www.DOGRU.tv - Onlayn Televiziya » Dünya » Vanqanın falı rusları dünya ağalığına həvəsləndirib

Vanqanın falı rusları dünya ağalığına həvəsləndirib

Bölmə: Dünya
Vanqanın falı rusları dünya ağalığına həvəsləndirib
Bolqar falçı Vanqa: "Hər şey buz kimi əriyəcək, toxunulmaz yalnız bir şey qalacaq - Vladimirə alqış, Rusiyaya alqış”

Dünya Rusiya ilə Ukrayna arasında müharibə ərəfəsində rus mətbuatı bolqar falçı Vanqanın 1979-cu ildə dediklərini yenidən gündəmə gətirməyə başlayıb.
Bu barədə məqalə dərc edən “Komsomolskaya Pravda” qəzeti onun hələ 35 il qabaq bu sözləri dediyini önə çıxarıb: “İndi Rusiya İttifaq adlandırılır, amma köhnə Rusiya qayıdacaq və müqəddəs Serginin vaxtında olduğu kimi adlanacaq. Hamı onun ruhi yüksəkliyini qəbul edəcək”,- deyə qəzet XIV əsrdə yaşamış rus rahibi Sergi Radonejskidən bəhs edib.

Daha sonra məqalədə bildirilir ki, Vanqanın bioqrafı, bolqar professor Veliçko Dobriyanovun dediyinə görə, falçı qadın ABŞ-ın 44-ci prezidentinin qara dərili olacağını deyirmiş. Qəzetin fikrincə, bu, 2009-cu ildə baş verib və amerikalılar Barak Obamanı prezident seçiblər. Professorun dediyinə görə, falçı qadın iddia edirmiş ki, bəs, qara dərili prezident Amerikanın son prezidenti olacaq. “Ya Amerika donacaq, ya iri iqtisadi böhranda məhv olacaq, ya da şimal və cənub ştatlarına parçalanacaq”,- deyə məqalədə iddia edilir.

Məqalədə Ukrayna hadisələrinə də toxunulub. On beş il falçı qadının evində qulluqçuluq etmiş Vitka Petrovskinin dediyinə görə, 1996-cı ildə Vanqa onda dediklərini yazmağı xahiş edib və bunu yalnız 2010-cu ildən sonra açmağı tapşırıb. Vanqa həmin ili dönüş ili sayırmış. “Birləşmiş yer parçalanacaq. Bu, Rusiyanın yanında olacaq”, - deyə falçı qadın yazdırıb. Qəzet Rusiyanın yanındakı həmin yerin Ukrayna olduğunu iddia edir.

Qəzetin iddiasına görə, Vanqa Vladimir Putini də mükafatsız qoymayıb və falçının sovet yazıçısı Valentin Sidorov tərəfindən 1979-cu ildə yazdığı sözlərini dərc edib: "Hər şey buz kimi əriyəcək, toxunulmaz yalnız bir şey qalacaq - Vladimirə alqış, Rusiyaya alqış. Həddindən çox qurban verilib. Heç kim Rusiyanı dayandıra bilməz. Hər şeyi öz yolundan siləcək, təkcə özünü qorumaqla qalmaycaq, dünyanın ağasına çevriləcək".

Dindən başı çıxmayan, populist auditoriyaya ünvanlanmış məqalə təbii ki, Rusiyanın Krımı ilhaq etməsinə haqq qazandırmaq məqsədi daşıyır. Bütün səmavi dinlər Vanqa kimi falçıların heç vaxt gələcəyi görə bilməyəcəyini vurğulayır. Amma lap Vanqa düz desə belə, həmin falı tərsinə də yozmaq olar. Məsələn, rus rahibi Sergi Radonejskinin yaşadığı XIV əsrdə Moskva Rusunun kənar sərhədləri elə Vladimirə qədər uzanıb. Ola bilər ki, falçı ərazilərini Vladimirə kimi itirmiş Rusiyanın kiçik və mömün bir pravoslav ölkəsinə çevriləcəyini vurğulayır. Nə bilmək olar?..