www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Elsevər Ağayevin vəhabilərlə nə bağlılığı?

Elsevər Ağayevin vəhabilərlə nə bağlılığı?

Bölmə: Fakt
Elsevər Ağayevin vəhabilərlə nə bağlılığı?
DOGRU.TV - Sabiq səhiyyə naziri, hazırda məhkumluq həyatı yaşayan Əli İnsanovun sağ əli kimi tanınan Elsevər Ağayev Səhiyyə Nazirliyinin (SN) əsas fiqurlarından biridir. Himayədarı vəzifədən kənarlaşdırılsa da, nazir müavini vəzifəsini qorumağı bacardı. Artıq neçə illərdir ki, Səhiyyə Nazirliyində müavin postunu tutan şəxs zaman-zaman nazir Oqtay Şirəliyevlə kəllə-kəlləyə gəlib. Hətta bir ara söhbət yayılmışdı ki, müavini Oqtay Şirəliyevin vəzifəsinə göz dikib və hər fürsətdə onu devirmək cəhdlərində bulunur. Lakin sonradan nazir müavini bu xəbərləri təkzib edərək SN-ə rəhbərliyi kimi bir iddiasının olmadığını bildirdi.

Qeyd edək ki, nazirliyə Oqtay Şirəliyev rəhbərlik etsə də, faktiki olaraq bütün işləri Elsevər Ağayev yerinə yetirir. Bu şəxsin həyata keçirdiyi işlərdən xəbərsiz olanlar üçün vurğulayaq ki, ölkənin dərman bazarı demək olar ki, bütünlüklə SN-in ikinci şəxsinin əlində cəmləşib. Xaricdən ölkəyə dərman idxal edən böyük şirkətlərin bir neçəsi ona məxsusdur. Yaxud da məmur həmin şirkətlərin bəzilərinə «krışa»lıq edərək dərman bazarına girmələrinə şərait yaradır. Əlbəttə, bunun qarşılığında özünü nazirliyin rəhbəri kimi aparan vəzifə sahibi faizini alır. Paytaxtda, eləcə də ölkə ərazisində fəaliyyət göstərən aptek məntəqələrinin bir çoxu nazir müavininin nəzarətindədir. Böyük aptek şəbəkəsinə sahib olan nazirliyin məsul şəxsi dərman biznesindən fantastik gəlir götürür. O, dərman bazarında elə mühit yaradıb ki, heç kim ondan xəbərsiz, daha doğrusu, onun icazəsi olmadan aptek aça bilməz. Əgər kimsə nazirliyin rəhbər şəxsinin icazəsi olmadan aptek açmaq fikrinə düşürsə, dərhal bunun qarşısı alınır və həmin adam ən ağır formada cəzasını çəkir. Xatırladaq ki, Əli İnsanovun dövründə də Elsevər Ağayev qeyri-qanuni işlərlə və biznes fəaliyyəti ilə məşğul olurdu. Əli İnsanovun işdən çıxarılması, eyni zamanda həbs edilməsi onun müavininin də vəziyyətinin qəliz olacağı barədə xəbərlərin çıxmasına səbəb olsa da, barəsində heç bir ölçü götürülmədi. Deyilənə görə isə, sabiq nazirin imza atdığı qanun pozuntularının çoxunda müavininin də əli olubmuş. Hökumət içindəki dayaqlarının sayəsində vəzifəsini qoruyan müavin bu gün səhiyyə sektorunda mövcud olan acınacaqlı durumun əsas səbəbkarlarından biri kimi tanınır. Bəzi məqamlarda Oqtay Şirəliyevlə hesablaşmayan məmur ondan xəbərsiz işlər görür. Nazir isə Elsevər Ağayevin yanında buraxdığı nöqsanları nəzərə alaraq ona artıq bir söz deyə bilmir. Çünki belə olacağı təqdirdə, müavininin onun bütün sirlərini açacağından ehtiyat edir.

Dünən etibarlı mənbələr nazir müavini ilə bağlı bizə şok məlumatlar veriblər. Açığı biz SN-in rəhbər şəxsi ilə bağlı deyilən fikirləri eşidəndə dəhşətə gəldik və mənbəmizə belə bir halın ola bilməsinin mümkünsüzlüyünü söylədik. Nə yazıq ki, mənbə fikrində israr etdi və Elsevər Ağayevin radikal vəhabilərlə əlaqələrinin olduğunu bildirdi. Mənbəmiz iddia edir ki, nazir müavini dolayı yollarla vəhabi təriqətinə mənsub olan şəxslərə dəstək verir: «Məmurun nəzarəti altında olan apteklərin əksəriyyətində vəhabilər işləyir. Onların yetərli hissəsi diqqət yayındırmamaq üçün saqqal saxlamırlar və şalvarlarının balağını qısaltmırlar. Çünki əlaqədar dövlət orqanları belə obyektlərdə çalışan şəxsləri ciddi nəzarətdə saxlayırlar. Vətəndaşların sıx müraciət etdiyi apteklərdə çalışan vəhabilər bəzilərini yoldan çıxararaq öz yanlarına çəkir. Nazir müavini vəhabiləri işlə təmin etməklə sanki onlara dayaq olduğunu göstərməyə çalışır». Qeyd edək ki, bu haqda əlimizdə dəqiq faktlar olmadığı üçün nazir müavinini vəhabilərlə işbirliyində suçlaya bilmərik. Əgər belə bir hal varsa, aidiyyəti qurumların rəsmiləri buyurub Elsevər Ağayevin rəhbərlik etdiyi apteklərdə yoxlama aparsınlar. Yalnız yoxlamaların nəticəsindən sonra məmurun radikal dini qruplarla hansısa bağlılığının olub-olmadığını söyləmək olar. İstənilən halda, dövlət məmurunun adının xoşagəlməz işlərdə çəkilməsi normal qəbul oluna bilməz. Fikrimizcə, yuxarı instansiyaların nümayəndələri Əli İnsanovun sağ əlinin işinə nəzarəti gücləndirib onun atdığı hər addımı dəqiqliklə izləməlidir.


Gündəlik Bakı