www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Siyalə Rüstəmova baytarlıq sistemini çökdürüb


Siyalə Rüstəmova baytarlıq sistemini çökdürüb

Bölmə: Fakt
Siyalə Rüstəmova baytarlıq sistemini çökdürüb

DBNX-yə dövlət büdcəsindən külli miqdarda vəsaitin ayrılmasına baxmayaraq, nəticə yoxdur

Heydər Əsədov xidmət rəisini mütləq cəzalandırmalıdır

Ölkə rəhbərliyi tərəfindən kənd təsərrüfatı sektorunun inkişaf etdirilməsinə göstərilən diqqət və qayğı göz qabağındadır. Dövlət büdcəsindən hər il Kənd Təsərrüfatı Nazirliyinə (KTN) ayrılan irihəcmli vəsaitlər bunun bariz nümunəsidir. Dövlət bölgələrdə kənd təsərrüfatı sektorunun inkişaf etməsində və fermerlərin rahat şəkildə fəaliyyət göstərməsində maraqlıdır. Kənd təsərrüfatı sahəsinə ayrılan böyük diqqət baytarlıq tədbirlərinin həyata keçirilməsində də aydın şəkildə nəzərə çarpır. Belə ki, dövlət büdcəsindən hər il baytarlıq tədbirlərinin, yəni heyvanlar arasında xəstəliklərə yoluxma hallarının qarşısının alınması məqsədilə dövlət büdcəsindən KTN yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinə (DBNX) külli miqdarda vəsait ayrılır.

Xidmətin illik xərcləri isə təxminən, 20-30 milyon arasında dəyişir. Ki, bu da kifayət qədər böyük rəqəmdir. Dövlətin göstərdiyi qayğıya baxmayaraq, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi Siyalə Rüstəmova və qurumun yerli idarələrində rəhbər vəzifə tutan şəxslər işlərinə lazımi səviyyədə məsuliyyət göstərmirlər. Bu gün xidmətin yerli idarələrinin bir çoxunda qanunsuzluq baş alıb gedir, baytar həkimlər mal-qara təsərrüfatı ilə məşğul olan, habelə ət kəsimi məntəqəsi işlədən şəxslərə süni problemlər yaradırlar. Xatırladaq ki, Siyalə Rüstəmova zona müşavirələrindən birində bu sahədə mövcud olan saxtakarlıq hallarını özü də etiraf edib. O qeyd edib ki, son vaxtlar regionlardan mərkəzə bir sıra şikayətlər daxil olub: "Bu isə müəyyən boşluqların olmasına dəlalət edir. Məhz bu problemlərin həlli istiqamətində yeni komissiya yaradılacaq. Bizə məlumdur ki, yerlərdə bəzi baytar həkimlər müəyyən saxtakarlıqlara yol verir. Bütün bu faktları araşdıracağıq və lazımi nəticə çıxarılacaq". Xidmət rəisi bu halların araşdırılacağını bildirsə də, bu sahədə hələ ki, heç bir irəliləyiş əldə olunmayıb. Əksinə, bölgələrdə iribuynuzlu və xırdabuynuzlu mal-qara arasında xəstəliyə yoluxma halları xeyli artıb. Məlumatlı şəxslərin redaksiyamıza ötürdüyü informasiyaya görə, Siyalə Rüstəmova və yerlərdəki kadrlarının özbaşına hərəkətləri nəticəsində regionların fermer təsərrüfatına ciddi ölçüdə ziyan dəyib: "Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisinin açıqladığı məlumata görə, son illər xırda və iribuynuzlu heyvanlar arasında qarayara xəstəliyinin yayılmaması üçün 6 ml doza vaksin alınıb. Ümumilikdə isə Kənd Təsərrüfatı Nazirliyinin xətti ilə quduzluq, brusellyoz, vərəm və digər virusların yayılmaması istiqamətində yerlərdəki baytarlıq idarələrinin lazımi dərman preparatları ilə tam təmin edildiyi vurğulanıb. Lakin dərman preparatları, vaksinlər mal-qara sahiblərinə pulla satılır. Yerli idarə rəisləri heyvandarlıq təsərrüfatı ilə məşğul olan insanlara açıq şəkildə deyirlər ki, pulunu ver dərman preparatlarını al. Halbuki, həmin vaksin və dərmanlar dövlət büdcəsinin vəsaitləri hesabına alınıb. Bununla bağlı yerlərdən xidmət rəhbərliyinə, şəxsən Siyalə Rüstəmovaya çoxsaylı şikayətlər edilir. Amma xidmət rəhbəri vəzifəsindən sui-istifadə edən idarə rəislərini cəzalandırmır. Çünki həmin idarələrin rəhbər işçiləri yığdıqlarının bir hissəsini məhz xidmət rəisinə çatdırırlar. Buna görə də Siyalə xanım vətəndaşların şikayətini qulaqardına vurur". Qeyd edək ki, hazırda infeksiya törədicilərini yayan əsas amillərdən başlıcası idxal-ixrac olunan heyvan, quş, balıq və bitki mənşəli yeyinti məhsulları və xammaldır. Çünki ölkəmizə xaricdən gətirilən və ya respublika ərazisində istehsal olunan məhsullar əksər hallarda baytar-sanitar müayinəsindən keçmədən satışa buraxılır: "Bütün bazarlarda ət, süd, onlardan hazırlanan məhsulların, bitki mənşəli ərzaqların satışı demək olar ki, baytar-sanitariya nəzarətindən çıxıb. Daha doğrusu, Dövlət Baytarlıq Nəzarəti Xidmətinin işçiləri bu məhsulların satışını aparan şəxslərdən nəsə alıb nöqsanlara üz çevirirlər. Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Şirvan, Mingəçevir kimi şəhərlərdə, eləcə də rayonlarda baytar-sanitar qaydalarına ciddi riayət olunmur. Şəhər və rayon bazarlarında dəhşətli antisanitariya mövcuddur, sanitar-gigiyena qaydalarına riayət edilmir, zibilliklər gəmiricilərin çoxalmasına əlverişli şərait yaradır. Nəticədə insanlar arasında yoluxma və ölüm halları, eləcə də toksikoinfeksiyalar və toksikozlar baş verir. Ölkədə ət məhsullarının satışı bərbad vəziyyətdədir. İstər xarici ölkələrdən, xüsusilə Rusiyadan gətirilən, istərsə də ölkəmizdə istehsal olunan ət məhsullarının bir qismi baytar-sanitar müayinəsindən lazımi qaydada keçmədən mağazalara verilir". Bizə çatan məlumatlara görə, son vaxtlar Biləsuvar, Ucar, Cəlilabad, Ağdaş, Bərdə və Zərdabda mal-qara arasında nodulyar dermatit virus xəstəliyi sürətlə yayılmağa başlayıb: "Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssisləri sözügedən rayonlarda heç bir profilaktiki tədbirlər görmür. Heyvanlar arasında qan parazitar və digər qansoran həşəratlar vasitəsilə yayılan xəstəliklərə qarşı dezinseksiya işləri aparılmır. Belə də xəstəlik heyvandarlıq məhsullarının, o cümlədən süd və ət məhsullarının azalmasına, gön-dəri məmulatının keyfiyyətinin aşağı düşməsinə səbəb olub. Bunun birbaşa səbəbkarı isə heç şübhəsiz ki, Siyalə Rüstəmovadır. Çünki o bu sahəyə istənilən səviyyədə nəzarət edə bilmir". Mətbuat nümayəndəsi olaraq bizim borcumuz DBNX-də mövcud olan neqativ halları işıqlandırmaqdır. Bundan sonrası isə nazir Heydər Əsədovun səlahiyyətinə aid olan işdir. Əgər o baytarlıq tədbirlərinin daha kompleks şəkildə həyata keçirilməsini və büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsini istəyirsə, onda Siyalə Rüstəmovanı tutduğu vəzifədən uzaqlaşdırmalıdır. Yalnız bundan sonra Dövlət Baytarlıq Nəzarəti Xidmətində müsbət dəyişikliklərə ümid bəsləmək olar.

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc edə bilərik.