SON DƏQİQƏ

Elçin Şıxlı: “Peşəkarlarla birlikdə jurnalistikanı bu bəladan çıxaracağıq” - MÜSAHİBƏ

Tarix:22-07-2020, 10:28

Bu gün Milli Mətbuatımızın yaranmasından 145 il ötür. Ötən bir əsr yarım müddətdə mediamız müxtəlif mərhələlərən keçərək hazırkı vəziyyətə gəlib çıxıb.

Azərbaycan Jurnalistlər Birliyinin sədri, "Ayna-Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı mətbuatın bugünkü vəziyyəti, mövcud problemlər və s. barədə Modern.az-a müsahibə verib.

 

- Elçin müəllim, Milli Mətbuatın yaranmasından 145 il keçir. Demək olar ki, əsr yarımlıq bir müddəti geridə qoymuşuq. Sizcə, bu gün mediamız hansı nöqtədə qərarlaşıb?


- Birincisi, gəlib koronavirus nöqtəsində dayanmışıq. Ümid edirəm ki, 5 il sonra əsr yarım tamamlananda koronavirus olmayacaq. Bundan başqa, müstəqillik qazanılandan sonra mətbuat xeyli inkişaf etdi.

Amma əvvəl gözəl qələm sahibləri vardı, publisistika çox güclü idi və sətiraltə fikirlər vardı. Burda da bizim hazırkı jurnalistikadan fərq ondan ibarət idi ki, o dövrün jurnalistləri indikilərdən daha savadlı yazırdılar. Çünki sətiraltı fikirləri çatdırmaq üçün gərək güclü mütaliən, savadın olsun, bu da o vaxtkı jurnalistlərə xas idi. İndi müsahibə verən bir neçə alınma, xarici mənşəli söz işlədəndə jurnalist onun mənasını bilmir deyə, məqaləsini səhv yazır. Təəssüf ki, ənənəvi media, xüsusilə çap mediası geriləyib.

İndi peşəkar və keyfiyyətli jurnalistikadan danışmaq olduqca çətindir. Hamı yazır, hamı informasiya ötürür, amma peşəkarlıq və keyfiyyət sarıdan böyük problemlərimiz var.

Nə isə, belə məqamlar çoxdur, amma ümumilikdə biz xeyli inkişaf etmişik və o inkişaf da fikir genişliyindən, fikir rəngarəngliyindən irəli gəlir. 

 

İndi cəmiyyətə, oxucuya peşəkarlıq lazımdırmı, yoxsa lazım olanı elə indiki jurnalistlər verə bilir? Yəni jurnalistlər cəmiyyətə adekvatdırlar bəlkə?


- Bilirsiniz, keyfiyyət və peşəkarlıq olmayan yerdə heç nə normal ola bilməz. Bax, indi peşəkarlığın və keyfiyyətin olmamasını pandemiya dövründə səhiyyə sistemimizdə problemlərin ortaya çıxmasında gördük. Son hadisələrdə, insanların küçələrə axışıb Orduya dəstək verən zamanda da demək olar ki, heç kim kamerasının çiyninə alıb işləmədi. İşləyənlər də ancaq blogerlər, sosial şəbəkəldə öz "Youtube" kanalı olanlar idi. Yəni əksəriyyət onlardan ibarət idi, mən televiziya kanallarımızda ordan birbaşa reportaj görmədim. Amma hamı telefon əlində nəsə çəkib göstərirdi.

Bəli, burda hadisə yerindən birbaşa görüntü var idi, xəbər gəlirdi, amma onun keyfiyyəti yox idi. O görüntülərə baxanlar anlamırdı ki, əslində nə baş verir, kim hara gedir, nə üçün gedir və s. Düzdür, aksiyanın orduya və dövlətə dəstək olduğunu hər kəs bilirdi, amma normal və peşəkar reportaj yox idi.

Məsələn, 2016-cı ildə 15 iyul Türkiyə hadisələrində bizim ANS telekanalımız vardı, onlar ordan birbaşa Türkiyənin milli kanalları ilə yanaşı reportajlar edirdi. ANS bağlanmasaydı, əminəm ki,  o hadisələr baş verən zaman kütlənin içərisində öz işini görəcəkdi. Problemimiz bundan ibarətdir ki, iş görən adamlar müəyyən obyektiv və subyektiv səbəblərdən bir kənara atılıb.
 

- Və nəticədə də "mirzələr ordusu" yetişib...

- Bu, sualınız elə cavabdır. Bu məsələyə bir kəlmə ilə deyə bilərərm ki, bəli, sizinlə razıyam. Çünki jurnalistikada doğurdan da mirzələr yetişir. Mirzələrin də böyük əksəriyyətinin nə savadı, nə də jurnalistikadan təsəvvürü var. Çox təəssüf..


- Elçin müəllim, bəs, bu problemdəçıxış yolunu nədə görürsünüz? Elə mirzələrin əlində qalaq?

- Yox, mirzələrin əlində qalmamalıyıq və qalmayacağıq da. Mən buna qəti əminəm. Çünki bizi xeyli arxaya atan müəyyən adamlar var idi və indi vəzifədən getdikləri üçün adlarını çəkmək istəmirəm, onların kimliyi hamıya məlumdur. Bu adamların özləri getsə də ənənələri hələ də davam edir. Biz bu ənənələri, onların cızdığı yanlış yolu düzəltməliyik və düzəldəcəyik də. Beyni normal işləyən peşəkar jurnalistlər problemi həll edəcək.

Həmin adamlara qulaq asmaq lazım deyil. O adamlar bilir ki, hansı jurnalistə zəng vurmaq olar. Və belə olanda o jurnalistlər göstərişlə burdan-ora yönəldilirlər. Mən ənənə deyəndə elə bu şeyləri nəzərdə tuturdum. Başda dayanan şəxslər vəzifədən getsə də, ənənələr qalıb. Koronavirus olmasa, bəzi problemlər daha tez həll olunardı, amma koronavirus başımızı çox qatdı.
 

- Maraqlıdır, Elçin Şıxlı son 10-15 ildə ortaya çıxan imza tanıyırmı?

- Xeyr, tanımıram. Bu müddət ərzində ulduz ola biləcək imzalar əmələ gəlmədi. Yəni ortalıqda olan nəsə iş görənlər də barmaqla sayıla biləcək qədərdir. Amma onlara da ulduz kimi parlamağa şərait olmadı. Var, yaxşı jurnalistlər var, amma çox azdır. Bu istiqamətdə çox iş görməliyik. Necə deyim, məhv olub, yandırılmış sahəni biz bərpa etməliyik. Əminəm ki, bu yöndə yaxşı işlər ortaya qoya biləcəyik.

 

- Bəlkə indiki dünyaya jurnalistika lazım deyik...

- Media quruluşundan aslı omayaraq bütün dövlətlərə lazımdır. Coğrafi mövqeyindən aslı olmayaraq bütün ölkələrə mətbuat gərəklidir. Çünki dünyanı idarə edən əsas amil informasiyadır. O informasiya kimin əlindədirsə və kim informasiya vasitələri ilə deyil, informasiya ilə işləməyi bacarırsa, o, qazanacaq, irəli gedəcək. Bu baxımdan media istənilən dövlətə lazımdır. Sadəcə olaraq, "dövlət mediadan necə istifadə edir?" problem bundan ibarətdir. Dediyim odur ki, bütün dünyada media "Dördüncü hakimiyyət” adlandırılır və bu boşuna deyilən söz deyil.

 

 - Otuz ilə yaxındır ki, Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Siz erməni və azərbaycanlı jurnalistləri müqayisə edəndə hansı qənaətə gəlirsiniz?

- Biz deyirik ki, ermənilərin lobbiçiliyi, diasporu güclüdür. Bilisiniz bunu nəyə görə deyirik? Çünki ermənilər dünyanın hər yerinə dağılıblar. Özü də onlar elədir ki, 5-6 nəfər bir yerə gələn kimi qaldıqları ərazidə erməni kilsəsi qururlar və kilsənin nəzdində erməni məktəbi yaradırlar. Bunun nəticəsində də öz əməllərini yürüdürlər və toplumu ətarflarına yığırlar. Amma biz öz torpaqlarımızdan kənara getməyi xoşlamayan millət olmuşuq. Son zamanlar qloballaşma prosesləri gedir, sərhədlər açılır. Bizim insanlar da dünyanın müxtəlif ölkələrinə təhsil almağa gedir, işləməyə gedir, nə bilim ölkədən küsüb gedənlər var. Bu son hadisələr zamanı - yəni Tovuzda baş verənləri deyirəm, fikir versəniz dünyanın hər yerində yaşayan azərbaycanlılar bir yumruq kimi birləşib Londondan Torontaya, Moskvaya kimi aksiya keçirdilər. Bu da həmin insanların iqtidar ya müxalifətyönlü olub-olmamasından aslı olmayaraq baş verdi. Biz təzə-təzə yayılırıq dünyaya. İndi fikir verin, Moskva televiziyalarında hətta it-pişik haqqında tok şou olanda da orda bir dənə zoopsixoloq eməni gəlib oturmalıdır.

Yəni bunlar orda kütləvi yaşayırlar. ABŞ-da hər prezident seçkilərində yeni namizədlər yalandan da olsa deyirlər ki, qondarma "erməni soyqırımı”nı nəzərə alacaqlar. Bunu ona görə deyirlər ki, orda xeyli sayda erməni seçici var, amma Azərbaycan əsilli seçici nə qədərdir?

Məsələn, orda 1 milyon erməni əsilli seçici varsa, Azərbaycan əsilli 100, maksimum 1000 seçici ola bilər. Söhbət bundan gedir. Bizim jurnalistlərlə onları müqayisə etsək, onlar nisbətən dünyaya daha açıqdırlar. Bir neçə gün öncə Elşad Eyvazlının təşkil etdiyi beynəlxalq onlayn konfrasda Rəşad Məcid çox yaxşı məqama toxundu. O dedi ki, bizdə Azərbaycan Dillər Universitetində Beynəlxalq jurnalistika fakültəsi açıldı və açmaqlarına da peşman oldular, o fakültə indi yoxdur.

O konfransda İrfan Sapmaz, Arye Qut çox maqraqlı təkliflər irəli sürdülər.

Bilirsiniz, əslində biz müxtəlif xarici dilər bilən jurnalistlər yetişdirməliyik. Biz axtaranda heç rus dilində doğru-dürüst danışan jurnalist tapa bilmirik. Mən hələ ərəbcə, ispanca, farsca, almanca danışan jurnalistləri demirəm. Bu məsələnin üzərində mütləq çalışmalyıq. Bundan əlavə, illər öncə Azərbaycanda bütün dünya agentliklərinin aparıcı müxbir məntəqələri var idi. Amma Vüqar Əliyev və onun başında duran Əli Həsənovun səyləri nəticəsində həmin məntəqələr itirildi. Biz indi onları "at minnəti, it sünnəti" ilə sürükləyib bura  gətirməliyik. Biz özümüzünküləri yetişdirməklə bərabər xarici müxbirlərlə işləməliyik. Çünki onlar bizim içərimizdə olsa həqiqətlərimizi də öz ölkələrində yayımlaya bilərlər. Elə durumdayıq ki, heç xaricdə olan bəzi jurnalistlərimizə də yaxın dura bilmirik. Biz bu istiqamətdə işləməliyik. Təəsüüf ki, işləyə bilənləri qaçırdıb, hər şeyi əldən verdik. 

 

- Elçin müəllim, dil bilgisi olan, savadlı gənclər olur ki, jurnalistikaya xüsusi sevgi ilə gəlirlər. Amma baxırsan ki, ikinci və ya üçüncü kursda oxuyanda bu sahəyə gəldiklərinə peşman olurlar, ya da profilərini dəyişib başqa sahədə çalışırlar. Bu sahədə qalanların yazısı isə "Biləcəridən o tərəfə" keçmir. Bu problemi necə həll etmək olar?

-Jurnalistika fakültəsində tədris prosesini, pedaqoji prosesi yaxşı bilən, jurnalistikada işləyən bir çox mütəxəssislərimiz var ki, onlar ümumi vəziyyəti daha dəqiq deyə bilər. Jurnalistikaya qəbul olmamışdan qabaq uşaqlar qabiliyyət imtahanı verirlər. Əvvəl qabiliyyət imtahanının keçirilməsini mən təklif etsəm də, indi peşman olmuşam. Çünki qabiliyyət imtahanı verən abituriyentlərə inşa yazdırırlar, inaşanın da mövzusu çox sadə və sıradan olur. Bu imtahanda ixtisasla bağlı nəsə görə bilmirəm. Jurnalistikanı istəyən gənclə əvvəlcədən söhbət aparmaq lazımdır ki, ona sual verəsən ki, jurnalistikaya nə üçün gəlirsən? Jurnalistikada oxuyan səviyyəli uşaqlar az deyil. Amma onların çoxu da siz dediyiniz kimi, ikinci və üçüncü kursda oxuyanda artıq jurnlistikadan iyrənir. Problemlər çoxdur, amma həlli mümkün olmayan problemlər deyil. Bunun üçün zaman lazımdır. Bu dəqiqə Azərbaycanda od püskürən 10 dənə ingilisdilli, almandilli, fransızdilli jurnalistimiz olmalı idi. O qədər dil bilən, istedadlı uşaqlarımız var ki...

Gürcüstanda Amerika Jurnalistika Məktəbi var və ora gedib oxuyan uşaqlar artıq Azərbaycana qayıdanda əməlli başlı ingiliscə danış bilirlər. Amma hanı o uşaqlar? Həmin uşaqların çoxu qaçıb gedib ölkədən. Çünki gəlib başları üzərində dəyənək, sifariş görəndə işləyə bilmirlər. Bununla da məsələ bitir.  


Milli Mətbuatın 145 illiyində biz mətbuatımızın banisi olan Zərdabiyə nə deyə bilərik? Ona salam verməyə haqqımız varmı?

- Mənim özümə qalsa Zərdabinin gözünə dik baxıb ona əlimi uzada bilərəm. Amma ümumi götürəndə onun yanında başıaşağı və günahkar dururuq.
 

- Necə düşünürsünüz, MDB məkanında yalnız bizdə vəziyyət belədir, yoxsa hamıda?..

- MDB məkanında mətbuatın vəziyyəti çox nadir istisnalarla bizdən fərqli deyil. Keyfiyyət baxımından Rusiya bizdən güclüdür, çünki Rusiya həm də böyükdür və bəzi ənənələri var. Hətta sovet dövründə də ruslar bizdən daha sərbəst yazırdılar, çünki onlar dominant ünsür idilər. Medianın inkişafı baxımından gürcülər bizdən xeyli irəli gedib. 90-cı illərin ortalarında, ümumiyyələ bizim mediamızın vəziyyəti, reklam məsələlərindən danışanda gürcülərin yaxşı mənada ürəyi gedirdi. Ermənilər bizə baxıb ağızlarının suyunu axıdırdı. Çünki bizim jurnalist kimi halal qazandığımız pul onlarn qazancından qat-qat üstün idi. Amma indi gürcülərin gözəl qəzetləri də var, reklam bazarları da genişdir. Ukraynada da vəziyyət babatdır, Pribaltikada isə ümumiyyətlə medianın durumu yaxşı deyil. Ukraynada media strukturlarının çoxu oliqarxların əlindədir, onlar da mətbuatı öz xeyirlərinə istifadə edirlər. Orta Asiyadan isə heç danışmayım, ora lap biabrçılıqdır. Yəni mən əgər MDB miqyasında müqayisə etsəm, bizim mediamız ilk beşlikdə, ya da elə dördlükdə qərarlaşır. Amma bu o demək deyil ki, mediamızın vəziyyəti yaxşıdır. Dövlət mətbuata qayğı göstərmək istəyir, amma Əli Həsənov və onun yanındakılar hər şeyi bərbad hala qoyub. Üç-beş qəzetə maliyyə yardımı ayırmaqla, ya br neçə jurnalistə ev verməklə məsələ bitmir.

 

Elçin müəllim, bayaq mirzə məsələsinə toxunduq... Mətbuatımızın yumurta döyüşdürməənənəsi nə vaxt qurtaracaq?

- Bilirsiniz bu məsələ nə vaxt qurtaracaq? Səsləndirilən iradlar mətbuatda hərtəfəli işıqlandırılanda. Birdən-birə problemlər aradan qalxmayacaq, amma vəziyyət düzələcək.

 

- Mətbuatımızın 145 illiyində Elçin Şıxlının jurnalistlərə deyəcəyi bir sözü, müraciəti varmı?

- İlk növbədə mən hər kəsi Milli Mətbuatımızın yaranmasının 145-ci il dönümü münasibətilə təbrik edirəm, hər kəsə yaracılıq uğurları, jurnalist vicdanı, COVID-19 bəlasından uzaq keçməyi arzulayıram. Neçə gündür televiziyalara baxıram, bizim ortalığa çıxarılası hərbi jurnalistlərimizi görmürəm. 30 ildir ki, müharibə şəraitində yaşasaq da, təəssüf ki, hərbi jurnalistlərimiz yoxdur. Bir Üzeyir Cəfərov var, onu da o kanaldan bu kanala dəvət edirlər, qalıb tək. Yəni yaxşı jurnalisti bir kənara qoyaq, bizim heç hərbi jurnalistimiz də yoxdur. Bu baxımdan arzu edirəm ki, jurnalistikanın bütün istiqamətlərində ixtisaslaşmış, peşəkar, mirzəlikdən uzaq olan jurnalistlərimiz yetişsin və biz onları yetişdirmək üçün əlimizdən gələni edək. Mən söylədiyim arzuolunmayan məqamlara rəğmən nikbinəm və düşünürəm ki, hər şeyi həll edəcəyik. Buna peşəkarlarla, Sizin saytın rəhbəri kimi jurnalistlərlə birlikdə nail olacağıq.

скачать dle 10.6фильмы бесплатно

FACEBOOK ŞƏRH

SON XƏBƏRLƏR

ÖLKƏ İÇİ