www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Nazirin korrupsiya etirafının gizlinləri


Nazirin korrupsiya etirafının gizlinləri

Bölmə: Fakt
Nazirin korrupsiya etirafının gizlinləri
Xəbər verdiyimiz kimi, rabitə və yüksək informasiya texnologiyalar naziri Əli Abbasov son açıqlamalarının birində “Aztelekom” və Bakı Telefon Rabitə İstehsalat Birliyinin (BTRİB) fəaliyyətini tənqid edib.

Stasionar telefon operatorlarının fəaliyyətini tənqid edən nazir mənzillərə telefon və internet xətlərinin çəkilişi zamanı bir sıra qanunsuzluqlara yol verlidiyini deyib. Nazir bildirib ki, vətəndaşlardan daxil olan şikayətlər əsasən rüşvətxorluq halları ilə bağlıdır. O hər bir kiçik hadisənin Baş Prokurorluğun Korrupsiya Idarəsi tərəfindən tənzimləndiyini bildirib.

Əli Abbasovun fikrincə, “Aztelekom” və BTRIB-nin fəaliyyətində digər çatışmazlıq geniş zolaqlı internetin çəkilişi prosesində özəl şirkətlərin fəaliyyətinin az olmasıdır. Bunun səbəbi isə sözügedən qurumların şirkətlər arasında ayrı-seçkilik etməsidir. “Hansı şirkətlərsə ”Aztelekom" və BTRİB -nin rəhbərliyi tərəfindən dəstəklənir. Hansısa maraqlara görə, bu şirkətlərə daha çox imkan yaradılır. O birisilərə isə yaradılmır. Bilmirəm. Mən sizə axırıncı dəfə deyirəm: bu, korrupsiya elementidir. Burada özgətirəlik olmamalıdır", - deyə Ə.Abbasov vurğulayıb.

Bəs, Ə.Abbasov hansı şirkətləri nəzərdə tutur və bu şirkətlər barədə hansı tədbirlər görülməlidir?

Bu sahənin eksperti Osman Gündüz azadliq.info-ya deyib ki, Ə.Abbasovun söylədiyi ittihamlar kifayət qədər ciddidir. O.Gündüz vurğulayıb ki, həqiqətən də Azərbaycanda telekomunikasiya sektorunda geniş səlahiyyətlərə malik qurumlar özlərinin infrastrukturlarından daha güzəştli şərtlərlə istifadə edən şirkətləri himayə edirlər: “Daha geniş səlahiyyətə malik olan qurumlar sırasında Bakı Telefon İstehsalat Birliyinin şirkətlərə qarşı ədalətsizlik etdiyi vurğulanır. Bəzilərinə yüngül, digərlərinə isə ağır şərtlər tətbiq edirlər. Nazirin açıqlaması o deməkdir ki, bazarda azad, sərbəst rəqabət yoxdur. Düşünürəm ki, bununla bağlı yaradılan komissiya yoxlamalardan sonra müəyyən nəticələr ortaya qoyacaq və bu nəticələrə əsaslanaraq addımlar atılacaq”.

Nazirin söylədiyi məqamlarla bağlı onlara da vaxtaşırı məlumatların daxil olduğunu deyən O.Gündüz bildirib ki, konkret hansı şirkətlərə güzəştin edildiyini söyləmək çətindir. “Əgər nazir bəzi şeyləri etiraf edibsə, deməli, bu istiqamətdə müəyyən bir problem var. Məsələn, mən çox eşitmişəm ki, Bakı Telefon İstehsalat Birliyinə yaxın olan qurumlar var. Və bu qurumlara ”yaşıl işıq" yandırılır. Bu şirkətlər başqalarına nisbətən daha üstün şərtlərlə bazara daxil olurlar".