www.DOGRU.tv - Onlayn Televiziya » Fakt » Azərbaycanda turizmə xərclənən milyardlar batır


Azərbaycanda turizmə xərclənən milyardlar batır

Bölmə: Fakt
Azərbaycanda turizmə xərclənən milyardlar batır
Bu sektorun inkişafına milyardlar xərclənsə də, azərbaycanlılar dincəlmək üçün xaricə üz tutur; ötən il azərbaycanlı turistlər əcnəbi ölkələrdə 3 milyard dollar xərcləyiblər
Azərbaycanlıların son beş ildə xaricdə turizm xərcləri təxminən 8 dəfə artıb. Rəsmi statistikaya görə, ötən il Azərbaycanın xaricdəki rezidentlərinə 2,9 milyard dollarlıq turizm xidməti göstərilib, bu da 2012-ci ilin göstəricisindən 16,6 faiz çoxdur və beş il əvvəlki göstəricini 8 dəfə üstələyir. Bu vəsaitin 62,3 faizi yaxud 1,81 milyard dolları vətəndaşların özəl xarici səfərləri zamanı xərclənib.


2013-ci ildə xarici turistlər Azərbaycanda 2,4 milyard dollar xərcləyib. Bu vəsaitin yalnız 36,6 faizi Azərbaycana işgüzar səfər zamanı çəkilən xərclər təşkil edib. Nəticədə turizm xidmətlərinin mənfi saldosu yarım milyard dollara çatıb.

Bununla belə, rəsmi statistika mötəbər hesab edilə bilməz. Statistikadan belə çıxır ki, azərbaycanlı turist orta hesabla xaricdə 600 manat və ya 750 dollar xərcləyib. Bu isə real görünmür. Yeni azərbaycanlıların xaricdə dincəlmək üçün xərclədiyi vəsaitin məbləği 4-5 rəqəmli ədədlərlə ölçülür. Bu kiçik bir əhali qrupunu əhatə etsə də, kifayət qədər böyük məbləğ yaranır. Məsələn, azərbaycanlı məmur və oliqarxların ən çox dincəldiyi yerlərdən bir Dubaydır. Oradakı bahalı otellərin 1 gecəlik qiyməti 5 min dollardan başlayır. 7 gün dincəlmək üçün yeni azərbaycanlılar yalnız otelə ən azı 35 min dollar ödəyirlər. Buraya əyləncə və başqa xidmət xərclərini də əlavə etsək, 1 yeni azərbaycanlının səfər xərci 50 min dollardan az olmur. 750 dolları orta statistik azərbaycanlı Gürcüstanda xərcləyə bilər.

Bu gün Azərbaycanda 2008-2016-cı illəri əhatə edən turizmin inkişafı proqramı reallaşdırılır. Dövlət Azərbaycanın reklamına, turizm infrastrukturunun inkişafına milyardlarla dollar xərcləyir. Təkcə Qusarda Şahdağ Qış Turizm Kompleksinin inşasına dövlət büdcəsinin hesabına 1,2 milyard dollardan çox pul xərclənib. Ancaq yenə də vətəndaşlar xaricdə dincəlməyə üstünlük verir. Azərbaycandan əsas turist axını Türkiyəyədir. Sonrakı yerləri Rusiya, Gürcüstan, Ukrayna (Krım yarımadası), Birləşmiş Ərəb Əmirliyi (Dubay) tutur.

Azərbaycanlıların bir çoxu xaricə istirahətə ölkədə turizm xidmətlərinin qiyməti baha olduğuna görə gedir. Ölkə daxilində 1 nəfər üçün normal 7 günlük istirahətin qiyməti minimum 1000 manat təşkil edir. Türkiyədə eyni məbləğə Antalyada 7 gün Avropalı səviyyəli serviz təklif edilir, sistemə hər şey (uçuş, mehmanxanaya transfer, yemək) daxildir. Azərbaycanda isə bu məbləğə yalnız oteldə gecələmək və səhər yeməyi daxildir.
Digər uzaqlaşdıran səbəb servis səviyyəsinin aşağı olmasıdır. Bu Bakıdan kənarda daha çox hiss edilir. Turizm ekspertlərinin fikrincə, Azərbaycanda turizmin inkişafı üçün həvəsləndirici siyasət tətbiq edilməlidir. Buraya ilk növbədə turizm mərkəzləri və regionlarda istirahət zonaları üçün 5 il müddətinə əlavə dəyər vergisinin ləğvi daxil edilməlidir.

Regionlarda turizm xidmətləri mövsümü xarakter daşıdığına görə turizm şirkətləri, mehmanxana və istirahət bazalarının daimi əməkdaşlar üçün gəlir vergisinin azaldılması məqsədəuyğun hesab edilir. Ekspertlər həmçinin turizm məqsədi üçün istifadə edilən avadanlıqların gömrük vergi və rüsumlarından azad edilməsi təklif edirlər. Ancaq ən əsası, turizm sahəsinin işçiləri müxtəlif dövlət strukturları tərəfindən yersiz yoxlamalar və pul qoparmalarından canlarını qurtarmağı arzulayır. Bu yoxlamalar isə saysız-hesabsızdır - vergi xidmətindən tutmuş Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin işçilərinə qədər çox saylı dövlət qurumları turizm obyektlərinin işinə müdaxilə edirlər. Nəticədə yoxlayıcı qurumlara verilən qeyri-rəsmi ödənişlər xidmətin maya dəyərinə daxil edilir və tariflər artır. Sadə dillə desək, rüşvət dolayısı ilə turistlərin cibi hesabına ödənilir.

Bu da Azərbaycanda turizm biznesinin cazibədarlığını azaldır.



Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin sözlərinə görə, 2006-cı ildə ölkəmizə 1 milyon 194 min nəfər əcnəbi vətəndaş gəlmişdisə, 2013-cü ildə bu göstərici 2 milyon 300 mindən çox olub. Yəni orta hesabla son 8 ildə ölkəyə turist axını cəmi 2 dəfə artıb. Təbii ki, turizm layihələrinə xərclənən fantastik məbləğlərin müqabilində bu çox pis göstəricidir. Son 8 ildə Azərbaycandan xarici ölkələrə səfər edənlərin sayı 1 milyon 835 mindən 3 milyon 950 min nəfərə çatıb. Bu baxımdan yanaşsaq ölkədə turizmin inkişafı barədə gurultulu bəyanatların sadəcə sabun köpüyündən başqa bir şey olmadığı üzə çıxır. Müqayisə üçün deyək ki, son 8 ildə Gürcüstanda əcnəbi turistlərin sayı 20 dəfəyə yaxın artıb. Yeri gəlmişkən, Gürcüstana gələn turistlərin 20 faizini azərbaycanlılar təşkil edir.
Turizm dünya iqtisadiyyatının ən gəlirli və dinamik sektorlarından biridir. Bir çox ölkələrdə turizm xarici valyutanın daxil olması üçün əsas mənbədir. Turist səfərlərinin 2/3 hissəsi səyahət və istirahətin payına düşür. İnkişaf etmiş ölkələrdə turların 70 faizindən çoxu ölkə daxilində səyahətlərin payına düşür. Türkiyədə dövlət büdcəsi turizmdən ildə 20 milyard dollar qazanır, Azərbaycanda isə qəpik-quruş. Azərbaycanda isə xaricə yollanmaq daxilə yollanmaqdan ucuz başa gəlir. Belə çıxır ki, turizm layihələrinə xərclənən milyardlar batıb.