən (ailə üzvlərinin əmək qabiliyyətsiz olması ailənin əmək qabiliyyətli üzvünün müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydə alınması vəfat etməsi, məhkəmə tərəfindən itkin düşmüş və yaxud, ölmüş hesab edilməsi, ailə üzvünün olduğu yerin məlum olmaması və s.) bir ailə üzvü üçün ehtiyac meyarının məcmusundan aşağı olan aztəminatlı ailələr malikdir.Lakin bizim Xaçmaz rayonunda yoxsul ailələrin vaxtında ünvanlı sosial yardım almasına Ülkər Teyyubovanın rəhbərliyi ilə rayon ƏSMM-də yol verilən kağız süründürməçiliyi, bürokratik əngəllər, məmurların rüşvətxorluğu mane olur. Dövlətin sosial siyasətini həyata keçirməklə vəzifələndirilmiş bu xanımın öz səlahiyyətlərindən sui-istifadə etməsi əlil və ehtiyacı olanları pis vəziyyətə qoyur. Ülkər Teyyubovanın rəhbərlik etdiyi idarədə korrupsiya hallarından bəhs edən tənqidi məqalələr ölkə mətbuatında dəfələrlə dərc olunmuşdur. Həmin yazılarda Mərkəz rəhbərinin ünvanlı sosial yardım təyin etdiyi vətəndaşlarla korrupsiya sövdələşməsinə girərək, dövlətin verdiyi yardımı onlarla yarı bölünməsindənbəhs olunur. Yardıma həqiqi ehtiyacı olan yoxsulların çoxunun isə tələb olunan kağızları toplamağa belə gücü çatmır. Yardımdan yararlananların əksəriyyəti əslində buna ehtiyacı olmayanlar olur. Mərkəzin özünün, həm də ünvanlı sosial yardım sektorunun fəaliyyətində şəffaflıq təmin olunmur, yardımları təyin edən komissiyaların işində ictimaiyyətin iştirakına yol verilmir...”

Qeyd etmək istərdik ki, ölkə mətbuatının səhifələrində dərc olunmuş, Xaçmaz rayon ƏSMM-nin yarıtmaz fəaliyyətinə dair tənqidi materiallar həqiqətən də kifayət qədərdir. Həm də bu materialların əksəriyyətində təsdiq olunur ki, bu gün Xaçmazda . Ülkər Teyyubovanın irəli sürdüyü şərtlərlə razılaşmayıb, dövlət tərəfindən ayrılan yardımı tam həcmdə almaq hüququ uğrunda mübarizə aparanlar o dərəcədə süründürməçiliklə üzləşirlər ki, onların qarşısında elə bürokratik əngəllər yaradılır ki, bir çoxları nəhayətdə yardımdan imtina etmək barədə qərar verməli olurlar. Digər tərəfdən isə məlumatlarda bildirilir ki, Xaşmaz rayonunda daha çox ünvanlı sosial yardımlar bahalı maşınları, mülkləri, ev-eşikləri olan, sahibkarlıqla məşğul olan insanlara verilir...