www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » İmişli mədəniyyətinin baytar başqanı

İmişli mədəniyyətinin baytar başqanı

Bölmə: Fakt
İmişli mədəniyyətinin baytar başqanı
Süleyman Bəşirov attestasiya üçün işçilərdən rüşvət tələb edir

Bölgələrdə fəaliyyət göstərən bəzi rayon Mədəniyyət və Turizm şöbələrinin işlərində müşahidə olunan ciddi nöqsanlardan dəfələrlə söz açmışıq. Belə ki, bu qurumlara rəhbərlik edən şəxslərdən bəziləri öz fəaliyyətləri ilə büdcə vəsaitlərinin məqsədyönlü xərclənməməsi, mənimsəmələrə yol verilməsi kimi ciddi ittihamlara əsas verirlər. Bu xüsusda redaksiyamıza yeni daxil olan məlumatlarda İmişli rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri Süleyman Bəşirovun da öz işində yol verdiyi ciddi nöqsanlara dair faktlar öz əksini tapmışdır.Məlumat üçün bildirək ki, hazırda İmişli rayon Mədəniyyət və Turizm şöbəsi xətti ilə rayonda 1 mədəniyyət sarayı, 7 mədəniyyət evi, 1 şəhər və 26 kənd klubu, mərkəzləşdirilmiş kitabxana sistemi, 63 kənd kitabxana filialları, rayon Tarix-diyarşünaslıq muzeyi, Heydər Əliyev muzeyi, Dövlət rəsm qalereyası, Uşaq musiqi məktəbi, Uşaq incəsənət məktəbi, Heydər Əliyev adına mədəniyyət və istirahət parkı rayon əhalisinə mədəni xidmət göstərir. Həmçinin rayon mədəniyyət sarayı da bir müddət əvvəl müasir üslubda əsaslı təmir edilərək rayon əhalisinin istifadəsinə verilmişdir.Məlumatlarda göstərilir ki, rayonda fəaliyyət göstərən bütün bu mədəniyyət ocaqları və turizm müəssisələri istisnasız olaraq hər ay mədəniyyət və turizm şöbəsinin müdirinə müəyyən olunmuş məbləğdə haqq ödəməlidirlər. Əks halda isə S.Bəşirov tərəfindən ödənişdən boyun qaçıran müəssisənin rəhbəri üçün ciddi problemlər yaradıla bilər. Təbii ki, yaranmış vəziyyət həmin müəssisə rəhbərlərini də adekvat addımlar atmağa sövq edir. Buna görə də hazırda bu müəssisələrin ştat cədvəlinə salınmış “ölü canlar”ın sayı real işçilərin sayından daha çoxdur. Digər tərəfdən də bəzi mənbələr rayonda fəaliyyət göstərən bəzi müəssisələrin ümumiyyətlə yalnız sənəd üzərində mövcud olduğunu iddia edirlər. Daxil olan məlumatlarda həmçinin qeyd olunur ki, bölgədə turizmin və mədəniyyətin inkişafı məqsədilə Mədəniyyət və Turizm Nazirliyi tərəfinən ayrılmış büdcə vəsaitləri də təyinatı üzrə istifadə olunmur. Bu vəsaitlərin böyük bir hissəsi qeyri-qanuni maxinasiyalar, şişirdilmiş smetalar, müxtəlif silinmələr yolu ilə Süleyman Bəşirov tərəfindən mənimsənilir.Yeri gəlmişkən, ölkə mətbuatında dərc olunan məlumatlarda S.Bəşirovun bu yaxınlarda əl atdığı növbəti bir saxtakarlıq barədə açıqlamalar da öz əksini tapmışdır. Bu dəfə söhbət Mədəniyyət və Turizm şöbəsində keçirilən attaestasiyadan gedir. İmişlidən daxil olan məlumata görə, bu attestasiyada Mədəniyyət və Turizm Nazirliyinin heç bir nümayəndəsi iştirak etmir. Mənbələr isə iddia edirlər ki, idarənin rəisi Süleyman Bəşirov attestasiya üçün işçilərdən rüşvət tələb edir və bunu icra başçısı Vilyam Hacıyevin istəyi ilə etdiyini deyir. Məlumata görə, işçilər bu qanunsuz attestasiyadan çox narazıdırlar və Prezident Administrasiyasına şikayət ediblər. İşçilər rüşvət tələb olunan attestasiyada Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələrinin də iştirakını tələb edirlər. Bu arada belə bir mühüm faktı da nəzərə almaq lazımdır ki, Süleyman Bəşirovun əvvəllər mühasib işlədiyi, hal-hazırda isə rəhbərlik etdiyi idarədə əslində ümumiyyətlə müdir kimi çalışmaq hüququ yoxdur. Belə ki, İmişli rayon Mədəniyyət və Turizm şöbəsinin müdiri ixtisas baxımından tamamilə başqa bir sahə üzrə mütəxəssisdir. Bu ixtisasa isə Süleyman Bəşirov Gəncə Kənd Təsərrüfatı Akademiyasında təhsil alaraq yiyələnib. İxtisası ilə tutduğu vəzifə arasındakı uyğunsuzluqları aradan qaldırmaq üçün isə S.Bəşirov hal-hazırda Gəncə Dövlət Universitetində ikinci ali təhsil alır. Hərçənd, əldə etdiyimiz məlumatlara görə həmin universitetdə Süleyman müəllimin indiyədək üzünü görən hələ olmayıb...