www.DOGRU.tv - Onlayn Televiziya » Dünya » Səslər yenidən sayıldı, qalib dəyişdi (VİDEO)


Səslər yenidən sayıldı, qalib dəyişdi (VİDEO)

Bölmə: Dünya
Səslər yenidən sayıldı, qalib dəyişdi (VİDEO)
Türkiyənin Yalova bölgəsində CHP namizədi 7 səs fərqi ilə səsvermənin qalibi olub

Region Türkiyədə martın 30-u keçirilmiş bələdiyyə seçkilərinin səs sayımı hələ də davam edir. İndiyədək bülletenlərin 99,92 faizi sayılıb. Bəzi vilayətlərdə səs sayımı zamanı qalmaqallar da müşayiət olunub. Yalova bölgəsində Cümhuriyyət Xalq Partiyasının (CHP) şikayətindən sonra səslərin yenidən sayılması nəticəsində CHP-nin namizədi Vəfa Zamanı 7 səs fərqi ilə bu bölgədə bələdiyyə səsverməsini qazanıb.

Bundan başqa Türkiyənin iki əsas şəhəri - paytaxt Ankara və İstanbulda da səslərin təkrar sayılması tələb olunub.

Səslərin sayılması prosesi zorakılıqla da yadda qalıb. Seçkilərin nəticələrini qəbul etməyən şəxslər bir sıra şəhərlərdə etiraz aksiyası keçiriblər. Əsasən gecədən başlayan etirazlar səhərə kimi davam edib. Ankarada Mərkəzi Seçki Komissiyası önünə toplaşanları polis su şırnaqları ilə dağıtmağa çalışıb. Ən şiddətli aksiyalar Şanlıurfa vilayətində olub.

Suriya ilə sərhəd yaxınlığında yerləşən Ceylanpınar bölgəsində kürdyönümlü “Sülh və Demokratiya” partiyasının tərəfdarları seçkilərin nəticələrini tanımadıqlarını bildiriblər. Nəticədə aksiya iştirakçıları ilə polis arasında toqquşma yaşanıb. Etirazçılar molotov kokteyllərindən istifadə edərək, polisə daş və digər maddələr atıb, küçələrdə nəqliyyat vasitələrinə od vurublar. Polis aksiyaya gözyaşardıcı qaz və rezin güllələrlə qarşılıq verməli olub. Hadisələrlə bağlı yerli polis 4 nəfər etirazçını həbs edib.